AYƏT NAMAZI
Göstərişi sonradan deyiləcək ayət namazı üç şeyin vasitəsilə
vacib olar.
1. Günəşin tutulması;
2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın
tutulması.
3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ
zamanı.
Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və
s. kimi səma hadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa,
dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, müstəhəbb
ehtiyata əsasən, ayət namazı tərk olunmamalıdır.
Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş
versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər
günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.
Əgər qadın heyz və nifas halında olsa, Günəş, ya Ay
tutulsa və ya zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası da
yoxdur.
AYƏT NAMAZININ
QILINMA QAYDASI
Ayət namazı iki rükətdir və hər rükətdə beş rüku vardır.
Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir
surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir
surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın,
beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rükəti də
birinci rükət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən
sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən
az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən
başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan
qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu
qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində
birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil-fələq» – desin
və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən
rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb».
Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd».
Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd».
Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci
rükəti də birinci rükət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd
oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də
caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması
lazımdır.
Əgər şəxs ayət namazının bir rükətində beş dəfə Həmd və
surə oxusa, o biri rükətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi
yoxdur.
Gündəlik namazlarda vacib və ya müstəhəbb olan şeylər ayət
namazında da vacib və ya müstəhəbbdir. Lakin ayət namazı camaatla qılınsa azan
və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma
camaatla qılınmadıqda bu lazım deyil. Amma Gün və Ay tutulması istisna olmaqla
sair işlər üçün ayət namazının camaatla qılınmasının məşruiyyəti sübut
olunmayıb.
Müstəhəbbdir ki, rükudan qabaq və sonra təkbir desin.
Beşinci və onuncu rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən
həmidəh» demək müstəhəbbdir.
İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq
qunut tutmaq müstəhəbbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa,
kifayətdir.
Şəxs ayət namazını neçə rükət qıldığına şəkk edərsə və şəkkini
aydınlaşdıra bilməsə, namazı batildir.
Əgər şəxs birinci rükətin axırıncı rükusundamı, yoxsa
ikinci rükətin birinci rükusunda olduğunda şəkk etsə və şəkkini aydınlaşdıra
bilməsə, namazı batildir. Amma məsələn; dörd, yoxsa beş rüku etdiyində şəkk edən
şəxs, əgər səcdəyə çatmayıbsa, yerinə yetirib-yetirmədiyində şəkk etdiyi rükunu
yerinə yetirməlidir. Əgər səcdə üçün əyilibsə, gərək öz şəkkinə etina etməsin.
Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən
az və ya çox etsə, namaz batildir. Həmçinin əgər səhvən az və ya ehtiyata əsasən
çox etsə də namaz batil olur.
MEYYİT NAMAZININ
HÖKMLƏRİ
Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın
meyyitinə, namaz qılmaq vacibdir.
Altı yaşı tamam olmamış, namazın nə olduğunu bilən uşağa
namaz qılmaq, vacib ehtiyata əsasən lazımdır. Əgər bunun nə olduğunu bilmirsə,
rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa
namaz qılmaq müstəhəbb deyildir.
Meyyit namazı qüsl, kəfən və hənutdan sonra
qılınmalıdır. Əgər bunlardan qabaq və ya sonra qılınarsa və bu, məsələni bilməmək
və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir.
Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü,
yaxud təyəmmümlü olması və bədəninin və ya libasının pak olması vacib deyil. Əgər
onun libası qəsbi olsa da, eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə
riayət etməsi daha yaxşıdır.
Meyyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyyitin,
onun qarşısında arxası üstə uzandırılması, belə ki, meyyitin başının namaz
qılanın sağ tərəfində və ayaqlarının namaz qılanın sol tərəfində olması
vacibdir.
Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya
hündür olmamalıdır. Amma azacıq alçaq və yuxarı olmağının eybi yoxdur. Müstəhəb
ehtiyat odur ki, namaz qılanın yeri qəsbi olmasın.
Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma meyyit
namazını camaatla qılan şəxs, meyyitdən uzaq olsa belə, sıralar bir-birinə
bitişikdirsə, eybi yoxdur.
Namazı qılan meyyitin müqabilində dayanmalıdır. Amma əgər
namaz camaatla qılınsa, meyyitin müqabilində olmayanların namazının eybi
yoxdur.
