Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə
olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır:
1. Peyğəmbərimizin çox qadınla evlənməsi, Allah tərəfindən ona verilmiş imtiyaz
idi. Sıravi müsəlmanlar eyni vaxtda yalnız 4 qadınla daimi evlilik halında
yaşaya bildikləri halda, Həzrəti Rəsulullaha (s) onlardan seçilmək üçün daha
çox qadınla evlənmək icazəsi verilmişdi. Zəməxşəri və başqa bəzi alimlərin qeyd
etdiyinə görə, Peyğəmbərimiz eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya
bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).
2. Peyğəmbərimizin həyat yoldaşlarının sayı barasində mənbələrdəki məlumatlar
ziddiyyətlidir. Mərhum Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabının
sonuncu cildində, "Ummu'l-muminin" başlığı altında yazır ki, Peyğəmbərin
həyat yoldaşlarının 11, 12, 15, 18, 21 və 22 nəfər olması barəsində
nəzəriyyələr mövcuddur.
Məşhur tarixçi Məsudi "Murucu'z-zəhəb" kitabında (2-ci cild, səh.
282-283) qeyd edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) 15 nəfər qadınla
evlənmişdir. O, bunların 11 nəfəri ilə fiziki əlaqədə olmuş, 4-ü ilə isə
yaxınlıq etməmişdir. Məsudi "Murucu'z-zəhəb"də qadınlardan yalnız
üçünün - Xədicə, Səvdə və Aişənin adını çəkib, haqlarında qısa məlumat verir. Özünün
qeyd etdiyinə görə, o, Peyğəmbərin xanımlarının hamısı barəsində başqa bir
əsərində – «Kitabu'l-əvsət»də ətraflı söz açıbmış; "Murucu'z-zəhəb"də
isə yalnız qadınların sayını qeyd etməklə kifayətlənir.
Həzrəti Muhəmmədin (s) həyatından bəhs edən "Sireyi-İbn Hişam"
kitabında Pey-ğəmbərin xanımlarının sayı 13 nəfər göstərilir. Peyğəmbər onların
11-i ilə əlaqədə olmuşdur. Bu 11 nəfərdən ikisi (Xədicə və Zeynəb binti
Xuzeymə) Peyğəmbərin sağlığında vəfat etmiş, qalan 9-u isə Peyğəmbərdən sonra
da yaşamışdır. Onların adları belədir: Xədicə, Aişə, Səvdə, Zeynəb binti Cahş,
Ummu-Sələmə, Hafsa, Ummu-Həbibə, Cuveyriyyə, Səfiyyə, Meymunə, Zeynəb binti
Xuzeymə.
Peyğəmbərin əlaqədə olmadığı o biri iki qadının adı isə Əsma və Umrədir ("Sireyi-İbn
Hişam", fars. tərc., cild 2, səh. 417-422). Həmin kitabda 13 nəfərin hər
biri barədə qısa məlumat verilmişdir.
Digər məşhur tarixçi Yəqubi Həzrəti Peyğəmbərin (s) 21 və ya 23 nəfər qadınla evləndiyini
yazmışdır. Yəqubi qeyd edir ki, Peyğəmbər bu qadınlardan yalnız 13 nəfəri ilə
əlaqədə olmuşdu. Qalanları ya kəbin kəsiləndən sonra, zifafdan əvvəl vəfat
etmiş, ya da zifafdan əvvəl Peyğəmbər onlara talaq vermişdi. 13 nəfərin
siyahısına "Sireyi-İbn Hişam"dakı 11 nəfər, Mariyeyi-qibtiyyə və
Ummu-Şərik Qəziyyə adlı qadın aiddir ("Tarixi-Yəqubi", fars. tərc.,
cild 1, səh. 452-455). Ehtimal olunur ki, Yəqubi öz kitabında Peyğəmbərin
yalnız daimi həyat yoldaşlarının deyil, kənizlərinin də adını qeyd etmişdir;
buna görə də onun kitabında 20 nəfərdən çox qadının siyahısı verilir.
Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabında saydığı nəzəriyyələrin
birində "Sireyi-İbn Hişam"dakı 11 nəfərlik siyahını təkrar etmişdir. Əllamə
Təbərsi "İlamu'l-vəra" kitabında həmin 11 nəfərə daha 10 nəfəri də
əlavə edərək, ümumi sayı 21-ə çatdırmışdır. Təbərsinin fikrincə, Peyğəmbər bu qadınların
12-si ilə (əvvəlki 11 nəfər və Ummu-Şərik) əlaqədə olmuşdur.
Əllamə Məclisi də "Biharu'l-ənvar"da sonuncu məlumatı təsdiq edir,
amma Peyğəmbərin əlaqədə olmadığı qadınların sayını 10 nəfər göstərir. Beləliklə,
Əllamə Məclisiyə görə, Həzrəti Rəsulullahın (s) xanımlarının ümumi sayı 22 nəfər
imiş.
Bir daha qeyd edirik ki, bəzi kitablarda Peyğəmbərin xanımlarının sayının çox
olması bu səbəbdəndir ki, müəlliflər kənizləri də buraya aid etmişlər. Bəzən
eyni bir qadının başına gələn hadisələr iki müxtəlif adama aid edilmiş, bəzən
də bir qadının adındakı nöqtə və hərflərin dəyişməsi üzündən yeni ad
yaranmışdır.
Fransız tədqiqatçısı Qustav le Bonun "İslam və ərəb mədəniyyəti"
kitabını fars dilinə tərcümə etmiş Seyyid Haşim Hüseyni də Peyğəmbərin
izdivacları mövzusunda yazdığı müxtəsər haşiyələrdə Peyğəmbərin 11 nəfər xanımı
haqqında məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Qustav le Bon (1841-1931)
da adı çəkilən kitabda İslam mədəniyyəti barəsində ətraflı və düzgün məlumat
verməsinə baxmayaraq, Həzrəti Muhəmməd Peyğəmbəri (s) "qadınlara ifrat meyil
göstərməkdə" ittiham etmişdir. Seyyid Haşim Hüseyni bir tərcüməçi kimi
müəllifin sözlərinə əmanətlə yanaşmaqla yanaşı, bu və digər ziddiyyətli məqamlarda
haşiyə şəklində öz etirazlarını bildirmiş, qənaətbəxş cavablarla dinimizi bəzi
haqsız irad və töhmətlərdən müdafiə etmişdir.
Həzrəti Peyğəmbərin (s) izdivacları
Həzrəti Muhəmməd Peyğəmbərin (s) izdivaclarının səbəb və şəraitini araşdırarkən,
konkret olaraq 11 halın hər birini ayrı-ayrılıqda tədqiq etməliyik. Aşağıda
Peyğəmbərin 11 xanımının hər biri barəsində qısa məlumat verilir.
1. Həzrəti Muhəmməd Peyğəmbər (s) 25 yaşına kimi subay olmuş, 25 yaşında
ikən ilk dəfə ailə qurmuşdur. Onun ilk həyat yoldaşı Qureyş soyundan olan
Xədicə binti Xuveylid idi. Peyğəmbərimiz Məkkədə öz əmanətdarlığı ilə məşhur
olduğundan, Xədicə Şama (Suriyaya) göndərdiyi ticarət karvanına başçılıq etməyi
ona təklif edir. Həzrəti Muhəmməd (s) Xədicənin karvanına rəhbərliyi öhdəyə götürərək
Şama yollanır və böyük qazanc ilə qayıdır. Bu zaman Xədicə öz rəfiqələri
vasitəsilə xəbər göndərib Muhəmməd (s) kimi şəxsin həyat yoldaşı olmaqdan
məmnun qalacağını bildirir və Həzrəti Muhəmməd (s) Xədicə ilə evlənir. Peyğəmbərimizə
ərə gedərkən Xədicənin artıq 40 yaşı var idi və bundan əvvəl iki dəfə ərdə
olmuşdu. Birinci dəfə Əbu Halə adlı şəxslə ailə qurmuş, sonra boşanıb Ətiq adlı
şəxsə ərə getmişdi. Xədicənin bu iki nəfərdən övladları da var idi. Həzrəti
Xədicənin uca məqamı ilə bağlı bu üç nöqtəni qeyd etmək kifayətdir:
Birincisi, Həzrəti Xədicə İslamı qəbul etmiş ilk şəxsdir.
