Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Avqust » 15 » Bir vəfa ayı
Bir vəfa ayı
18:51
Allah insanları nəfslərinə hakim olmağa səsləyir.
Mübarək ayədən də göründüyü kimi pak və münəzzəh olan Allah ona iman edənləri oruc tutmağa səsləyir. Oruc tutmağı qullarının Ona daha da yaxın olmaları üçün vasitə edir. Çünki, nəfsani istəklərin insan ruhuna hakim olması çox təhlükəli bir haldır. Bu hisslər adamı əsir edir, ixtiyarını əlindən alır, onu rəzil işlər görməyə sövq edir. İnsan oruc tutmaqla öz arzuları ilə mübarizə etməli olur və hissləri müqabilində müqavimət göstərir. Başqa vaxtlarda halal olan yemək, içmək və bu kimi şeylərdən də çəkinməklə öz iradəsini və qətiyyətliliyini haram işlər müqabilində elə möhkəmləndirir ki, günah etməkdən çəkinmək insan üçün artıq bir vərdişə çevrilir. Yəni, insan oruc vasitəsilə öz iradəsini tərbiyə edir, möhkəmləndirir.


Allah oruc tutmaqla bizlərə nizam-intizamı öyrədir.
Hər zaman yaratdıqlarına qarşı lütfkar, mərhəmətli olan Rəbbimiz orucluqla həmçinin insana dəqiqlik və ardıcıllıq hissi aşılayır, nizam-intizamlı olmağı öyrədir. Əməllərində nizam-intizamlıq insan mədəniyyətinin müvəffəqiyyəti və intizamının göstəricisidir. Bax, budur Allahın öz qullarına orucluqla öyrətdiyi gözəl əxlaqi xüsusiyyət. 
Bizi öz içimizlə hesablaşmağa, yanlışlarımızı, doğrularımızı gözdən keçirib pislikləri üzərimizdən atmağa, ailəmiz, dostlarımız, qohumlarımızla və bütövlükdə yaşadığımız cəmiyyətlə qaynayıb-qarışmağa sövq edən ən gözəl zamanlardan birini yaşayırıq ramazanın bərəkətiylə...

Ramazan ayı, bədən və ruhi saflaşmanın ən uyğun zamanıdır.
Ramazan - Allahın bəndələrinə verdiyi gözəl bir fürsətdir. Bu fürsətdən lazımınca bəhrələnin. Zərərə uğrayanlar bu ayda ilahi rəhmət və lütfdən məhrum qalan kimsələrdir. Həmçinin Ramazan ayındakı aclıq, susuzluq anlarıyla Qiyamət günündəki aclıq və susuzluğu düşünün. Yoxsul və ehtiyacı olanlara sədəqə verin. Təkcə bu ayda deyil, həmişə böyüklərə qarşı sayğılı olun və kiçiklərə sevgi ilə yaxınlaşın. 
Ey insanlar! Kim Ramazan ayında gözəl əxlaqlı olarsa addımların sürüşdüyü gündə asanca Sirat körpüsündən keçib, gedər.


Əfv olunmaq üçün inanılmaz fürsət
Ey insanlar! Ramazan ayında cənnət qapıları açılır. Bu qapıların qapanmamasını Allahdan diləyin. Bu ayda cəhənnəm qapıları qapanır. Bu qapıların açılmamasını da Allahdan diləyin. 
Onu da bildirmək lazımdır ki,“Ramazan” sözü “yandırmaq” mənasında işlədilmişdir. Yəni, Allah Ramazan ayında bəndələrinin tövbə və ibadətlərinin nəticəsi olaraq onların keçmiş günahlarını yandırar. Beləcə Rəbbimiz insanların günahlarını yandıraraq, əvəzində onlara cəhənnəm alovundan qurtulmağa fürsət verər. 
Unutmayaq ki, Ramazan günlərindəki fürsətlər çox məhduddur. Fəqət eyni halda bu günlər və anlar bizlərə yeni güc, nəfəs qazandıran anlardır. Çünki, Ramazan ayında insanlıq və Allaha qulluq dəyərlərini yenidən canlandırırıq. Gözəl peyğəmbərimiz Hz. Məhəmməd (s) Ramazan ayını Allahın ayı və səma qapılarının açıldığı ay olaraq bizə bəyan edir. Ramazan ayındakı ibadət, insanın vücudu və ruhunu, ən uca əxlaqi və mənəvi dəyərlərlə alışdırıb tərbiyə edir. Oruc, insana şirin və sevindirici anlar yaşadır. Fəqət bu mənəvi ləzzətlərə yetmək, fərqli və faydalı bir zəhmət istəyir. Əlbəttə bəzi insanlar Ramazan ayındakı nemətlərin fərqində olmayıb, bu ayın rəhmət və bərəkətindən məhrum qalırlar. Lakin, bir gün gələcək ki, Ramazanı duyub, hiss etməyənlər deyəcəklər “kaş ki, bu fürsət yenidən bizə veriləydi”. Artıq nə fayda, məgər bir ömür boyu sizə verilən fürsətlər yetmədi?

