Bu günlərdə sanki İslam dünyası sevincdolu
günlərə bürünüb. Dünyanın hər yerindən müsəlmanlar Səüdiyyə Ərəbistanına,
İslamın beşiyi olan Məkkəyə yola düşürlər. Zəvvarların gözündə həyəcən,
qalanların gözündə isə sanki bir həsəd hiss olunur. Axı kim bu xoşbəxtliyi
yaşamaq istəməz ki? Müqəddəs torpaqlara çatanların gözlərində sanki İslamiyyətin
ilkin dövrləri canlanır: Əziz Peyğəmbərimizin (s) bu diyarda doğulması, sonuncu
elçi seçilməsi, Məkkə müşriklərinin ona verdiyi əzab-əziyyətlər və s. Amma bu
gün Məkkə milyonlarla müsəlmanı öz müqəddəs qoynuna alır. Bəs necə həyəcanlanmayasan?
Firqələrə, məzhəblərə bölünən müsəlmanlar bir araya gələcək, əslində vahid ümmət
olduqlarını, sadəcə bəzən şeytana uyub mübahisə etdiklərini göstərəcəklər!
Bu xoşbəxtliyə nail olanlar görəsən nə
fikirlə ora yolanırlar? Kimin ürəyində nə düşündüyü yalnız Rəhmana məlumdur,
amma əməllər niyyətlərə görədir. Yalnız Rəbbini anmaq, ona olan borcunu ödəmək,
onun rzasını qazanmaq istəyənlər bu imtahandan üzüağ çıxacaqlar! Allah bütün
müsəlmanların ziyarətini qəbul etsin!
|