Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

221. Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.

222. Səndən aybaşı barəsində soruşurlar, de: «O bir növ əziyyət və narahatçılıqdır». Odur ki, aybaşı zamanı qadınlar(la cinsi əlaqədə olmaq)dan uzaq olun və pak olmayınca, onlara yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir.

223. Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.

224. Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.

225. Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir.

226. Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).

227. Əgər talaq vermək qərarına gəlsələr (eybi yoxdur, and pozulur və kəffarə boyundan düşür), həqiqətən Allah eşidən və biləndir.

228. Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə aybaşı olmasını iddia etməsi, yaxud başqa ərə getmək üçün bətnində övladın olmasını inkar etməsi halal deyildir). Əgər barışıq qəsdləri olsa («ric’i» təlaqdakı) «iddə» müddəti ərzində ərləri onları geri qaytarmağa (arvadlığa götürməyə başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır. (Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır. Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.

229. (Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric’i) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi və ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.

230. Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın başqa bir ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri) ona təlaq versə, qadına və əvvəlki ərinə Allahın hökmlərini bərqərar etmələrinə ümidvar olduqları təqdirdə (yenidən) bir-birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi hökmləridir.

231. Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir. Allahın ayələrini məsxərə etməyin və Allahın sizə olan (hədsiz) nemətini və kitab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi ilə sizə nəsihət verdiyi şeyi xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.

232. Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

233. Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir). Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur. Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir.

234. Sizdən vəfat edənlərin qoyub getdikləri arvadlar (vəfat iddəsi olaraq) özlərini dörd ay on gün saxlayaraq gözləməlidirlər. Müddətlərinin sonuna çatdıqda isə onların özləri barədə yaxşı və bəyənilən şəkildə etdiklərində (ərə getmələri və ya getməmələrində) sizə (cəmiyyətin hakimlərinə və ya müsəlmanlara) günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.

235. (Vəfat iddəsində olan) qadınlara elçilik barəsində üstüörtülü bir şey deməyinizdə, yaxud (bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər əsasında) yada salacağınızı bilir. Lakin onlarla evlənmək barəsində gizlində sövdələşməyin, yalnız bəyənilən (və üstüörtülü və rəmzi) sözlər deyin. Müəyyən olunmuş müddət (iddə) sona çatmayınca əsla nikah bağlamaq qərarına gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə də Ondan (Onun qəzəbindən) çəkinin və bilin ki, Allah çox bağışlayan və həlimdir.

236. Yaxınlıq etmədiyinz və mehriyyə təyin etmədiyiniz qadınlara talaq verməyiniz günah deyildir (nə yaxınlıq etmədən və nə də mehriyyə təyin etmədən boşamağınız günah deyil). Onlara öz malınızdan bir pay verməli və onları öz malınızdan bəyənilən şəkildə bəhrələndirməlisiniz, dövlətli öz imkanı qədər və kasıb öz imkanı qədər. Bu haqq, yaxşı əməl sahibləri üçün sabit və vacibdir.

237. Əgər qadınları mehriyyə təyin etmiş olduğunuz halda, onlarla yaxınlıq etmədən boşasanız, (qadınların) özləri və ya nikahlama (ixtiyarı) əlində olan kəs (onun başçısı və ya mütləq vəkili) güzəşt etməsə onda təyin etdiyinizin yarısı (sizin öhdənizədir). Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir.

238. Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın.

239. Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» ya «mütaridə» namazı qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.

240. Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və (onların evdən) çıxarılmadan bir illik yaşayış xərcləri(nin təmin olunması) barəsində vəsiyyət etməlidirlər. Əgər onlar özləri çıxıb getsələr, onda, onların özləri barədə bəyənilən şəkildə gördükləri işdə (evlənmələrində və ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah yoxdur (və xərclər boyundan götürülür). Allah qüdrətli və hikmətlidir. (Bu hökm İslamın ilkin çağlarında qüvvədə olub və sonradan nəsx edilərək, irs və iddə hökmü ilə əvəz edilib).

241. Və talaq verilmiş qadınlara (ər tərəfindən) münasib mal və yaşayış şəraiti lazımdır (iddə gözlədiyi müddətin xərcləri və talaqın növündən asılı olaraq mehriyyənin hamısı və ya bir hissəsi onlara verilməlidir). Bu, təqvalıların boynunda sabit və vacib (bir vəzifə)dir.

242. Allah Öz ayələrini (dinin hökmlərini) sizə bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz.

243. Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər.)» Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər.

244. Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir.

245. Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız.

246. Musa(nın vəfatın)dan sonra Bəni-İsrail böyüklərindən (əyan-əşraflarından) öz peyğəmbərlərindən birinə (Şəmuilə) «Allah yolunda döyüşməyimiz üçün bizə bir hökmdar göndər» deyən dəstəyə (onların halına qəlb gözü ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: «Heç sizə döyüş yazılacağı təqdirdə vuruşmayacağınız (və itaətsizlik edəcəyiniz) ehtimalını vermirsiniz?» Dedilər: «Bizə nə olub ki, öz ev-eşiyimizdən və övladlarımızın yanından çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə onlara döyüş yazılan zaman, onların az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır.

247. Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.»

248. Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «.

249. Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».

250. Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz