TӘVӘLLÜDÜ
Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda müsəlmanların intizarı sona çatdı və Həzrət İmam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin (s) həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır. Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
İmam Rzanın (ə) bacısı Həkimə belə deyir: “Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: «Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan» Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiə müsəlmanlarını çaşqınlıq və şək-şübhədən qurtarmışdı. Bu barədə Növfəli belə demişdir: Həzrət Rzadan (ə) Xorasan səfəri əsnasında «Mənə görə bir əmriniz yoxdurmu?» - deyə soruşdum. Həzrət (ə) buyurdu: «Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan». İmam (ə) həmişə əshabına belə buyururdı: «Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun». Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o Həzrət (ə) buyurardı: «Allah-taala həzrət İsanı (ə) Әbu Cəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur».
Doqquzuncu imam Həzrəti Məhəmməd Təqi (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamın (ə) səhabələrindən biri bu barədə belə deyir: «Mədinədə o həzrətin əmisi Әli ibni Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular». Bir gün İmam Məhəmməd Təqi (ə) məscidə gəldi və qoca kişi olan Әli ibni Cəfər ayağa qalxıb İmamın əlini öpdü və elə ayaqüstə də durdu. İmam (ə) buyurdu: «Әmi, əyləş». Әli ibni Cəfər isə belə dedi: “Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm?”. Daha sonra Әli ibni Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər:” Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən?”. Әli ibni Cəfər dedi: “Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır”.
İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ
Atası vəfat edən zaman İmam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o Həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən Həzrət (ə) narahat olub buyurdu: “Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq”. Həzrəti Rzanın (ə) şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb, “Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?” – deyə soruşduqda həmin oğlan belə buyurdu: “Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi”. Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: “Adın nədir?” Cavab verdi: “Məhəmməd”. Soruşdu: “Kimin oğlusan?”. Dedi: “Әlinin oğlu”. Məmun soruşdu: “Sən həzrət Rzanın oğlu deyilsənmi?” Cavab verdi: “Bəli”. Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.
İMAMIN (Ə) ŞӘHADӘTİ
İmamın (ə) şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi İbni Şəhraşub bu barədə belə yazıbdır: “Mötəsim İmam Təqiyə (ə) qarşı bəslədiyi kin-küdurət üzündən İmamın (ə) arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli İmamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220-ci hicri ilinin Zilhəccə ayının 6-da çərşənbə axşamı günü 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası imam Museyi Kazim əleyhissalamın qəbrinin yanında torpağa tapşırıldı. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və müsəlmanların ziyarətgahıdır.