Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

181. Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.

182. Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

183. Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.

184. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!

185. Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.

186. Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.

187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal və haram) sərhədləridir, onlara yaxınlaşmayın (onları pozmayın). Allah Öz ayələrini insanlar üçün bu cür açıqlayır ki, bəlkə çəkinsinlər.

188. Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.

189. Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız.

190. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir.

191. Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.

192. Əgər (Allaha şərik qoşmaqdan və döyüşdən) əl götürsələr, həqiqətən Allah çox bağışlayan və mehribandır.

193. Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.

194. Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.

195. (Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.

196. Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynunadır ki, (dəvə, inək və qoyundan) müəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. («Təməttö» adlanan) bu (Həcc), (özü və) ailəsi Məscidül-Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.

197. Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

198. (Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz.

199. Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş’ər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.

200. Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.

201. Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru».

202. Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).

203. Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.

204. İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.

205. Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.

206. Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.

207. İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.

208. Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.

209. Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir).

210. Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.

211. İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi nemət və rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.

212. Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.

213. (Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.

214. Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».

215. Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.

216. Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.

217. (İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

218. Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır.

219. Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz,

220. dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz