Bağışlayan və mehriban Allahın adı ilə İmam Hüseyn (ə) qiyamı ilə yeni bir məktəb (islamın əməl məktəbini) yaratdı. Zaman keçdikcə xainlər İmam Hüseyn (ə) məktəbinə xəyanət edib təhriflər yaratmağa başladılar. Nəticədə bu məktəbin əsas amalını pərdə arxasına çəkib Hüseyni (ə) yazıq və zülmə məruz qalmış bir fərd kimi tanıtdırmağa başladılar. Çünki təhrifin ziyanı fövqəladə dərəcədə böyükdür. Təhrif edənlər bilirlər ki, Hüseynin (ə) qiyamı məktəblikdən çıxarılandan sonra daha ona tabe olmağına luzum qalmayacaq. Yəni nəticədə Kərbəla hadisəsindən istifadə etmək mümkün olmaz. Əhli-beyt məktəbinə bundan böyük xəyanət təsəvvür olunmaz. Bəs nəyə görə Əhli-beyt imamları təkid ediblər ki, İmam Hüseyn əzası daim davam etdirilsin? Hər il bu əzanı təzələməkdən hədəfləri həzrət Zəhraya (ə.s) təsəlli verməkmi olub?
Hüseyn (ə) müsəlman ümmətinə şəxsiyyət verdi. Bir millətə şəxsiyyət vermək, yəni azadlıq eşqini onun sinəsində alovlandırmaqdır. Müsəlman ümmətinə öyrətdi ki, başqalarına muti olmayan millət şəxsiyyətə sahib ola bilər. Azadlıq və şəxsiyyəti müstəqil olmaq hissi İmam Hüseyni bu xətərli qiyama sövq etdi və Rəsulullahın vəfatından əlli il sonra İslamın həqiqi çöhrəsi munafiqlər tərəfindən ləkələndiyi bir zamanda ümməti ayıltmaq üçün meydana girdi.
Məsihilər mötəqiddirlər ki, İsa (ə) çarmıxa çəkilməyi qəbul etməklə özünü ümmətinin günahlarına fəda etdi. Bununla da onlar günahlarının paklanmasını İsanın boynuna atırlar. İslam ümməti arasında da bu cür təfəkkür edənlər mövcuddur. Digər bir dəstə deyirlər ki, Hüseyn (ə) Kərbəlada təqsirsiz bir dəstə əşrar və sitəmkarların əli ilə qətlə yetirildi. Dünyada gündə minlərlə insan günahsız sitəmkarların əli ilə öldürülür, bununla belə heç kim illərlə oturub onların zülm və sitəmlə öldürülməsindən bəhs edib təəssüflənmir. Onların qanlarının hədər axıdılmasını etiraf edirlər və illər keçəndən sonra heç kəs onları xatırlamır. Kim indiyə qədər Hüseyn ibn Əlinin qanının hədər getdiyini deyib. Əksinə Hüseyn ibn Əlinin hər damla qanı tarixin yeni bir səhifəsini yazdı və həmişə də qeyrət məktəbində xariqələr yaradır. Hüseyn şəhadəti ilə əbədi olaraq sitəmkarların səltənətlərini lərzəyə gətirdi. Hüseyn (ə) əzasının daim yeniləşməsinə təkid edənlər məhz bu məktəbin hədəfini insanlara çatdırmaq istəyiblər. Onu yazıq və biçarə kimi tanıtdırmaq üçün yox. Əgər indi məhərrəm ayında və məxsusən Aşura günündə bəzi xoşa gəlməz əməllər və bəzən də xurafat görəndə bilməliyik ki, bu məsələdə birinci növbədə ruhanilər muqəssirdirlər. Söhbətimiz İmam Hüseyn məktəbində yaranmış təhrif haqqında olduğu üçün öncə biz bu təhrifin yaranmasına kömək edən əsas səbəbləri araşdırmalıyıq. Araşdırmalardan belə məlum olur ki, bu təhrifdə iki amil əsas rol oynayır. Birinci amil: İmam Hüseyn üçün məclis quranlar çalışırlar ki, qurduqları məclis məntəqədə səs salsın və hər yerdə həmin məclsdən danışsınlar. İstər yas məclisləri və istərsə muhərrəmliklə əlaqədar qurulmuş təkyələr bu ideyanı əhatə edir. Məhz belə məclislərə dəvət olunmuş rövzəxan məclisin daha gur keçib məclis sahibinin onu yaxşıca mukafatlandırması üçün əlindən gələni əsirgəmir. Nəticədə rövzəxan oxşama deməyə başı qarışdığından oxuduğu rövzəni yalanlarla bəzəməkdən həya etmir. Etiraf etmək lazımdır ki, cəmiyyətin xurafatda qalması məscidlərdə fəaliyət göstərənlərin dəyirmanına su töküb onun daha sürətlə işləməsinə kömək edir. Şivən qoparıb camaatı İmam Hüseyn ideyasına yox özünə məftun edənlər islam məarifindən heç bir məlumat vermirlər. Haradan məlumat versinlər ki, bir halda özlərinin məlumatları yoxdur. Onların məqsədləri İmam Hüseyn adından istifadə edib camaatı özlərinə tərəf cəzb etməkdir. Avam camaat da onları yaxşı oxşama dediklərinə görə zəmanənin bilicisi kimi qəbul edirlər. Camaat məclisin sonunda onu bəh-bəh deyə tərifləyəndə bu təriflər onları gələn məclislər üçün yeni yalanlar qondarmağa vadar edir.