İkincisi, o, bütün sərvətini Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasına yardım
etmək üçün xərcləmiş və İslamın inkişafına güclü kömək göstərmişdir.
Üçüncüsü, Həzrəti Muhəmməd Peyğəmbər (s) Xədicənin vəfatına qədər başqa qadınla
evlənməmiş, ömrünün sonuna qədər isə Xədicənin adını ehtiramla yad etmişdir.
2. Həzrəti Xədicənin vəfatından bir qədər sonra Peyğəmbərimiz (s) Qureyş
soyundan olan Səvdə binti Zəm'a ilə ailə qurdu. Səvdə bundan əvvəl Səkran adlı müsəlmanın
həyat yoldaşı idi və əri ilə birlikdə Həbəşistana hicrət etmişdi. Həbəşistandan
qayıtdıqdan sonra Səvdənin əri vəfat etdi. Belə bir şəraitdə himayəsiz qalmış
Səvdə ya öz müşrik qohumlarının yanına qayıtmalı, ya da maddi və mənəvi
əziyyətlərlə üzbəüz qalmalı idi. Birinci halda o, dinini itirəcək və müşrik
olmaq məcburiyyəti qarşısında qalacaqdı. İkinci halda isə, aclıq və səfalətlə
üzləşəcəkdi. Həzrəti Muhəmməd (s) bu mömin qadını himayə edib çətinliklərdən
qorumaq üçün onunla evləndi.
3. Rəvayətlərə görə, Peyğəmbərin xanımları arasında yeganə bakirə qız
Aişə binti Əbu Bəkr olmuşdur; qalan qadınların hamısı Həzrəti Muhəmmədə (s) ərə
gedərkən dul olmuşlar. Hicrətdən iki il qabaq, Aişənin 7 yaşı olarkən, onun
kəbini Peyğəmbərimizə kəsilmiş, lakin yaşı az olduğundan Peyğəmbərimiz onunla bir
müddət əlaqədə olmamışdır. Aişənin 9 yaxud 10 yaşı tamam olanda Peyğəmbərimiz
onu həyat yoldaşı kimi qəbul etmişdir.
Məlum olduğu kimi, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Aişə ilə evlənməsinin səbəbi,
onun atası Əbu Bəkrlə münasibətləri dərinləşdirmək, Əbu Bəkri İslama daha da
yaxınlaşdırmaq idi.
(Aişənin Peyğəmbərə ərə gedərkən daha çox yaşa malik olması, hətta bundan əvvəl
başqa adamın həyat yoldaşı olması barədə də məlumatlar vardır ki, bunlar əksər
tarix kitablarında göstərilən yuxarıdakı görüşlərə uyğun olmadığı üçün, onları
burada qeyd etmirik).
