Namaz dinin dirəyi, möminin meracıdır. Namaz həqiqətən
çox böyük ibadətdir. Əgər Həzrət Peyğəmbərin (səllallahu aleyhi və Alihi salləm),
onun Əhli-beytinin (əleyhimüssalam), təqvalı səhabələrinin (radiyallahu anhum)
həyatına nəzər yetirsək, görərik ki, həqiqətən onlar namaza çox böyük əhəmiyyət
vermişlər. Allahu-Təala da namaz qılanları təqdir etmiş, onlar haqqında ayələr
nazil etmişdir.
İslamda namaz vacibiyyatlardandır. Belə ki, Quranın
hökmünə əsasən hər bir müsəlman gündə beş dəfə mütləq namaz qılmalıdır: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz
(vacib) edilmişdir” (“ən-Nisa”, 103) . Namaz
qılmaqla yanaşı onun qayda qanunlarına da riayət etmək lazımdır. Həzrət Peyğəmbərdən
(s) nəql olunan hədislərdə o Həzrət müsəlmanlara özü kimi namaz qılmağı əmr
etmişdir. Biz də buna itaət etməliyik və namaza özümüzdən əlavələr etməməliyik.
Namaz qədər böyük
ibadətdir ki, onun fəzilətlərini saymaqla bitirmək olmaz. Həzrət Peyğəmbər (s)
bir hədisdə buyurur: “Öz namazlarınızda
(son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni
gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə
yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar “
(“Biharul-ənvar”/82/202). Bu hədis namazın əhəmiyyətini əks etdirən rəvayətlərdəndir.
Bildiyimiz ki, namazdan başqa İslamın digər dayaqları şəhadəteyn,
oruc, zəkat və həccdir. Amma namaz o qədər böyük ibadətdir ki, onları da özündə
birləşdirib. Belə ki, biz namaz “kəlmeyi
şəhadət gətiririk”- qiraətdə həm oxuyub Rəbbimizin təkliyinə şəhadət
verir, təşəhhüddə isə Həzrət Məhəmmədin (s) onun bəndəsi və elçisi olduğunu
bildiririk. Biz namazda “Oruc tuturuq”- namaz vaxtı heç nə yemir, Allah rzası
üçün pəhriz edirik. Biz namazda “Zəkat veririk”- bəli öz vaxtımızdan Allah
yolunda xərcləyirik. Biz namazda həm də “Həcc edirik”- Üzümüzü Allahın evinə, Kəbəyə
çeviririk.
Namazda bu qədər incə elementlərin olması onun böyük fəzilətindən
xəbər verir. Lakin namaza barmaqarası baxmaq olmaz. Allah elçisi (s)
buyurmuşdur: “Namazını
yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma
(Kovsər hovuzuna) gələ bilməz” (“Mən
layəhzuruhul-fəqih”, cild 1, səhifə 206).
Namaz qılmanın,
namaza riayət etmənin öz ədəbi var, məsələn çalışıb namazı vaxtı girən kimi
qılmaq lazımdır. Hətta namazı gecikdirməyin cəzası böyük əzabıdır. Quranda həmin
şəxslər üçün “Vay” kəlməsi işlədilmişdir (“əl-Maun” surəsi). Abdullah ibn Məsud rəvayət
edir ki, mən Peyğəmbərdən (s) soruşdum: “Qüdrətli
və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?”. O buyurdu: “Vaxtlı-vaxtında
qılınan namaz” (“Buxari”, 7524; “Muslim”,85).
Namazın savabını kamil şəkildə
almaq üçün, onu kamil şəkildə qılmaq lazımdır. Ona görə də namazı bacardıqca
müstəhibbiyatı ilə qılmaq lazımdır.