Bu səhifədə siz müsəlman bacı və qardaşlarımıza namazın
elementlərini Quran və sünnədən dəlillərlə sübut edirik. Təbii ki, namazın
qaydaları təkcə bu bir neçə hədisə və ya ayəyə əsasən qəbul olunmayıb. Lakin nəzərə
alınmalıdır ki, biz müctəhidlərə ictihad dərsi keçmirik, sadəcə sadə müsəlmanlara,
haqqı axtaranlara yardımçı olmaq istəyirik.
Materiallar Abdullah Turanın “Əhli-beyt məktəbinə görə
namaz” adlı kitabından tərcümə olunub.
Namazda təmizlik-
qüsl, təyəmmüm və dəstəmaz.
Ümumilikdə təmizlik imandan gələn bir şeydir. Biz isə
namaz təmizliyindən danışırıq. Quranda
buyurulur: “Ey iman gətirənlər! Namaza
durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və
hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin Əgər cünub olmusunuzsa,
qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya
qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin,
ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin
O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür
edəsiniz!” (“əl-Maidə”, 6).
1- Qüsl.
Bildiyimiz kimi müəyyən fiziki proseslərdən sonra namaz
qılmaq üçün qüsl almaq vacib olur (cinsi əlaqə, heyz və s.). Bunlardan biri cənabət
qüslüdür. Cənabət (və heyz) qüslü öz-özlüyündə müstəhəbdir, amma namaz qılmaq,
Qurana toxunmaq kimi işlər üçün vacibdir.
Bu barədə İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Cənabət
qüslü almaq vacibdir. Heyzli qadının (qandan) təmizləndikdən sonra qüsl alması
vacibdir. İstihazəli qadının isə əgər qan pambıqdan keçib xaricə çıxmışsa bir dəfə
zöhr və əsr, bir dəfə məğrib və işa, bir dəfə də sübh namazı üçün qüsl alması
vacibdir. Pambığa çatıb xaricə çıxmamışsa gündə bir dəfə qüsl etməsi, hər namaz
üçün bir də dəstəmaz alması vacibdir. Nüfəsa* qadının qüsl alması vacibdir. Cənazəyə
qüsl verilməsi vacibdir. Cənazəyə toxunan şəxsin qüsl alması vacibdir” (“Füru əl-Kafi”, cild 3, səhifə 40; “əl-Vəsail”,
cild 1, səhifə 462).
*Nüfəsa- uşaq dünyaya gətirən qadın.
İmam Rza (ə) buyurmuşdur: “Bilin ki, Allah sizə rəhmət
etsin, cənabət qüslü Allahın vacib qıldığı bir qüsldur...” (“Biharul-ənvar”,
cild 81, səhifə 13).
2- Təyəmmüm.
Müəyyən zəruri hallarda (“təyəmmüm” səhifəsində qeyd
olunub) qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm edilir.
Hədislərdən birində göstərilir ki, bir dəfə Ammar ibn
Yasir (r.a.) cünub olub su tapmadığına görə bütün bədənini torpağa bulayırmış.
Bunu görən Peyğəmbər (s) “Təmiz torpaqla təyəmmüm edin” deyərək ona səhivini
bildirmişdir. Ravinin dediyinə əsasən Həzrət Peyğəmbər (s) bir başa olaraq təyəmmümü
göstərmək məqsədilə: “Hər iki əlini yerə vurdu, sonra onları bir-birinə
vuraraq silkələdi. Sonra əllərinin iç
hissəsiylə alnına və üzünə məsh etdi. Sonra hər bir əlinin iç hissəsiylə digər
qoluna, əlinə yəni sol əlinin ovucunu sağ qolunun üstünə, sağ əlinin ovcunu sol
qoluna çəkdi” (“Biharul-ənvar”, cild 81, səhifə 159; “əl-Vəsail”, cild 2, səhifə
977).
3- Dəstəmaz.