4. Peyğəmbərimizin zaman etibarilə 4-cü izdivacı Ömər ibn Xəttabın qızı
Hafsa ilə olmuşdur. Hafsa bundan əvvəl Xuneys adlı şəxsin arvadı idi. Xuneys
öldükdən sonra Ömər dul qalmış Hafsanı layiqli bir adama ərə vermək istəyir. Bu
məqsədlə o, ən yaxın dostları olan Əbu Bəkrlə Osmana müraciət edir. Lakin hər
ikisi etiraz edib Hafsa ilə evlənmək arzusunda olmadıqlarını bildirirlər. Ömər
onlardan Peyğəmbərə şikayət edir və Peyğəmbərimiz Öməri sakitləşdirib buyurur:
"Sənin qızını Osmandan daha üstün bir adam alacaq". Sonra Həzrəti
Rəsulullah (s) Hafsa ilə özünün evlənmək istədiyini bildirir və beləliklə, 21
yaşlı Hafsa hicrətin 2-ci, yaxud 3-cü ilində "möminlərin anaları"
cərgəsinə qoşulur. Peyğəmbərin Hafsa ilə icdivacı da siyasi səbəbə əsaslanırdı
(Aişə ilə bağlı vəziyyətdə olduğu kimi).
5. Peyğəmbərimizin beşinci xanımı Zeynəb binti Xuzeymə idi. Hədsiz
səxavət və alicənablığına görə ona "Ummu'l-məsakin" (miskinlərin
anası) deyirdilər. Zeynəbin əri Abdullah Uhud döyüşündə şəhid olduqdan sonra
Peyğəmbərimiz bu alicənab qadını səfalətdən xilas etmək üçün onunla evləndi. Peyğəmbərə
ərə getdikdən bir neçə ay sonra Zeynəb binti Xuzeymə vəfat etdi. Peyğəmbərimiz
özü onun cənazə namazını qılaraq dəfn etdi.
6. Peyğəmbərin bibisi oğlu Əbu Sələmə Uhud döyüşündə aldığı ölümcül
yaradan vəfat etdikdən sonra arvadı Ummu Sələmə dörd uşaqla başsız qalmışdı. Ummu
Sələmə öz əri ilə iki hicrətdə - Həbəşistana və Mədinəyə hicrətlərdə iştirak
etmişdi. Bu qadının bütün qohumları Məkkədə idi. Mədinədə qəriblik şəraitində 4
nəfər yetimi böyütmək Ummu-Sələmənin imkanı xaricində idi. Buna görə də
Peyğəmbərimiz onunla evlənərək, uşaqlarına atalıq qayğısı göstərdi. Ummu Sələmə
Peyğəmbərin vəfatından sonra 50 ildən artıq yaşamış, həmişə Əhli-beytin (ə) müdafiəsi
yolunda öz nüfuz və bacarığından istifadə etmişdir. Onun Həzrəti Əli (ə),
Fatimə (ə), İmam Həsən (ə), Hüseyn (ə) və Zeynu'l-abidinlə (ə) mehriban
münasibəti tarixdə məşhurdur.
7. Həzrəti Rəsulullah (s) bibisi qızı Zeynəb binti Cahşı, öz oğulluğu Zeyd
ibn Harisə ilə evləndirmişdi. Lakin Zeynəbin xasiyyətinin pisliyi üzündən bu
ailə uğurlıı olmadı. Nəhayət, iş o yerə çatdı ki, Peyğəmbərdən icazə alandan
sonra Zeyd Zeynəbə talaq verib boşadı. Bundan sonra Peyğəmbər özü Zeynəblə ailə
qurdu. O vaxta qədər müsəlmanlar elə güman edirdilər ki, bir şəxsin oğulluğunun
arvadı da ona haramdır. Peyğəmbər öz oğulluğunun keçmiş arvadını almaqla
müsəlmanlara əyani surətdə başa saldı ki, yalnız doğma oğlun həyat yoldaşı
qaynataya haramdır. Peyğəmbərin bu icdivacı ilə bağlı bəzi kitablarda yazılmış
çirkin iftiralar tamamilə uydurmadır. Həmin iftiraya görə, guya Peyğəmbərimiz
Zeynəbi çimərkən görüb ona vurulmuş və Zeydi məcbur etmişdir ki, Zeynəbi
boşasın. Bu cür "rəvayətlər" Həzrəti Rəsulullahın (s) ünvanına
açıq-aşkar təhqir və həyasız böhtandan başqa bir şey deyildir.
