11 ayın sultanı olan Ramazana lap az qalır. Bütün İslam dünyasında
sevinclə dolu bayram abu-havası hökm sürür. Allaha iman gətirən insanlar bu
böyük ayı səbirsizliklə gözləyir. Bəs biz necə bu böyük imtaha hazırıqmı?
Ramazana yetərincə hazır olmaq üçün bu ayın fəlsəfəsini, Allah
mərtəbəsində dəyərində dərk etmək lazım gəlir. Gəlin Qurana və sünnəyə diqqət
yetirək: Oruc nə üçün bu qədər önəmlidir? Hansı əsasla bu ibadətə belə böyük
dəvət var? Müqəddəs kitabdan oxuyuruq: "Ey
iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə
də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("əl-Bəqərə”,183). Deməli
artıq ən mötəbər mənbə olan Quran səviyyəsində oruc vacib bilinir. Həmçinin ayədəorucun əvvəlki ümmətlərə vacib olunması qeyd
olunur. "əl-Mizan təfsiri”ndə qeyd olunur ki, bu ifadədə Musa və İsapeyğəmbərlərin (hər ikisinə salam olsun) ümmətləri
kimi ümmətlər nəzərdə tutulmuşdur.
İnsanları düşündürən
başqa bir şey isə orucun əmr edilmə fəlsəfəsidir. İnsan oruc tutarkən ilk əvvəl
nəfsinə uymaqdan uzaq olur. Aclıqla, şəhvətlə mübarizəsini gücləndirir. Həmçinin
kasıbların, yoxsulların gündəlik yaşayışlarını anlayır, artıq onlara qarşı daha
həlim davranır. Bu həmçinin insanın zəkatını, xümsünü vaxtlı-vaxtında verməsinə
gətirib çıxarır. Nəhayət, bəndə bütün bunları Allah rzası üçün edir. Əsas hədəf
də budur-Allah rzası üçün! Allah-təala Quranda bu öz rəsuluna və möminlərə əmr
edir: "De: "Mənim namazım da, ibadətim də,
həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” ("əl-Ənam”,162). Hər
gün 5 vaxt namaz qılarkən "qürbətən iləllah” niyyəti edirik, yəni namazımızı
Allah yaxınlaşmaq, onun əmrini yerinə yetirmək niyyəti ilə qılırıq. Oruc da
eyni ilə belə olmadılır. Bəndə anlamalıdır ki, oruc sağlam olmaq, arıqlamaq və
s. niyyətlərlə yox, ancaq Allahın əmrini yerinə yetirmək məqsədi ilə
tutulmalıdır. Əks halda bu oruc savab yox, günah mahiyyəti daşıyar.
Ramazan ayı həm də
bir bağışlanmaq ayıdır. Hədislərdə buyurulur ki, Allah-təala bu ayda rəhmət
qapılarını açar. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin
qapıları açılar və şeytanlar zəncirlənərlər” ("Biharul-Ənvar, c.96,səh. 348 , hədis
14”).
Ramazana bir islah
ayı kimi də baxmaq lazımdır. Şübhəsiz, biz günahkar bəndələrin gündəlik bəlkə də
o qədər önəm verməyərək işlədiyimiz günahlar var. "Ağ yalanlar”, qeybət, söyüş
kimi dil bəlaları çox müsəlmanda heyf ki, müşahidə olunur. Gəlin heç olmasa ildə
bir ay-Ramazan ayında bu günahlara ara verək. Çünki insan əvvəlcədə bu ayda həmin
əməllərdən çəkinməyi hədəfləsə və çəkinsə, artıq sonra da bu günahları işləməz.
Nəticədə, bəndə bu günahdan çəkinməyin mümkünlüyünü anlayar.
Ramazanın digər bir xüsusiyyəti
də ibadət, zikr ayı olmasıdır. Bu ayda Allaha təsbih demək, müstəhəbbi namazlar
qılmaq çox faydalıdır. Bir çoxumuz Allahın zikrindən ayrı düşmək üçün müxtəlif
bəhanələr axtarır, bunu işimizin çox olması, vaxtın darlığı ilə izah edirik. Gəlin
heç olmasa bu ayda Allahı anmaqdan uzaq düşməyək! Metroda gedə-gedə, oturanda,
uzananda zikr edək! "Lə iləhə illəllah”, "Subhanəllah”, "Allahu məğfirli” və s.
zikrlərlə Allahı təsbih edək! Bu ayda ibadətlərə nə qədər böyük qaşılıq
verildiyini xatırlayaq! Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!”
("Əmali-Səduq,səh. 52 , hədis 2”).
Amma əvvəldə qeyd
etdiyimiz kimi ibadətin fəziləti onun bəndəni günahlardan təmizləməsi ilə ölçülər.
Deməli ibadətlərimizi artırdığımız kimi, günahlarımızı da azaltmalıyıq. Əks
halda ibadətimizin Allah dərgahında bir yeri, dəyəri olmaz.
Ey iman gətirən şəxs!
Ramazana layiqincə hazırlaş və bağışlan! Bu ayda bağışlanmayan "bədbəxt”
adlandırılıb! Sözümüzü isə gözəl bir hədisi-şəriflə bitirmək yerinə düşər. Hədis
isə yenə sevimli peyğəmbərimizdəndir (s): "Ramazan
ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”
("Biharul-Ənvar”, c.96,səh. 34 , hədis 8).