Mübarək Ramazan ayının ən şərafətli və bərəkətli gecəsi,
şübhəsiz ki, Qədr gecəsidir.Quranda bu
haqda buyurulur: "Mərhəmətli, rəhmli
Allahın adı ilə!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil
etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr
gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O,
ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə
görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən
gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından
əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə
kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” ("əl-Qədr” surəsi).
"Qədr” surəsi müqəddəs kitabın 97-ci surəsidir. Bu gecənin
nə üçün "Qədr gecəsi” adlandırılması haqqında təfsir alimlərinin 3 rəyi vardır:
1. Bu gecə uca məqama malik olduğu üçün "Qədr gecəsi”
adlandırılmışdır. Bu gecədə Quranın nazil olması, bu gecə salamatlçılıq olması,
bu gecəni ibadətlə keçirməyin böyük savabı olması Qədr gecəsini böyük məqama
çatdırmışdır.
2. Mələklərin və ruhun bu gecə yerə enməsinə görə yer
üzündə izdiham və darlıq yaşandığından bu gecə "Qədr gecəsi” adlandırılmışdır.
3. Bu gecə müqəddərat və təqdir məlum olduğundan "Qədr
gecəsi” adlandırılmışdır. Bu haqda Quranda buyurulur: "(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun
ki, Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə
kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün
olmayan) iş o gecə hökm (ayırd) olunur” ("əd-Duxan”,2-4).
İmam Rza (ə) buyurur ki, "Bir il boyunca baş verəcək
xeyir, şər, yarar, zərər, ruzi və əcəl bu gecədə təyin olunur. Buna görə də bu
gecə "Qədr gecəsi” adlandırılmışdır.
Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması
Quranda hər hansı bir açıqlayıcı məlumat yoxdur. Hədislərə əsasən Qədr gecəsi
Ramazanın 19, 21 və ya 23-cü gecəsinə təsadüf etməlidir. Əhli-beyt imamlarından
(ə) gələn hədislərindən gələn hədislərdə 23-cü gecənin Qədr gecəsi olması
ehtimalı yüksək göstərilsə də açıqca bəyan olunmamış və hər 3 gecənin ibadətlə
keçirilməsi tövsiyə edilmişdir.
İmam Sadiq (ə) buyurur: "Hacılar Qədr gecəsində bəlli
olar. Həmin ilə aid olan hadisələr, ruzilər və bəlalar o gecədə təyin olunar. O
gecəni üçün birində (19;21;23-cü gecələr) axtar”.