8. Müsəlmanlar hicrətin 6-cı ilində Bəni-Mustaliq qəbiləsini məğlub
etdikdən sonra xeyli qadını əsir götürmüşdülər. Qəbilə başçısının qızı
Cuveyriyyə Sabit adlı müsəlmanın kənizi oldu. Cuveyriyyə öz ağası ilə müqavilə bağlamışdı
ki, ona hissə-hissə pul ödəyərək, axırda azad olacaq. Bu müqaviləni
rəsmiləşdirmək məqsədilə Cuveyriyyə Həzrəti Muhəmməd Peyğəmbərə (ə) müraciət
etdi. Peyğəmbərimiz hadisəni bilən kimi müqavilədə nəzərdə tutulmuş məbləği
ödəyib Cuveyriyyəni azad etdi və Cuveyriyyə öz razılığı ilə azad qadın kimi
onunla ailə qurdu.
Bundan sonra müsəlmanlar Bəni-Mustaliqdən olan bütün əsirləri azad etdilər. Onlar
Peyğəmbərin həyat yoldaşı ilə həmqəbilə olan şəxsləri əsir saxlamağı və onları
qul-qaravaş kimi işlətməyi düzgün hesab etmədilər. Nəticədə, Bəni-Mustaliq
qəbiləsi bu alicənablığa cavab olaraq, bütünlükdə İslam dinini qəbul edib,
müsəlman oldu. Aişə bu məsələni nəzərdə tutaraq söyləmişdir: "Öz
qəbiləsinə Cuveyriyyədən daha çox xeyir verən bir şəxs görməmişəm".
9. İslamın qatı düşməni Əbu Süfyanın qızı Ummu Həbibə öz əri ilə
birlikdə müsəlmanlığı qəbul edib Həbəşistana hicrət etmişdi. Həbəşistanda Ummu
Həbibənin əri İslamdan dönüb xristianlığı qəbul etdi, lakin Ummu Həbibə dinində
möhkəm qalıb ona tabe olmadı. Nəhayət, əri vəfat etdikdən sonra Həzrəti Peyğəmbər
vəkil vasitəsilə Həbəşistanda olan Ummu-Həbibənin kəbinini özünə kəsdirdi. Mədinəyə
qayıtdıqdan sonra Ummu Həbibə Peyğəmbərimizin xanımlarının sırasına qoşuldu. Bu
imanlı qadın bütün qohumluq əlaqələrini yalnız İslama tabe etmiş, hətta doğma
atası Əbu Süfyanla belə, çox soyuq davranmışdır.
10. Xeybər qalaları fəth olunduqdan sonra oradakı yəhudilərin başçısının
qızı Səfiyyə müsəlmanlara əsir düşmüşdü. Səfiyyənin əri Xeybər zadəganlarından
idi və döyüşdə öldürülmüşdü. Həzrəti Muhəmməd Peyğəmbər (ə) Səfiyyənin İslam
dininə meylini görüb, onu azad etdi. Səfiyyə İslamı qəbul edib müsəlman
olduqdan sonra Peyğəmbərimiz onunla evləndi. Bu hərəkət yəhudilərin bir
hissəsinin gözündə İslam dininin daha da ucalmasına səbəb oldu.
11. Hicrətin 7-ci ilinin sonunda Peyğəmbərimiz daha bir qadınla -
Meymunə bint Harislə ailə qurdu. Meymunə Həzrəti Rəsulullahın (s) əmisi Abbasın
baldızı idi. Əvvəlki əri öldükdən sonra başsız qalmış Meymunə Peyğəmbərlə ailə
qurmaq arzusunda olduğunu bildirdi. Həzrəti Muhəmməd (s) onun xahişini qəbul
edib, öz xanımları cərgəsinə qoşdu.
