Həmd olsun Allaha, bütün yaradılanların Rəbbinə
ki, bizə Ramazan kimi rəhmət və bərəkət dolu ayı bəxş etmişdir. Bu ay həm fəziləti, həm əhval ruhiyyəsi ilə
bütün aylardan fərqlənir...
Ramazan ayının ilk günü ilə birlikdə nur və
sevinc dolu günləri yaşamağa başlayarıq.
Kainat şənlənər, dünya cənnətdən süzülən nurani bir hava ilə
dolub-daşar. Rəhmət ölkəsindən müjdələr, aləmlərin Rəbbindən salam və məğfirət
gətirər Ramazan ayı...
Müqəddəs kəlamın nazil olmasını (Qədr gecəsini)
insanlarla birlikdə cinlər, mələklər, ağaclar, çiçəklər də qeyd edir... Görünən
və görünməyən bütün aləmlərdə bayram yelləri əsir...
Bu ayın Allah qatında xüsusi bir yeri
var...Ən geniş rəhmət qapıları bu ayda açılar. Başda Qurani-Kərim olmaqla! Zəbur,
Tövrat, İncil kimi digər səmavi kitabların da bu ayda nazil olması, bu günlərin
nə qədər dəyərli olduğunu anlamamız üçün bir sübutdur...
Bu günlər həm də möminlər üçün bir fürsətdir...
Bu ay Rəbbləri tərəfindən onlara bəxş olunub ki, Ona öz qulluq dərəclərini,
ilahi məhəbbəti göstərsinlər. Bütün bu ibadətlər (oruc) əlbəttə ki, nəticəsiz
qalmayacaqdır.
Bu ibadətlərin qarşılığını aləmlərin Rəbbi
özü verəcəkdir... Ona güvənən, Onu özünə vəkil edən aciz qalmayacaqdır!
Ramazan hər cəhəti ilə ibadət ayıdır. Sübh
azanından məğribədək oruc tutan, bu vaxt ərzində isə üç namaz qılan, dua edən bəndə bəlkə özü də bilmədən hər
saniyə Allahı zikr edir. Rəhim olan Allah da bəndəsinin bu duasını qarşılıqsız
qoymaz, ona cənnət qapılarından birini açar, axirətdə elçisindən şəfaət nəsib
edər inşallah!
Ramazanda min aydan daha xeyirli olan Qədr
gecəsi vardır. Səmavi kitabların sonuncusu və Həzrət Muhammədin (salləllahu
aleyhi və alihi və salləm) möcüzəsi olan "Qurani-Kərim” bu gecədə nazil olmağa
başlamışdır...
Saytımızın adminstrasiyası adından hamınızı
müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirik. Allah
tutduğunuz orucları qəbul buyursun!
|