Əhli-beyt (ə) o şəsxlərə aiddir ki, Quran onların evində nazil olmuşdur və onlar şəriət hökmlərini hamıdan kamil bilirlər. Əhli-beytə daxil olan şəxslər harada olurlarsa olsunlar Peyğəmbərin (s) yaxın qohumu sayılırlar.
“Əhli-beyt” sözü lüğətdə “Ev əhli” mənasında işlənir. Lakin Peyğəmbərin (s) Əhli-beyti isə yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxlərin kimliyi haqqında Həzrəti Peyğəmbərdən (s) kifayət qədər hədis nəql olunmuşdur. Məsələn qeyd olunmuş hədislərin birində deyilir ki, Peyğəmbər (s) buyurmuşdur: ”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”).
Qurani-Kərimdə isə Əhli-beytin (ə) bütün günahlardan pak olduğu vurğulanmışdır: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (“əl-Əhzab” surəsi, ayə 33). “Yənabiul-məvəddə” əsərində Peyğəmbərdən (s) bu haqqda hədis nəql olunmuşdur: “Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar”.
Ümmul möminin Aişə Peyğəmbərdən (s) rəvayət etmişdir ki, Rəsulullah (s) üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər" (“əl-Əhzab”, 33) (“Müslim”, Fadalius- səhabə, 61/2424).