Və Zənnunu
(balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb
getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı
güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin
və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa
bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan
da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün)
zalımlardan olmuşam.» Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən)
qurtardıq. Biz möminlərə bu cür nicat veririk ("əl-Ənbiya”, 87-88).
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi
(Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında
Allahı) səslədi. Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi
vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və
qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son
dərəcə hörmətlə sahilə çıxdı). Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi
lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi ("əl-Qələm” 48-50).
Buna görə də
əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak
sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən)
qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı ("əs-Saffat”,
143-144).
Deyirlər ki, Həzrət Yunis (ə) kimə və niyə qəzəbləndi? Niyə Allahın onu çətinliyə
salmayacağını güman etdi? Hətta bəziləri (nəuzubillah!) Həzrət Yunisin (ə)
Allaha qəzəbləndiyini və ayədəki "ləm nəqdirə aleyhi” cümləsini "ona güc gələ
bilməyəcəyimizi zənn etdi” şəklində tərcümə etmiş, hətta "belə zənnə qapılan
məsum ola bilərmi?!” deyə sual etmişlərdir.
Həmçinin ayədəki "Həqiqətən mən zalımlardan idim” və ya 2-ci ayədə qeyd olunan
"Qınanmış olaraq” sözünü də iddialarının başqa bir dəlili kimi zikr etmişlər.
Həmçinin 2-ci ayə qeyd olunan "Sən səbir et və Yunis kimi olma” cümləsini onun
xəta etməsinə, 3-cü ayədəki "Əgər o, (Allahı) çox təqdis edənlərdən olmasaydı,
yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı” ifadəsini cəzaya layiq
olan, amma bağışlanan bir günah etdiyini deyib, məsum olmadığını isbat etməyə
çalışıblar.
Əvvəla peyğəmbərlərin məsumiyyəti ilə bağlı olan bu kimi mövzuları tədqiq etmək
üçün məsumiyyətin hədlərini aydın qeyd etmək zəruridir. Əhli-beyt məzhəbi
peyğəmbərin məsum olduğunu əqidəsində olmaqla adi insanlara haram olanlardan
çəkinməsini, vacibləri yerinə yetirməsini, insanlara ilahi göstərişləri çatdırarkən
xəta etməmələrini və insanların inamını qıraraq pis nümunə olmamalarını nəzərdə
tutur. Amma bu hədlərdən kənarda bəzi xətalara yol verilməsi, ya da insanlara
pis nümunə olmamaq şərti ilə onların özlərini maraqlandıran işlərdə xəta etməsi
mümkündür (buna "tərki-övla” deyilir). Həzrət Yunisin əməli də bu mahiyyətə
malikdir. Bəs onun tərki-övlası nə idi?!
Allah-Təalanın Həzrət Peyğəmbərə (s) "Belə isə, Rəbbinin hökmünə səbr et və
balıq sahibi kimi olma!” müraciətindən başa düşürük ki, Həzrət Yunis bir növ
tələskənlik etdi. Bəs o, qövmünə bəddua etməkdəmi tələsdi, yoxsa onları tərk
etməkdə? Əslində zahiri nişanilərə əsasən artıq onlardan ümidini kəsmişdi. Amma
yenə də ona yaraşan sonuna qədər səbr etməsi və oranı tərk etməməsi idi. Ya da
tələskənlik edib Rəbbinin əmrini gözləməməsi idi. Yaxud da hər üçü idi.
Aydındır ki, bu əməllərdən hər üçü haram deyildi, amma onun kimi yüksək məqam
sahibinə yaraşan bunları etməməsi idi. Beləliklə, o tələsərək tərki-övla etdi. Amma
Yunis peyğəmbər (ə) kimi yüksək məqamlı şəxslər üçün bu qədər belə ağırdır və
onlara baha başa gələr. Yəni o işi bizim kimi biri etsəydi, əsla ona günah
sayılmazdı. Başqa sözlə desək bu bir növ nisbi günahdır.
Bütün əql sahibləri qəbul edir ki, insanın şəxsiyyətinin böyüklüyü onun məsuliyyətlərini
artırır. Bildiyimiz kimi şəri hökmlər vacib, haram, müstəhəbb, məkruh, mübah
kimi 5 yerə bölünür. Vacib və haramlarda heç bir bəndə ixtiyar sahibi deyildir.
Amma digər hökmlərdə adi müsəlmanlar ixtiyar sahibidirlər.
Amma elə yüksək məqamlı insanlar var ki, onların müstəhəbb və məkruha diqqət
yetirməsi zəruridir. Hətta elə övliyalar var ki, onların mübah işləri belə tərk
etməsi təqdirə layiqdir.
Xülasə, Haqqın əzəmətinə hər kəsdən çox arif olan şəxs, bu hökmlərə də hamıdan
daha həssas yanaşmalıdır.
Bu açıqlamalar işığında Həzrət Yunisin (ə) özünə zülm etdiyini deməsi, Allahdan
əfv diləməsi və Allahın onu nə üçün cəzalandığını anlamağımız yuxarıda qeyd
edilən çərçivədə başa düşüləndir.
Bəzilərinin ayədəki "Bir zaman o qəzəblənərək çıxıb getmiş” ifadəsini Yunisin
(ə) Allaha qəzəbləniyini (nəuzubillah!) demələri qorxunc bir böhtandır. Bu
hərəkət Allah-Təalanın peyğəmbərindən necə gözlənə bilər?! Həzrət Yunisin (ə)
qəzəbi o qədər təbliğə baxmayaraq iman etməyən qövmünə idi.
Ya da "Fə zənnə ən ləm nəqdira aleyhi” cümləsindəki "Ləm nəqdir” ifadəsini "O
ona güc gələ bilməyəcəyimizi zənn etdi” şəklində səhv tərcümə etmək də
cahalətin göstəricisidir. Bu "Fəcr” surəsinin 17-ci ayəsində olduğu kimi "Onu
əsla sıxıntıya düçar etməyəcəyimizi zənn etdi” kimi tərcümə olunmalıdır.
Əlbəttə Həzrət Yunisə bu tərki-övla da yaraşmır. Amma bu vəhy və təbliğ bağlı
olmadığından məsumiyyətlə ziddiyət təşkil etmir. /kevsernet/
Həbbə Övfinin dilindən deyirlər ki, Əmirəlmö'minin (Əli) demişdir: «Allah mənim vilayətimi göy və yerin əhlinə ərz etmişdir. Bunu qəbul edənlər qəbul etmiş, inkar edənlər inkar etmişlər. Yunis əleyhissəlam onu inkar etmiş, Allah da onu mənim vilayətimi qəbul edənəcən balığın qarnında həbs etmişdir» «Bəsair əd-dərəcat", 2-ci cild, səh.10, Tehran çapı»
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]