TӘVӘLLÜDÜ
Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: “İndi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək”. Həzrət Fatimə (s) besətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kəbənin binasını yenidən tikdirirdi.
HӘZRӘT FATİMӘNİN TӘRBİYӘSİ
Həzrət Fatimə (s.ə.) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin (s) elmindən faydalandı. Quranı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi. Həzrət Fatimə (s.ə.) Quran və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi. Bir gün Aişə (r) Peyğəmbərə (s) belə bir sual verdi: “Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?”. Peyğəmbər (s) onun cavabında belə buyurdu: “Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən”. Peyğəmbərimiz (s) Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: “Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir”.
Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: “Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir”.
VƏFATI
Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı.
Axırda isə Әli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Әlinin evində yanan bir şam artıq sönmüşdü. Әli (ə) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi. Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.