Bir neçə söz
Bəlkə bu gün çoxlarını bu sual
maraqlandırır. Bəziləri bunun üçün cild-cild kitablar oxuyur, bəziləri kimdənsə
eşitdikləri üzərində düşünür. Çətin ki, bu yollarla İslamı tanıyasan, onu həyatına
qatasan. Bəs niyə İslamı öz daxilimizdə axtarmağa çalışmırıq? Axı İslamı göndərən
də, bizi yaradan da bir Tanrıdır. Məgər biz həyatımızdakı bu mənəvi boşluğu
görməyəcək qədər koruqmu? Bir gün ətrafımızdakı hər kəs bizi tərk etsə,
düşündükmü ki, kimə sığınacağıq, kimi özümüzə dayaq biləcəyik?
Yəqin ki, “Məni kim yaradıb?”, “Bəşər necə
yaranıb?”, “Ölümdən sonra mən yoxmu olacam?” kimi sualları öz-özünə verməyən kəs tapılmaz.
Doğrudan da insan düşündükcə düşünür, bu ucsuz-bucaqsız sonsuzluğa doğru
uzanır. İnsan düşüncəsi sonda bütün bunların ilahi bir qüvvə tərəfindən idarə
olunduğuna inanmaq istəyir. Amma bu da narahatçılığa son qoymur: “Bəs bu
Tanrını kim yaradıb?”. Məhz buradan bu boşluq yaranır. Bu boşluğu doldurmaq
üçün mütləq Tövhid dinini öyrənmək lazım gəlir. Çünki “İlahi termini” tam məntiqi
izah edə bilən və nəhayət sübuta yetirən yeganə prinsip, Tövhid, yəni “Təkallahlılıq”
prinsipidir ki, bu da İslam dininin əsasını təşkil edir. Bu prinsipə görə hər
şey yeganə ilahi qüvvə olan Allah tərəfindən yaradılıb. Onun kim tərəfindən
yaradıldığına gəldikdə isə O yaradılan yox, yalnız yaradan bir qüvvədir.
Allahın məkanı yoxdur, o heç yerə sığmaz, O cismani bir varlıq deyil, Onun
tayı-bənzəri yoxdur, O heç kimə möhtac deyil, hər kəs Ona möhtacdır. Zaman Onun
əlindədir və O bizim kimi zamana itaət etmir. Bu barədə İslamın müqəddəs kitabı
olan “Qurani-Kərim”də buyurulur: De: “O Allah birdir (heç bir şəriki yoxdur);
Allah möhtac deyildir (və ya əbədidir)! O, nə doğmuş, nə də doğulmuşdur! Onun
heç bir tayı-bərabəri də yoxdur!”. Qeyd olunan ayələr “əl-İxlas”
surəsindən sitat gətirilmişdir. Bu surənin nazilolma səbəbləri də məhz yuxarıda
qeyd olunan suallara cavab vermək məqsədilədir. Belə ki, bir neçə yəhudi alimi
Həzrət Peyğəmbərdən (s) Allahın zati sifətləri barədə soruşur, Allah-Təala da
bu suallara cavab vermək üçün bu surəni nazil edir.
İslam təkcə təkallahlılığı insanlara tanıtdırmaqla kifayətlənmir.
Həmçinin onlara Allahın qanunlarını, insanların nə məqsədlə yaradıldığını, bəşəriyyətin
hüquqlarını çatdırır. Bunun üçün müsəlmanların ən böyük mənbələri Qurani-Kərim
və Peyğəmbərdən (s) nəql olunan hədislərdir.
Qeyd etdiyimiz ki, insanı çox suallar maraqlandırır,
bunlardan biri də onun nə üçün yaradıldığıdır. Bu barədə Quranda Allah-Təala
buyurur: “Mən cinləri və insanları
yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“əz-Zariyat”, 56). Elə bu ayə
insanın yaradılış səbəbini tam izah edir. Bəziləri etiraz edərək, “Bəs biz elə
bütün günü ibadət etməliyik?! Bizim başqa işimiz olmamalıdırmı?!” deyə bilər.
Amma İslam əsla buna razı olmaz. Çünki İslam insana ailə qurmağı, cəmiyyətdə
özünə yer tapmağı, halal yolla pul qazanmağı əmr edir. İbadətlər arasında ən
müntəzəm olaraq yerinə yetiriləni namazdır. Bu haqqda Quranda buyurulur: “Çünki namaz möminlərə bəlli vaxtlarda
vacib edilmişdir” (“ən-Nisa”, 103). Qeyd
olunduğu kimi namaz ancaq müəyyən vaxtlarda vacibdir, digər ibadətlər də, məsələn
oruc da ildə bir dəfə vacib olur.
Düşündürücü suallardan biri də ölümdən sonrakı həyatla
bağlıdır. “Biz öləndən sonra nə olacaq?”, “Biz yoxmu olacağıq?” kimi suallara
tez-tez rast gəlmək olar. İslam əqidəsinə əsasən insan öldükdən sonra onun üçün
yeni, əbədi bir həyat başlayır. Əvvəlcə o qəbir (bərzəx) həyatı yaşayır. Burada
ona bəzi suallar verilir (Bu haqqda ətraflı yazını başqa bölmələrdə tapa bilərsiniz). Əgər o
kafirdirsə qəbirdə əzab görər, əgər mömindirsə bəlkə bir müddət, bəlkə
heç əzab görməz.
Ən sonda isə qiyamət qopar, bütün bəşəriyyət məhvə düçar
olar və sonra Allahın əmri ilə bütün insanlar qəbirlərindən çıxaraq bir yerə
toplaşar və əməllərinin hesabını verməyə başlayarlar. Məhz həmin böyük gün
İslamın ucalığı hiss olunacaq. Allah-Təala məzlumun haqqını özünə qaytaracaq,
zalımı əbədi əzaba düçar edəcək, məhz bu gün çoxları müsəlman olmaq istəyəcək,
çünki Allah-Təalanın insanlara layiq gördüyü yeganə din “İslam”dır. Bu haqqda
Quranda buyurulur: “Kafirlər (qiyamət
günü), yəqin ki, müsəlman olmalarını istərdilər!” (“əl-Hicr”, 2).
Amma İslam Allah-Təalanın dindir və bu din sevgi, əxlaq
dindidir və bu dində məcburiyyət yoxdur: “Dində
məcburiyyət (zorakılıq) yoxdur” (“əl-Bəqərə”, 256).
Müqəddəs İslam dininin təlim və göstərişləri 3 yerə
bölünür:
Əqidələr
Əməllər
Əxlaq
|