Namazı dəstamazlı qılmaq vacibdir və dəstəmazsız qılınan
namaz batildir. Həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) gələn hədislərdə dəstəmazın
vacibliyi, əhəmiyyəti vurğulanmışdır. İmam Əli (ə) Məhəmməd ibn Əbu Bəkri
(r.a.) Misirə vali təyin edərkən yazdığı məktubda buyurur: “Dəstəmazına diqqət
yetir. Çünki dəstəmaz namazın kamalındandır. Üç dəfə ağzına, üç dəfə burnuna su
al, sonra üzünü yu. Sonra sağ qolunu, daha sonra sol qolunu dirsəkdən
barmaqların ucuna qədər yu. Sonra isə başına və ayaqlarına məsh et. Çünki mən
Peyğəmbərin (s) belə dəstəmaz aldığını gördüm və bil ki, dəstəmaz imanın
yarısıdır” (“Biharul-ənvar”, cild 80, səhifə 366; “əl-Vəsail”, cild 1, səhifə
279).
Namaz vaxtları.
Hər bir müsəlmana vacib olan gündəlik 5 vacibi namaz
vardır ki, əgər onlar öz göstərilən vaxtında qılınmazsa qəzaya gedər. Qurani-Kərimdə
buyurulur: “Günortadan gecənin
qaranlığınadək namaz qıl. Sübh namazını
da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən)
müşahidə olunur” (“əl-İsra”, 78).
1- Sübh namazının
vaxtı.
Sübh namazının vaxtı ikinci fəcrdən günəşin çıxmasınadəkdir.
İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Sübh namazının vaxtı fəcrin
doğmasından başlayıb, gün çıxana qədər davam edər” (“əl-Vəsail”, cild 3, səhifə
152).
2- Zöhr və əsr
namazlarının vaxtı.
Zöhr və Əsr namazlarının müştərək vaxtı günortadan gün batanədək
davam edir. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Günəşin zəval vaxtı çatanda
zöhr namazının vaxtı girər. Dörd rəkətlik namaz qılmaq qədərində isə artıq zöhr
və əsr namazlarının müştərək vaxtıdır. Günəşin batmasına dörd rəkətlik namaz
qılmaq qədərində isə günorta namazının vaxtı bitər və gün batanadək əsr
namazının vaxtı davam edər” (“əl-Vəsail”, cild 3, səhifə 92).
İmam Rzadan (ə) nəql olunan hədisdə isə deyilir: “Əgər günəş zəvaldan adlasa artıq iki namazın (zöhr və əsr)
vaxtı daxil olmuşdur” (“Vəsailüş-şiə”, cild 5, səhifə 146).
Zöhr və əsr namazlarının müştərək vaxtda
(birləşdirərək) qılmaq mümkün olduğu kimi, onların hər birinin öz fəzilətli
vaxtda qılmaq daha gözəldir. Belə ki, zöhr namazının fəzilətli vaxtı günəşin
zenit nöqtəsinə çatdığı vaxtdan (zöhr namazının əvvəl vaxtından) insanın kölgəsinin
öz boyu qədər uzanmasınadəkdir.
Əsr namazının fəzilətli vaxtı isə məşhur rəyə
görə insanın kölgəsinin dörd ayaq boyu uzanmasından başlayıb öz boyundan iki dəfə
böyük olmasına qədər davam edir.
3- Məğrib
və İşa namazlarının vaxtı.
Məğrib və işa namazlarının müştərək vaxtı
gün batandan sonra şərq üfiqdən zahir olan qızartının insanın başının üstündən
qərbə tərəf keçməsindən gecə yarısınadək davam edir. İmam Sadiqdən (ə)
buyurmuşdur: “Günəş batdısa məğrib namazının vaxtı girir və bir insanın üç rəkətlik
namaz qılması qədərinədək davam edir. Bu qədər vaxt keçəndən sonra məğrib və
işa namazlarının müştərək vaxtı başlayır və gecə yarısına bir insanın dörd rəkətli
namaz qılması qədər qalanadək davam edir. Bu qədər vaxt qalanda məğrib
namazının vaxtı bitir və gecə yarısınadək ancaq işa namazının vaxtı qalır” (“əl-Vəsail”,
cild 3, səhifə 134).
İmam Məhəmməd Baqirdən (ə) gələn bir hədisdə
isə buyurulur: “Şərq tərəfdəki qızartı gedəndə Günəş yerin həm şərq, həm də
qərb tərəfində batmış olur” (“Füru əl-Kafi”, cild 3, səhifə 278; “əl-Vəsail”,
cild 3, səhifə 128).