İkinci amil: Əksər məscidlərdə fəaliyət göstərən mollaların məscidləri gədaxanaya (nəzir yığılan yer) çevirmələridir. Məscidlər insanların ilahi maarifdən faydalanmalarına xidmət göstərən bir mərkəz olmalıdır. Təəssüflər olsun ki, əksər məscidlər nəzir qutularının yerləşdirilməsi üçün mərkəzə çevrilib. Təkcə Bakı şəhərində tanınmış məscidlərin birində adi günlərdə yeddi nəzir qutusu fəaliyət göstərir. Bunu da qeyd etmək lazımdır ki, həmin nəzir qutuları gözə gəlimli yerlərdə yerləşdirilir ki, məscidə daxil olan birinci onu ziyarət etsin. Aşura günündə bu qutuların sayı iki bərabər artır. Bundan əlavə qara bez parçaların təbərrük kimi satılmasını demirik! Məlum olur ki, İmam Hüseyn məktəbindən "səmərəli istifadə” edənlər var. Çünki camaatın əksəriyyəti avamdır və onların avam olaraq qalmaları bir dəstənin ən böyük arzusudur. Haqqında danışdığımız məscidin minbərinin texniki layihəsi də bu ideyanın təzahurüdür. Çünki minbərin altı boşdur. Məscidə gələn avamlar (onların əksəriyyəti qadınlar, və məxsusən cavan qızlardırlar) içəri daxil olanda orada onlara yol göstərənlər onu yeddi dəfə təvaf etmək üçün minbərin altına tərəf hidayət edirlər. Həmin avamlar minbərin bu tərəfindən girib o tərəfindən çıxanda Molla Cəbinin sözü yada düşür. "Heyvanuva şükür Pərvərdigara!” Rəsulullah (s) buyurub: "Bidətlər aşikar olduğu zaman alimə vacibdir ki, elmini aşikar etsin. Əks halda Allahın lə`nəti olsun ona!” İslama aid olmayan bir əməli islama nisbət vermək bidət adlanır. Bidəti icad edənlər əslində bu əməl vasitəsilə islamı ləkələmək məqsədi güdürlər. Bunun qabağını almaq üçün alim gərək vəzifəsini yerinə yetirib elmini zahir etsin. Digər bir hədisdə Rəsulullah (s) buyurub: "Əgər Mənim ümmətimdən iki sinif saleh olsa onda ümmət də saleh olar. Əgər bu iki sinif xarab olsa, onda ümmətim də xarab olarlar. Səhabələr soruşdular ki, o iki sinif kimlərdirlər ya Rəsuləllah? Buyurdu: Alimlər və əmirlər.” (Tohəful uqul)
Alimlərin vəzifələri həqiqəti bəyan edib yalanla mübarizə etməkdir. Alimlər qeybət məsələsində icazə veriblər ki, Peyğəmbər və imam adından yalan danışıb bidət yaratmağa cürət edənin fitnəsini aşikar edib onu rüsvay edin. Çünki alimlər Peyğəmbər və imamlardan sonra onların vəzifələrini yerinə yetirməkdə məsuldurlar. Elman İbadov kerrar@mail.ru Saytın materiallarından istifadə edərkən istinad zəruridir.
|