TӘVӘLLÜDÜ
Həzrət Fatimənin (s.ə.) ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi, sevinə-sevinə qızının evinə tərəf yola düşdü. Zəhranın xidmətçisi Әsma uşağı ağ bələyə büküb Həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Әziz Peyğəmbərimiz (s) körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub Həzrət Hüseyni birinci dəfə olaraq Allahın adı ilə yaxından tanış etdi. Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy». Beləliklə Həzrət Hüseyn əleyhissalamın adı Allah tərəfindən qoyuldu. Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s.ə.) oğlu üçün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s.ə.) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar”.
PEYĞӘMBӘRİN (S) HÜSEYNӘ OLAN MӘHӘBBӘTİ
Həzrət Peyğəmbərin əshabından olan Salman Farsi bu barədə belə deyib: «Peyğəmbərin, oğlu Hüseyni dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Mehdidir». Peyğəmbərin (s) Hüseynə olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir».
HÜSEYN (Ә) ATA-ANASINA KÖMӘKÇİ İDİ
Həzrət İmam Hüseyn (ə) ömrünün altı ilini babası Peyğəmbər (s) ilə keçirib. Peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin (s) məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: «Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil». Atasının xəlifə olduğu bir neçə il ərzində fədakar və yorulmaz bir əsgər kimi İslamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı. Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı İmam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsən (ə)-a həvalə etmişdi.
İMAMIN ŞƏHADƏTİ
İmam Hüseyn (ə) Hicir tarixi ilə 61-c ildə Yezid ibn Müaviyyə tərəfindən qətlə yetirildi və şəhid oldu. O, Kərbəlada dəfn olundu. Allahı rəhməti həmişə onun üzərində olsun!