Bilmilləhir-Rahmənir-Rahim.
Allahın salam və salavatı olsun elçisi Muhammədə, onun pak Əhli-beytinə, sadiq
səhabələrinə və yolunu izləyənlərə. Bu gün İslam dünyasında çox böyük bir kədər
günüdür. Bu gün Peyğəmbərimizin (s) nəvəsi, cənnət cavanlarının əhli, möminlərin
əmirinin oğlu, Fatimə xanımın (s.ə.) balası, müsəlman ümmətinin imamı, Allah-Təalanın
xəlifəsi Həzrəti İmam Hüseyn ibni Əlinin (əleyhissalam) şəhadəti günüdür. 14 əsr
əvvəl bu gün Yezid ibn Müaviyyənin (l) mənfur qoşununu Həzrəti Hüseyni (ə) vəhşicəsinə
qətlə yetirmişdir. Bununla İmam Hüseyn (ə) şəhidliyin ən uca zirvəsinə yüksəlmiş
və "Seyiddüşühəda” adını qazanmışdır. O, İslam uğrunda, Həzrəti Muhammədin (s)
dini uğrunda, imamət dünyası uğrunda şəhid oldu. O mənfur Yezidə məğlub olmadı,
əksinə qələbə çaldı, 72 nəfərlə 30 minin qabağında boyun əymədi, o sübut etdi
ki, Əhli-beyt Peyğəmbər (s) yolunda hər şey etməyə qadirdir, hətta bu Kərbəlaya
gəlib qanına qəltan olmaq olsa belə... İmam Seyiddüşşühəda (ə) özündə Peyğəmbərin
(s) qorxmazlığını, Əlinin (ə) igidliyini birləşdirdi...
Hələ bu böyük qəhrəman
doğulduğu gün Həzrəti Cəbrail (ə) Peyğəmbərə (s) bu şəhadət xəbərini gətirmiş,
bu xəbər qarşısında özünü saxlaya bilməyən Allah elçisi gözyaşlarına qərq
olmuşdu...
Bu gün də İslam
gözyaşları içindədir. Hüseynə mələklər, dağlar, daşlar, çaylar ağlayır, bu gün
Rəsulullah (s) ağlayır... Bu gün Əhli-beyt aşiqləri ağlayır...
"Ağlayır” dediysək
bu mənəvi məna ifadə edir. Həzrəti Əli (ə), "Möminin sevinci üzündə, qüdrəti
dinində, kədəri qəlbindədir” deyə buyurmuşdur. Bu gün Allaha çoxlu ibadət etməli, dualar oxumalı, Həzrət Hüseyni (ə) yad etməli,
səbr etməliyik. Allah bizi Hüseyndən
ayrı salmasın, Axirətdə bizə onun şəfaətini bəxş etsin! Allah-Təala Hüseynin
qatillərinə, düşmənlərinə lənət etsin! Bütün müsəlmanlara başsağlığı veririk! İmam Sahib əz-Zamana başsağlığı veririk!
|