Əhli-beyt məzhəbinə əsasən namaz vaxtları 3 qismə
ayrılır:
1) Məxsusi vaxtlar. Bu
namaz vaxtı zöhr, əsr, məğrib və işa namazları üçün hesab olunur. Zöhr
namazının məxsusi vaxtı zöhr vaxtı daxil olduqdan 4 rəkətlik namaz qılmaq qədərindədir.
Bu zaman fasiləsində yalnız zöhr namazını qılmaq olar.
Əsr namazının məxsusi vaxtı isə məğribə 4 rəkətlik namaz
vaxtı qalanadəkdir. Bu qalan vaxtda ancaq əsr namazını qılmaq olar.
Məğrib namazının məxsusi vaxtı məğrib azanından 3 rəkətlik
namaz qılana qədərdir. Bu zaman ərzində mükəlləf şəxs ancaq məğrib namazını
qıla bilər.
İşa namazının məxsusi vaxtı isə gecə yarısına 4 rəkətlik
namazı vaxtı qalanadəkdir. Bu qalan vaxtda ancaq işa namazını qılmaq olar.
Sübh namazının bütün əda vaxtı onun məxsusi vaxtı hesab
olunur.
2) Fəzilətli
vaxtlar. 5 vacibi namazın hər birinin fəzilətli vaxtları var ki,
bu vaxtlarda həmin namazları qılmaq daha gözəldir. Sübh namazının fəzilətli
vaxt sübh azanından başlayır və gün çıxmamışdan əvvəl üfiqdə qızartı yaranana qədər
davam edir.
Zöhr namazının fəziləti vaxtı zöhr azanından başlayır, yerə
batırlımış bir çubuğun şərqə tərəf uzanan kölgəsinin özü boyda uzanmasına qədər
davam edir.
Əsr namazının fəzilətli vaxtı isə həmin çubuğun kölgəsinin
4/7 qədərindən özündən iki dəfə böyük olduğu zamana qədərdir.
Məğrib namazının fəzilətli vaxtı axşam azanından üfiqdəki
qızartı yox olanadəkdir. Bundan sonra isə İşa namazının fəzilətli vaxtı
başlayır, bu isə gecənin 1/3-ə dək davam edir.
3) Müştərək vaxtlar.
Zöhrlə
əsr və məğriblə işa namazlarının müştərək vaxtı var. Yəni günorta azanından
axşam azanınadək zöhr və əsr namazlarının, həmçinin axşam azanından gecə
yarısına qədər mərğib və işa namazlarının əda vaxtıdır, bu zaman fasiləsində
onları ardıcıl qılmaq olar, bir şərtlə ki, zöhr əsrdən, məğrib də işadan əvvəl
qılınmalıdır. Əgər müştərək vaxtın bitməsinə yalnız bir namazlıq vaxt qalıbsa əsr
(və ya işa) namazı qılınmalı, zöhr sonra qəza edilməlidir. Məğrib isə əda və ya
qəza niyyəti olmadan yerinə yetirilməlidir (Ətraflı məlumat üçün şəriət
kitablarına müraciət edin).
Namazların birləşdirilib (ardıcıl) qılınmasının caizliyi
tutarlı dəlillərlə sübut olunmuşdur ki, bu həm Quranda, həm də Peyğəmbərin (s)
səhih hədislərində öz əksini tapmışdır.
Qurani-Kərimdə namazın vaxtına işarə edən
bir neçə ayə vardır. Həmin ayələr namazların qılınma vaxtlarını təyin edərək,
onları üç yerə bölür. Burada həmin ayələrin müxtəsər təfsirini verməklə qeyd edək.
Allah-taala buyurur:
“Gün
batandan qaranlıq düşənədək namazını qıl, habelə səhər namazını və səhər
namazında hamı hazır olsun” (“əl-İsra”, 78).
Ayənin təfsiri.
Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə
(s) namaz qılmağı əmr edir. Həmin namaz- sübh, zöhr, əsr, məğrib, işa namazı
olan gündəlik vacibi namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (güneşin
zenit nöqtəsi), axşam (gecə) və səhər kimi üç vaxtda təyin edərək peyəmbərinə bəyan
edib buyurur: “La dulukiş şəms...”. Bu
zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən
vaxt zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq zöhr əsrdən
əvvəl gəlir.
“İla ğəsəqil
ləyli” ifadəsi isə “Gecə qaranlıq
düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının
qurtarmasına işarə edir.