Məğrib və işa namazlarının da müştərək
vaxtları olduğu kimi fəzilətli vaxtları da var. Məğrib namazının fəzilətli
vaxtı məğribin əvvəlindən başlayıb üfiqdəki qızartı yox olanadəkdir. İşa
namazının fəzilətli vaxtı isə üfiqdəki qızartı itəndən gecənin üçdən biri gedənəkdir.
Qiblə.
Məkkə şəhərində yerləşən Kəbə evi qiblədir və
namaz zamanı məkandan asılı olmayaraq qibləyə yönəlmək vacibdir. Quranda
buyurulur: “İndi üzünü Məscidülhərama tərəf çevir!
Harada olsanız üzünüzü oraya döndərin!” (“əl-Bəqərə”, 144).
Məsumlardan nəql olunan hədislərdə də namaz vaxtı Kəbəyə
yönəlmənin vacibliyi vurğulanmışdır. İmam Sadiq (ə) buyurmuşdur: “Allahu-Təala
Kəbəni Məscidül-Həramda olanlara, Məscidül-Həramı Həram əhlinə, Həramı da bütün
dünya əhlinə qiblə qılmışdır” (“əl-Vəsail”, cild 3, səhifə 220).
Azan və
iqamə.
Gündəlik vacibi namazlardan əvvəl azan və
iqamə oxumaq təkid olunmuş müstəhəbdir. Rəvayətlərdən birində göstərilir ki, Həzrəti
Peyğəmbər (s) Əbuzər Ğəffariyə (r.a.) buyurdu: “Ey Əbuzər, Rəbbin üç şəxs
barəsində mələklərinə iftixar edər. Bunlardan biri o kimsədir ki, ucsuz bir səhrada
tənha olduğu halda azan oxuyar, sonra da namaz qılmağa başlayar. O zaman Rəbbin
mələklərə buyurar: “Baxın bəndəm namaz qılmağa başlamışdır, özünü də məndən
başqa heç kim görmür”. Bundan sonra 70 min mələk nazil olar və ona iqtida edərək
namaz qılar və sonraki günün həmin vaxtına qədər onun üçün Allahdan məğfirət
dilərlər.
Ey Əbuzər, bəndə tənha və ucsuz bir səhrada
olduqda əgər dəstəmaz və ya təyəmmüm alıb, azan və iqamə deyib namaza başlarsa,
Allah mələklərə onun arxasında səf tutub namaz qılmalarını əmr edər. Mələklərin
bu səfinin iki tərəfi görünməyəcək qədər uzun olar. Mələklər o insanın rükusuyla
rüku, səcdəsi ilə səcdə edər, duasına da “Amin” deyərlər.
Ey Əbuzər, kim azansız iqamə deyib namaza
başlarsa sadəcə onunla olan iki mələk namaz qılar” (“Biharul-ənvar”, cild 84, səhifə
116; “əl-Vəsail”, cild 4).
Burada eyni zamanda azanda “Əliyyən vəliyullah”
cümləsinin deyilməsinin müstəhəb olmasına da aydınlıq gətirmək istərdik. Əvvəldə
qeyd etdiyimiz kimi bu cümlə azan və iqamənin hissəsi deyil, lakin deyilməsi
müstəhəbdir. Bu cümlənin deyilməsində məqsəd Həzrət Əliyə (ə) qarşı söyüş, lənət
yağdıranlara, o Həzrətin imamətini qəti şəkildə inkar edənlərə cavabdır.
Bəzi mənbələrdə, bu cümlənin hətta Peyğəmbərin
(s) zamanın da deyildiyi göstərilmişdir. Əhli sünnə mənbələrinin birində
(Abdullah Mərai əl-Misri, “əl-Saləfə fi əmir ıl-Xilafə”) göstərilən rəvayətlərdən
birində deyilir ki, Salman Farsi (r.a.)
Peyğəmbərin (s) zamanında azan və iqamədə “Muhammədən rasulullah”dan sonra
Əlinin (ə) vilayətinə də şəhadət gətirdi. Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib,
“Ey Allahın elçisi, bu gün daha əvvəl eşitmədiyim
bir şey eşitdim” dedi. Həzrəti Peyğəmbər (s), “Nə eşitmisən?” deyə sual etdi. Həmin
kişi dedi: “Bu gün Salman azanda sənin risalətinə şəhadət etdikdən sonra Əlinin
vilayətinə dair şəhadət gətirdi”. Allahın elçisi (s) buyurdu: “Xeyirli bir şey
eşitmisən”.
