Xums bəhsində nə qədər məsələlər və işarələr etmişdiksə, onlardan artıqlaması ilə zəkat bəhsində də danışmaq olar. Ona görə ki, əgər xums bəhsi Qurani-Kərimdə dörd-beş yerdə gəlibsə, zəkat bəhsi ən azı əlli dəfə Quranda namazla birlikdə qeyd olunmuş və onun verilməsinə çox təkid olunmuşdur. Xums və zəkat İslam dininin iqtisadiyyatını təşkil edən ən böyük əsaslardan sayılır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) İslam hökuməti təşkil etdiyi ilk günlərdən xums və zəkat məsələsinə çox diqqət yetirmiş və bununla da müsəlmanların iqtisadi vəziyyətlərini möhkəmlətmişdir. Bu cəhətdən Allah-taala Quranda namazdan sonra ən çox zəkata təkid etmişdir. Quran başdan-başa “namaz qılın və zəkat verin” – deyə car çəkir. Bu da İslamda zəkatın nə qədər zəruri və əhəmiyyətli olmasına dəlalat edir. İndi də Quranda zəkat barəsində olan bir neçə ayəyə diqqət yetirək:
QUR`AN ZƏKAT BARƏSİNDƏ
1.“...Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!” (“əl-Maidə”,12).
2. “...(Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə yazacağam!” (“əl-Əraf”,156).
3. “...(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (“ət-Tövbə”,34).
Əlbəttə ki, zəkat barəsində nazil olan çox ayə göstərmək olar. Lakin bir neçə ayə göstərməklə kifayətlənirik.
ZƏKAT HƏDİSLƏRDƏ
Qeyd olunan Quran ayələrindən əlavə yüzlərlə rəvayətlərdə zəkatın verilməsinə təkid olunmuş və onun şəri vəzifə kimi (şəraiti olan) hər bir müsəlmana vacib olması bildirilmişdir. Əlbəttə, oxuduğumuz Quran ayləri tam aydınlığı ilə zəkatın vacib olmasına dəlalət edir. Amma məsumların (ələyhimussalam) kəlamından bu barədə eşitmək məsələni daha da aydınlaşdırar. Ona görə də bu mövzuda bir neçə rəvayətə işarə etmək istərdik.
Əmirəl-möminin Əli (əleyhissalam) bu barədə “Nəhcül-Bəlağədə” buyurur:
“Namaz və zəkat, müsəlmanların Allaha yaxın olmasından ötrü vəsilə qərar verilmişdir. Hər kim bu əməlləri öz meyli, rəğbəti ilə və səmimi qəlbdən əncam versə, bu ondan ötrü günahlarının kəffarəsi və Cəhənnəm atəşinin müqabilindkə maneəsi hesab olunar. Hər kim onu (zəkatı) verirsə, yaddan çıxarmalı və bu əməli özünə görə qəm və zərər hesab etməməlidir. (Çünki, bu əməl sırf xeyirdən başqa bir şey deyildir və tezliklə bir neçə qat savabına çatacaq). Lakin hər kim onu meyilsizliklə edə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qanunlarına cahildir (Nəhcül-Bəlağə, 190-cı kəlamdan).
HANSI ŞEYLƏRƏ ZƏKAT DÜŞÜR?
Zəkat məsələsi xumsdan daha aydın və dəqiqdir. Zəkatın vacib olmasının bir neçə şərtləri vardır. Əvvəlcə hansı şeylərə zəkat düşür. Aşağıdakı doqquz şeyə zəkat düşür: 1. Buğda; 2. Arpa; 3. Xurma; 4. Kişmiş; 5. Qızıl; 6. Gümüş; 7. Dəvə; 8. İnək; 9. Qoyun;
Zəkatın vacib olmasının şərtləri vardır ki, aşağıdakılardır:
1. Mal sonradan deyiləcək miqdar həddinə çatsın;
2. Malik həddi-büluğa çatsın;
3. Malik öz malından istifadə edə bilsin;
Qeyd etmək lazımdır ki, hər bir malın zəkatının özünün xüsusi vaxtı vardır. Xumsda olduğu kimi, əgər bir şey müəyyən miqdara çatdıqda zəkatı verilirsə, ikinci müəyyən olunmuş həddə çatmayınca o malın zəkatı yoxdur. Yalnız ikinci və sair deyilmiş olacaq miqdarlara çatdıqda malların yenidən zəkatları vacib olur. İndi də hər bir malın özünəməxsus zəkat hesabını aydınlıqla nəzərdən keçirək. Bu hesabların hər birinə çatdıqda malının zəkatını çıxarmaq hər bir müsəlmana vacibdir. Lakin malın zəkatını nə qədər olmasına gəlincə, hər bir malın özünə məxsus zəkat miqdarı vardır.