“Ğəsəq” kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən
çıxan mənaya görəməğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin
zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab olunur. Sadəcə olaraq məğrib
namazı işa namazından əvvəl qılınır.
İmam Razi bu ayənin təfsirini belə
açıqlayır: “Ğəsəq” kəlməsi
qaranlığın düşməsi kimi təfsir edilsə də bu məğrib namazının vaxtına işarə edəcəkdir.
Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət
edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab olunur.
Məğribin başlaması, məğrib və işa
namazlarının vaxtı olub, onlar arasında müştərək vaxt hesab olunur. Bu da zöhrlə
əsr, məğriblə işa namazlarının ardıcıl qılınmasının düzgünlüyünü göstərir.
“Və
quranəl-fəcri” isə sübh namazının vaxtıdır.
Digər bir ayədə isə buyurulur:
“Günün
başlanğıcında, sonunda və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar
pislikləri aradan qaldırır. Bu öyüd alanlara bir öyüddür” (“Hud” surəsi, ayə
114).
Fəqihlər və təfsir alimləri bildirmişlər ki,
bu ayədə qeyd edilən namazda, gündəlik qılınan beş vacib namaz nəzərdə
tutulmuşdur. Ayədən göründüyü kimi burada namazın yalnız 3 vaxtı bildirilir. Yəni
“Tərəfeyin-nəhar” – “Günün
başlanğıcı və sonu” deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi- günün
başlanğıcı, sübh namazının vaxtı, naharın ikinci tərəfi- günün sonu isə zöhr və
əsr namazlarının vaxtıdır ki, bu da günəşin zenit nöqtəsinə keçməsi ilə günəş
qürub edənədək davam edir. Bu zama zaman çərçivəsi isə zöhr və əsr namazları
üçün müştərək vaxt hesab olunur.
“Və zuləfən
minəl-ləyli” (Gecə vaxtı)- bu da üçüncü vaxtdır ki,
məğrib və işa namazları üçün müştərək vaxt hesab edilir. Bu zaman çərçivəsi isə
günəşin qürub etməsindən gecə yarısınadək davam edir. Əlbəttə ki, məğrib namazı
işa namazından əvvəl qılınır.
Digər bir Quran ayəsində buyurulur: “Hər nə deyirlər səbr et və Rəbbinə Günəş
doğmadan və Günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və
hər səcdədən sonra Ona sitayiş et” (“Qaf”, 39-40)
Fəqihlər və təfsir alimləri bu ayəni
araşdıraraq Allah-Təala burada 5 vacib
namaza işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada
da namazların 3 vaxtda qılınması bəyan edilir.
(qəblə tuluiş-şəmsi) günəş doğmadan- bu sübh
namazının vaxtı olub gün çıxanadək davam
edir.
(Və qəblə qurubi) Günəşin batmasından əvvəl-
bu da zöhr və əsr namazlarının müştərək vaxtıdır ki, gün batanadək davam edir
(Və minəl ləyli fəsəbbihu) Və gecənin bir
bölümündə Ona sitayiş et- yəni gecənin
bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan
namaz məğrib və işa namazlarıdır və bu vaxt çərçivəsində qeyd olunan namazlar
üçün müştərək vaxt kimi təyin olunmuşdur.
(Və ədbarəs-sücudi) Və hər səcdədən sonra
Ona sitayiş et- Yəni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin
bildirdiklərinə görə buradakı vacib səcdələr məğrib və ya işa yaxud da gecə
namazının səcdələrinə işarə edir.
Namazların ardıcıl qılınmasının caizliyi bir
çox mötəbər mənbələrdə, həmçinin “Səhih Buxari”, “Səhih Müslim”, “Sünəni
Tirmizi”, “Sünəni Nəsai”, “Müsnədi Hənbəl” və s. göstərilmişdir. Onlardan bir
neçəsinin diqqətinizə çatdırırıq:
Tirmizi öz əsərində İbn Abbasdan (r.ə.) bu hədisi nəql edir: “Peyğəmbər (s) Mədinədə qorxu və yağış
olmadan zörh və əsr, həmçinin məğriblə işa namazlarını ardıcıl qıldı”. İbn
Abbasdan (r.ə.) bunun səbəbini soruşduqda, “Ümmətindən
çətinliyi qaldırdı” deyə cavab verdi. Bu məzmunlu hədisə həmçinin “Səhih
Buxari”, namaz vaxtları, bab 12; “Sünəni Nəsai”, namaz vaxtları, bab 44 –də
rast gəlmək olar.
İmam Malik özünün “Muvatta”sında (hədis 300)
İbn Abbasdan (r.ə.) nəql edir ki, “Həzrət
Peyğəmbər (s) qorxu və ya səfər olmadan zörh və əsr, məğrib və işa namazlarını
bir yerdə qıldı”.
“Səhih Müslim” 1154-cü hədis, həmçinin “Müsnədi Əhməd”in 2156-ci hədisində Abdullah
ibn Şəqiq deyir ki, “Bir gün İbn Abbas əsr
namazından sonra sözünü uzatdı və günəş batıb ulduzlar görünməyə başlayanda
insanlar (digər rəvayətdə Bəni Təmim qəbiləsindən bir şəxs) ona “Namaz, namaz”
deyə çar çəkdi. İbn Abbas bunu görüb hirsləndi və “Mənə sünnətimi öyrədəcəksən?
Mən Peyğəmbərin (s) zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qıldığını
gördüm”.
Digər bir rəvayətdə isə deyilir ki, Əbu Umamə rəvayət edir ki, biz Ömər bin
Əbdüləzizlə birlikdə zöhr namazını qıldıq, ardından Ənəs bin Malikin (r.ə.)
evinə getdik və onun namaz qıldığını gördük. Mən ondan, “Ey əmi, bu nə
namazıdır?” deyə soruşdum. Ənəs cavabında dedi: “Bu əsr namazıdır. Peyğəmbərlə
(s) birlikdə qıldığımız onun namazıdır” (“Səhih Buxari”, 516,988; “Müsnədi Əhməd”,
12762; “Sünəni Nəsai” 505/506).
Bu barədə Əhli-beyt imamlarından da kifayət
qədər hədis nəql edilmişdir. Zürarə adlı səhabə rəvayət edir ki, İmam Sadiq (ə)
buyurdu: “Günəş zaval edərkən, Peyğəmbər
(s) heç bir xüsusi səbəb olmadan camaatla zöhr və əsr namazlarını ardıcıl
qıldı. Həmçinin, yenə heç bir səbəb olmadan, şəfəq (Günəşin qızartısı) itməzdən
əvvəl camaatla məğrib və işa namazlarını da birdəfəyə qıldı. Bununla Peyğəmbər
(s) camaatın vaxtını genişləndirmək istəyirdi” (“Üsuli-Kafi”, “İki namazı birləşdirmək”).
Bir kişi iki namazı bir-birinin ardınca, səbəb
olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab
verdi: “Rəsulullah artıq bunu etmişdir və
istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, cild
2, səhifə 161).
İmam əmir əl-muminin Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər
isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam (məğrib) və xiftən
(işa) namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən
işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir”
(“Hilyətul-müttəqin” kitabı,“Xatimə” bölməsi).
Bu haqqda hədislər xeyli çoxdur. Bu hədislərdən
göründüyü kimi namazları cəm halda qılmaq istənilən halda caizdir. Lakin
bununla bərabər biz bilirik ki, Həzrət Peyğəmbər (s) əksər hallarda namazları 5
ayrı vaxtlarda qılmışdır. Həzrət Əli (ə) “Nəchül-bəlağə”sində şəhərlərin hakimlərinə
ünvanladığı məktubda (Məktub 52) namaz vaxtlarını 5 vaxtda qeyd edir. Bütün
bunlar əvvəldə qeyd etdiyimiz kimi namazların fəzilətli vaxtlarıdır. Zürarə (r.ə.)
rəvayət edir ki, İmam Sadiqə, “Mən oruc
tuturam və gün qərbə yönələnə qədər yatmıram. Günəş qərbə yönələndə (zenit nöqtəsini
keçəndə) nafilə namazımı qılır, sonra zöhr namazını qılıram, daha sonra nafilə
qılır, əsr namazını qılıram. Bütün bunlar camaatın namazın qılmasından əvvəl
olur”. İmam Sadiq (ə) cavabında buyurdu: “Ey Zürarə, gün qərbə yönələndə vaxt
daxil olur, ancaq sənin bu vaxta adət
etməni məsləhət görməzdim” (“Vəsailüş-şiə”, cild 3, səhifə 98).
Bu hədisdə isə imam
bu əməlin caiz olması ilə bərabər, bir müsəlmanın adət olaraq fəzilətli vaxtın
savabından geri qalmasını bəyənmir.