Başqa bir rəvayətdə isə bunun ardınca Peyğəmbərin
(s) belə dediyi göstərilir: “Əbuzərin dediyi kimidir (Bu rəvayətdə azanı deyən
şəxsin Əbuzər olduğu göstərilir). Qədiri-Xumda dediyimi unutdunuzmu?! Mən kimin
mövlasıyamsa Əli də onun mövlasıdır. Kim bunu (beyətini) pozarsa öz əleyhinə
pozar” (“Risalətil-hidayə”, səhifə 45).
Namazın
vacibatları.
1-Niyyət.
Məsumlardan gələn hədislərdə də
vurğulanmışdır ki, namaz zamanı niyyət etmək vacibdir. Çünki insan nə etdiyini,
nə üçün etdiyini bilməlidir. Hər bir insanın əməlləri də niyyətlərinə görədir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Namaz
qiyam və oturmaqdan ibarət deyildir. Namaz ancaq sənin ixlasın və onunla sırf
Allah rzasını diləməyindir” (“Üsuli Kafi”, cild 2, səhifə 109). İmam Məhəmməd Baqir (ə) isə buyurmuşdur: “Niyyət
etməmiş insanın namaza başlaması düzgün deyil. Kimi niyyət edib namaza başlarsa
namaza başqa bir şeyi qatmaz və zahir və batin olaraq buna riayət etdiyi təqdirdə
namazı qəbul olunar” (“Biharul-ənvar”, cild 84, səhifə 377).
2-Qiyam.
“Qiyam”-namaz zamanı ayaqda durulan
vaxtdır. İnsan bu vaxtda həmd və surə
oxuyur, həmçinin 3-4-cü rəkətlərdə təsbihat oxuyur. İnsanın həmin vaxt ayaq üstə
durması şərtdir, alkin xəstələr, çatışmazlığı olanlar üçün güzəştlər var. Həzrəti
Peyğəmbər (s) buyurmuşdur: “İnsan ayaq üstə durub namaz qıla bilmirsə
oturaraq qılsın. Oturaraq qıla bilmirsə arxası üstə ayaqları qibləyə tərəf
uzanıb qılsın, rüku və səcdə üçün işarə etsin” (“Biharul-ənvar”, cild 84, səhifə
334).
Daha çox verilən suallardan biri isə namazda
əllərin bağlanması ilə bağlıdır. Qəti şəkildə bildirmək istəyirik ki, namazda əlləri
bağlamaq olmaz və bu qəsdən olarsa namazı batil edir. İmam Əli (ə) buyurmuşdur:
“Müsəlman namazında, Allahın hüzurunda qiyama duran zaman əllərini bağlayıb
kafirlərə, yəni məcusilərə oxşamamalıdır” (“Biharul-ənvar”, cild 84, səhifə
325).
3-Təkbirətül-ehram.
Namazın başlanğıcında deyilən təkbir
vacibdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Hər şeyin bir başlanğıcı
vardır. Namazın başlanğıcı da təkbir gətirməkdir” (“əl-Vəsail”, cild 4, səhifə
714).
Təkbir gətirərkən əlləri yuxarı qaldırmaq
müstəhəbdir. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Namaza qalxıb təkbir deyəndə
əllərini yuxarı qaldır. Amma əllərinin ovuc hissəsi qulaqlarını aşmasın, yəni
üzünün səviyyəndən yuxarı olmasın” (“əl-Vəsail”, cild 4, səhifə 728).
4- Qiraət.
Qiraət qiyam vaxtı oxunan Fatihə və başqa
surədir. Namazın birinci və ikinci rəkətlərində Fatihəni (həmdi) oxumaq
vacibdir. Həzrəti Peyğəmər (s) buyurmuşdur: “Fatihənin oxunmadığı bir namaz
yarımçıqdır” (“Biharul-ənvar”, cild 85, səhifə 11).
Vacibi namazlarda həmddən sonra bir (vacibi
səcdəsi olmayan) surə oxunmalıdır. İmam Rza (ə) bir hədisdə buyurur: “Vacibi
namazlarda (Fatihədən sonra) nə bir surəsi əksik oxu, nə iki surəni birlikdə.
Nafilə namazlarda isə bunun maneəsi yoxdur” (“Biharul-ənvar”, cild 85, səhifə
42).
Bundan başqa “Fil” surəsi ilə “Qureyş”, həmçinin
“Duha” surəsi ilə “İnşirah” surəsi bur surə sayılır. Vacibi namazlarda bu surələri
bir yerdə oxumaq lazımdır.
Namazın 3-cü və 4-cü rəkətlərində ya təkcə
Fatihə oxunmalıdır, ya da 3 dəfə “Təsbihati-ərbəə” zikri deyilməlidir. Zürarə
(r.a.) deyir ki, İmam Məhəmməd Baqirdən (ə), “Namazın son iki rəkətində kafi
olan zikr nədir?”. İmam (ə) cavabında buyurdu: “Subhanəllahi vəlhəmdulilləhi və
lə iləhə illəllahu vəlləhu əkbə”r zikri kafidir. Sonra da təkbir alaraq rukuya
get” (“Für əl-Kafi”, cild 3, səhifə 319; “əl-Vəsail”, cild 4, səhifə 782).
Namazı batil edən işlərdən biri də qiraətdə
Fatihədən sonra “Amin” deməkdir. İmam
Sadiq (ə) buyurmuşdur: “Bir imamın arxasında namaz qılan zaman imam Fatihəsini
bitirəndə sən “Əlhəmdulilləhi Rabbəl ələmin” de və “Amin” demə” (“Für əl-Kafi”,
cild 3, səhifə 313; “əl-Vəsail”, cild 4, səhifə 752).
Müstəhəbdir ki, namazın qiraətində Fatihənin
və digər surənin “Bismillah”ı ucadan oxunsun.
İmam Məhəmməd Baqir (ə) rəvayət edir ki, Həzrət Peyğəmbər (s)
namazlarında “Bismillah”ı ucadan oxuyardı və onu oxuyarkən də səsini yüksəldərdi.
Müşriklər isə Peyğəmbərin (s) “Bismillah”ı oxuduğunu eşidəndə arxalarını
çevirib gedərdilər. Məhz buna görə də Allahu-Təala Qurandakı, “Sən Quranda
(qiraətdə) Rəbbinin birliyini yad edəndə ürəkləri sıxılmış vəziyyətdə çıxıb gedərlər”
ayəsini nazil etmişdir” (“Biharul-ənvar”, cild 85, səhifə 82).
Qiraətdə həmdi, həmçinin surəni oxuyanda
“Bismillah”ı da oxumaq vacibdir. Bu barədə Əhli-beyt imamları (ə) çox təkid
etmişlər. Tarixə baxdıqda görünür ki, ilk dəfə olaraq Əməvilər “Bismillah”ın
surələrin bir hissəsi olmadığını iddia etmişlər. İmam Əliyə (ə) bir qrup
insanın “Bismillah”ı (surələrdən) sildikləri xəbəri çatdıqda, o belə buyurdu:
“Bilin ki, “Bismilləhir-Rahmənir-Rahim” Quran ayələrindəndir. Bunu onlara
şeytan unutdurmuşdur” (“Biharul-ənvar”, cild 85, səhifə 20-21).
5- Rüku.
Rüku namazın rükn olan vacibatlarındandır və
onu tərk etmək istənilən halda namazı batil edər. İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Rükuda
ayaqlarını aralarında bir qarış ara buraxdığın halda eyni səviyyədə qoy. Əllərinin
içini dizlərinə çatdır. Sağ əlini sol əlindən əvvəl dizinə qoy. Əl
barmaqlarınla diz qapaqlarını qavra. Bu halda barmaqlarını bir-birindən aralı
saxla. Rükuda əl barmaqlarının ucunu dizlərinə çatdırsan kifayətdir. Amma əllərinin
içini çatdırman daha gözəldir. Həmçinin
belini düzəlt, boynunu uzat, baxışını ayaqlarının arasına yönəlt” (“əl-Vəsail”,
cild 4, səhifə 949). Namazda rükunun
xüsusi bir mənası var. Bu haqqda möminlərin əmiri Həzrət Əli ibn Əbu Talib (ə)
buyurmuşdur: “Rükunun mənası budur ki, boynumu vursan belə mən Sənin
(Allahın) ilahlığına iman etmişəm” (“Biharul-ənvar”, cild 85, səhifə 116).