Peyğəmbərin kənizlərinə gəlincə, daha geniş yayılmış rəvayətə əsasən, onların
sayı 3 nəfər olmuşdur. Bu kənizlərin ən məşhuru Mariyə Misir hökmdarı
tərəfindən Peyğəmbərimizə hədiyyə kimi göndərilmişdi. Peyğəmbərlə Mariyənin
izdivacından İbrahim adlı bir uşaq dünyaya gəlmiş, lakin hicrətin 10-cu ilində,
18 aylıq ikən vəfat etmişdi.
Nəticə
Həzrəti Muhəmməd Peyğəmbərin (s) həyat yoldaşları haqqında verdiyimiz
məlumatdan aşağıdakı nəticələrə gəlirik:
Birincisi, Həzrəti Rəsulullah (s) qətiyyən qadın düşkünü və şəhvət əsiri olmamışdır.
Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, bu, gənclik illərində özünü büruzə
verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi keçən 25 il
ərzində yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir. Elə gənc
yaşlarında cavan və daha yaraşıqlı qadınlarla evlənmək imkanı olduğu halda,
Həzrəti Muhəmmədin (s) özündən yaşca böyük və dul olan Xədıcəni alması bunu
göstərır ki, o, gələcək həyat yoldaşını zahiri gözəlllk və cavanlığına görə
deyil, iman və əxlaqına görə seçirdi.
İkincisi, Peyğəmbərimiz ömrünün son 13 ilində də əlində hakimiyyət və böyük
imkan olduğu halda, əxlaqa zidd olan xırdaca bir hərəkətə də yol verməmişdir.
Bu dövrdə onun evləndiyi qadınların böyük əksəriyyəti (Aişədən başqa hamısı)
dul və uşaqlı olmuşdur. Uşaqlı qadınları alaraq, onların yetim balalarına atalıq
qayğısı göstərən bir şəxsin cinsi ləzzətlərə aludə olduğunu söyləmək nə
dərəcədə məntiqə uyğundur?
Üçüncüsü, Peyğəmbərimizin bütün izdivacları, yuxarıdakı misallardan aydın
göründüyü kimi, ya siyasi, ya da sosial səbəblər üzündən baş vermişdir.
Peyğəmbər bəzi qadınları almaqla, onların ailəsi və qəbiləsi ilə olan münasibətləri
daha da sıxlaşdırmışdır. Bəzi qadınlar isə öz himayədarını itirib dul qaldıqdan
və ya cihadda müsəlmanlara əsir düşdükdən sonra Peyğəmbər onların izzət və
iffətıni qorumaq, səfillikdən xilas etmək, uşaqlarına qayğı göstərmək məqsədilə
onları evinə gətirib özünə məhrəm etmişdir. Zeynəb binti Cahşla bağlı hadisədə
isə Peyğəmbərimizin məqsədi, müsəlmanlara İslam şəriətinin incəliklərini
göstərmək olmuşdur.
Həzrəti Muhəmməd (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə onlara Peyğəmbər
ailəsinin üzvü olmaq, Peyğəmbərin həyat tərzini yaxından görmək və Peyğəmbərin
mübarək dilindən yüzlərlə hədis eşidib gələcək nəsillərə çatdırmaq imkanı
vermişdir. Peyğəmbərin xanımları Aişə, Ummu Sələmə, Hafsa, Meymunə və başqaları
hədis sahəsində etibarlı ravilərdən sayılmışlar. Onlar qadınlara aid şəriət
məsələlərini Peyğəmbərdən öyrənib sair müsəlman qadınlara öyrədirdilər.
Həzrəti Rəsulullah (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə, onların
özlərini və uşaqlarını aclıqdan və dilənçilikdən xilas etmiş; 11 qadına ömrünün
sonuna kimi izzət və şərəflə yaşamaq, müsəlmanlar tərəfindən "ummu'l-muminin"
("möminlərin anası") kimi tanınmaq imkanı vermişdir. Bu həqiqəti
qəbul etməyərək, Peyğəmbərimizin ünvanına böhtan yağdırmaq ən azı
insafsızlıqdır.