TӘVӘLLÜDÜ
Hadi ləqəbi ilə məşhur olan İmam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası İmam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün müsəlmanların diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki, Mütəvəkkil İmamı (ə) Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.
İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ
Həzrət Nəqi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki, bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı.
Mütəvəkkilin anası İmam Nəqi (ə) zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o həzrətin evinə göndərdi ki, İmamdan (ə) dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.
İMAMIN (Ə) YOXSULLARA ETDİYİ KÖMӘKLӘR
Bir gün rəssam Yunus qorxa-qorxa İmamın (ə) hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. İmam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Әksinə bu iş sənin xeyrinə qurtaracaq.» Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Әgər mümkündürsə onu iki böl və hər birini üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək İmamın (ə) hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.
İMAMIN ŞӘHADӘTİ
Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra İmam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.