Həmçinin imalardan gələn hədislərdə rükuda
“Subhanə Rabbiyəl azimi və bihəmdih” zikrinin deyilməsi buyurulmuşdur (səcdə
zikrləri namazın qılınması qaydalarında göstərilib).
6- Səcdə.
Namazın hər rəkətində vacibdir ki, iki səcdə edilsin. İmam Cəfər
Sadiq (ə) rəvayət edir ki, bir kişi Həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, “
Ey Allahın elçisi, günahlarım çox, xeyirli əməllərim isə azdır” dedi. Peyğəmbər
(s) buyurdu: “Çox səcdə et. Çünki səcdə günahları, küləyin yarpaqları tökdüyü
kimi tökər” (“Biharul-ənvar”, cild 85, səhifə 162). Səcdə zamanı yeddi üzv yerə qoyulmalıdır.
İmam Məhəmməd Baqir (ə) rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Səcdə
yeddi sümük üzərində edilir: alın, iki əl, iki diz, ayaqlaqların baş
barmaqları. Burnunu da yerə qoyarsan”. Sonra İmam özü deyir ki, vacib olan o 7
üzvdür. Burunun yerə qoyulması sünnətdəndir (“Biharul-ənvar”, cild 85, səhifə
128; “əl-Vəsail”, cild 4, səhifə 954).
7-Zikr. Namaz zamanı rükuda, səcdədə və s. yerlərdə zikr demək vacibdir.
Zikr çox önəmli məsələdi. Quranda buyurulur: “O
kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır.
Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”
(“ər-Rad”, 28).
8- Təşəhhüd.
Namazın ikinci rəkətində, həmçinin 4-cü rəkətində, məğribini 3-cü
rəkətində ikinci səcdədən sonra oturaq halda təşəhhüd oxunmalıdır. İmam Əli (ə) təşəhhüdün mənası haqqında
buyurmuşdur: “Təşəhhüd oxumağın mənası imanını və İslama girişini təzələmək
və öləndən sonra diriləcəyini təsdiq etməkdir, (təşəhhüddə) sağ ayağını sol
üstünə qoyub, sol tərəfdə oturmağının mənası isə “Allahım, haqqı iqamə (bərqərar)
et, batili isə yox et” deməkdir” (“əl-Vəsail”, cild 4, səhifə 968;
“Mizanul-hikmət”, cild 5, səhifə 395).
Təşəhhüddə Allahın ilahlıqda təkliyinə, Həzrəti
Muhammədin (s) risalətinə şəhadət gətirilər və o Həzrətə salavat göndərilər. İmam
Rza (ə) buyurmuşdur: “Təşəhhüddə ən az kifayət edəcək şey iki şəhadətdir”
(“Biharul-ənvar”, cild 85, səhifə 281).
Təşəhhüddə salavat göndərmək vacibdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur:
“Kim namaz qılıb mənə və əhli-beytimə salavat göndərməzsə namazı onu cənnətdən
başqa bir yola aparar” (“Biharul-ənvar”, cild 85, səhifə 288).
9-
Salam.
Namazın son rəkətində salam oxunar və namaz
bitirilər. İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Namaz qılan şəxs namazın
salamını verəndə Allah və mələkləri də ona salam verərlər” (“Biharul-ənvar”,
cild 82, səhifə 221).
İmam Əlidən (ə) gələn hədisdə vurğulanır ki,
“Əssaləmu aleykum və rahmətullahi və bərakatuh” deyərək salam verməyin mənası
Allahdan rəhmət diləmək və bu (namaz) axirət gününün əzabına qarşı bir zəmanətdir
deməkdir (“Mizanül-hikmət”, cild 5, səhifə 395).
10-11 (Tərtib və müvalata dair dəlil-sübut gətirməyi lazım
bilmirik, çünki bu hissələrin əhəmiyyəti barəsində ixtilaf yoxdur).
Qunut. Namazların ikinci rəkətində rükudan əvvəl qunut tutub dua etmək
müstəhəbdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Dünyada ən uzun qunut
tutanınız, qiyamət günü məşhər yerində ən rahat olanınız olacaqdır” (“Biharul-ənvar”,
cild 85, səhifə 199).
İmam Sadiq (ə) isə buyurmuşdur: “Hər
namazın ikinci rəkətində rükudan əvvəl qunut tutmaq təkid olunmuş müstəhəbdir”
(“Biharul-ənvar”,cild 85, səhifə 197).