Namaz qılanla meyyit arasında, gərək pərdə, divar və ya
bu kimi şeylər olmasın. Amma əgər meyyit tabutda ya bu kimi şeydə olsa, eybi
yoxdur.
Namaz qılan vaxtda gərək meyyitin övrəti örtülmüş olsun,
əgər onu kəfənə bükmək mümkün deyilsə, gərək övrətini taxta, kərpic və bu kimi
şeylə də olsa, örtsünlər.
Meyyit namazı ayaq üstə və qürbət qəsdi ilə qılınmalı və
niyyət zamanı meyyit müəyyən edilməlidir, məsələn, «bu meyyitin namazını
qılıram qürbətən iləllah» – deyə niyyət edilməlidir. Vacib ehtiyat odur ki,
gündəlik namazlarda şərt sayılan bədənin qərarlaşmasına riayət olunsun.
Əgər ayaq üstə namaz qılmaq üçün bir nəfər tapılmasa,
meyyitə oturduğu yerdə namaz qılmaq olar.
Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət
etmişdirsə, o şəxsin meyyitin vəlisindən icazə almasının yaxşı olmasına
baxmayaraq, lazım (vacib) deyil.
Bəzi fəqihlərin nəzərinə görə meyyitə bir neçə dəfə
namaz qılmaq məkruhdur, amma bu mətləb sübut olmayıb. Amma əgər meyyit əhli-elm
və təqvalı olsa, işkalsız olaraq məkruh deyil.
Əgər meyyit, qəsdən və ya unudularaq, yaxud da başqa bir
səbəbdən namaz qılınmadan dəfn edilərsə, yaxud dəfn edildikdən sonra onun üçün
qılınan namazın batil olduğu mə`lum olarsa, ona namaz qılmaq üçün qəbrini açmaq
caiz deyildir. Amma cəsədi çürüyüb dağılancaya qədər, meyyit namazı üçün söylənən
şərtlərlə, rəca qəsdi ilə qəbrinə namaz qılmağın eybi yoxdur.
MEYYIT NAMAZININ
QILINMA QAYDASI
Meyyit namazının beş təkbiri var: Əgər namaz qılan şəxs
beş təkbiri bu tərtiblə desə kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra
desin:
«Əşhədu ən la ilahə
illəllah və ənnə Muhəmmədən rəsulullah.»
İkinci təkbirdən sonra desin:
«Əllahummə səlli aləMuhəmmədin
və Ali Muhəmməd.»
Üçüncü təkbirdən sonra desin:
«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.»
Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:
«Əllahumməğfir lihazəl-məyyit.»
Əgər qadındırsa, dördüncü təkbirdən sonra desin:
«Əllahumməğfir
lihazihil-məyyit.»
Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir.
Daha yaxşısı odur ki, birinci təkbirdən sonra:
«Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən
əbduhu və rəsuluh, ərsələhu bil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-sa`ə»,
deməsi,
İkinci təkbirdən sonra da:
«Əllahummə səlli əla
Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəm-mədən
və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və
ali İbrahim, innəkə həmidun məcid, və səlli əla cəmi`il-ənbiya`i vəl-mursəlin vəşşu-hədai
vəssiddiqin və cəmii ibadillahissalihin», deməsi,
Üçüncü təkbirdən sonra isə:
«Əllahumməğfir
lil-mu`mininə vəl-mu`minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum vəl-əmvat
tabi` bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibuddə`əvat, innəkə əla kulli şəy`in
qədir», deməsi
Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra:
«Əllahummə innə haza
əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bih, əllahummə
inna la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna, əllahummə in kanə
muhsinən fəzid fi ihsanihi və in kanə musi`ən fətəcavəz ənhu vəğfir ləhu əllahumməc`əlhu
indəkə fi ə`la illiyyin vəxluf əla əhlihi fil-ğabirin vərhəmhu bi rəhmətikə ya ərhəmər-rahimin», deməsi
Və əgər qadındırsa, dördüncü təkbirdən sonra:
«Əllahummə innə
hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə xəyru mənzulin
bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha minna, əllahummə
in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz ənha, vəğfir
ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin, vərhəmha
birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır.
Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da
meyyit namazı bitər.
Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə
ardıcıl oxunmalıdır.
Meyyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə
qılsa, təkbir və duaları özü oxumalıdır.