Ramazan hər yönüylə bir ibadət mövsümüdür.
Hər bir mömin insan namazı, orucu, etdiyi yaxşılıqları, xidmətləri və duasıyla rəhmət və bərəkətdən nəsibini almağa çalışır. Bilərək və ya bilməyərək etmiş olduğu günahları üçün Allahdan əfv diləyər, Rəbbiylə razı-niyazda olur. Allah-Təala da qulunun bu səmimi dua və razı-niyazını qarşılıqsız buraxmaz. Axı müqəddəs Quran və Allah Elçisinin (s) bizə anlatdığı Uca Yaradan hər kəsdən Rəhimli, bəndələrindən heç nəyi əsirgəməyən və ədalətlidir. Ola bilməz ki, bir kimsə Ona üz tutsun, Onun qapısını döysün və ümidsiz halda, əliboş geri dönsün. 
Məhz onun üçün də sevgi və sayğının ən gözəlini Ona - Allaha bəsləməliyik. Ramazanı bizə sevgimizi bəyan etmək üçün fürsət bilən Odur. Özü də elə bir halda ki, bəndələrini qonaq edir, onlar üçün süfrə açaraq, ilahi ziyafət verir.
Sevgili Peyğəmbərimiz (s) bir Hədis-i Şərifində buyurur ki, “Budur bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi əhatə edər. Bu ay yer üzünə bol-bol rəhmət enər. Günahlar əfv edilər. Dualar qəbul olunar. Allah sizin yaxşılıq və ibadətdə yarışmanıza baxar, bununla da iftixar edər. Elə isə, bəndəçiliyinizlə özünüzü Allaha sevdirin. Əsl bədbəxt bu ayda Allahın rəhmətindən nəsibini almayan kəsdir.” 
Gəlin bu böyük mənəvi yarışa hamımız qatılaq. Unutamayaq ki, bu yarışda hər kəs mükafatlandırılacaq, əməyinin qarşılığını alacaqdır. Necə ki, bir Hədis-i Qüdsidə Rəbbimiz buyurur: “Ramazan ayı mənim ayımdır. Bu ayda mənim üçün oruc tutub, ibadət edənlərin də mükafatını özüm verəcəyəm”. Odur ki, lütf edən Rəbbimizin nemət dolu süfrəsinə qonaq olub İlahi rəhmətlə özümüzü zənginləşdirək.

Sevgi və Rəhmətin qovuşduğu ay.
Ramazan tam mənasıyla sevgi və mərhəmətin bir - birinə qovuşduğu rəhmət ayıdır. Bu ayda Allahdan enən rəhmət yağmuru ilə insanların qəlbində yetişən Allah Sevgisinin ətri duyulmağa başlar. Elə bir ətir ki, hər iki cahanda duyulmadığı bir məkan qalmaz. Çünki, bu ətir Allah Eşqindən qaynaqlanır. Hər dəfə içinə çəkdiyində içinə atəş düşər. Ona yaxınlaşmaq istədiyində səni yandirib bir heç edər. Bu ayda hara gedirsən get, harda olursan ol - sevginin izinə düşəcəksən, sevgini görəcəksən, Allahın Rəhməti ilə görüşəcəksən.
Bir gün bir arif yoldan keçərkən birinin digərini vəhşicəsinə döydüyünü görür. Arif yaxınlaşaraq “nə üçün səni döyürlər?” deyə soruşdu. Cavabında döyülən şəxs: “Çünki mən sevirəm, Allahı sevirəm, Allah aşiqiyəm” deyə söylədi. “Yaxşı, sən ki Allahı sevirsən, sevgin üçün əzab - əziyyətlərə dözürsən onda de görüm Allah da səni sevir? Onun sevgisini heç duymusanmı?” Döyülən şəxs bir o tərəfə, bir bu tərəfə boylandı birdən bağıraraq gözlərini əbədi yumdu.
Doğurdan da bu aşiq Allahı sevirdi, sevdiyi üçün də hər əzaba dözürdü. Lakin, heç bir zaman Allahın ona bəslədiyi sevgini tam anlamıyla duymamışdı. O sevgini üzərində hiss etməmişdi. Günlərin bir günündə Allahın ona olan sevgisini anlamağa, duymağa çalışdı və bu ağırlığa, bu hərarətə dözməyərək ürəyi partladı. Bu sevginin ətrini duymaq hissi aşiqi Öz yarına qovuşdurdu.

Ramazan- aşiqlərin sevgilərini etiraf etməsi üçün ən uyğun zaman
Ramazan oruç tutmaq deməkdir. Amma, bu ayı sadəcə “yeyib - içmək orucu tutmaq” kimi düşünürsünüzsə yanılmış olarsınız. Ramazan ayı sizə sadəcə yeyib - içmək mənasında deyil, bədən və ruhunuzun bütün sahələrində saflaşmağı, təmizlənməyi və mənəvi bir yüksəlişi də ehtiva edir. Oruc tutmaqla insan fiziki və mənəvi təmizliyə, paklığa nail olmaqla, ülviləşərək, haqqa qovuşur! Bir də Ramazan ayını vəfa ayı bilmək lazımdır. İncik olduğumuz və ya küsdüyümüz qohumlarla, dostlarımızın və yoldaşlarımızın könüllərini almağa çalışaq. Dostlarınıza qarşı daim vəfalı olaq, ilk axtaran, ilk əl uzadan, ilk mesaj göndərən, ilk qucaqlayan biz olaq. Bunu da unutmayaq ki: 

Qula vəfası olmayanın Haqqa vəfası olmaz!
Düşünün! Nə olar bircə dəfə düşünün. O, inancından aslı olmayaraq hər kəsə mehribandır, hər kəsi duyandır. Odur ancaq bəndələrinə öz Yaradanlarına sədaqətlərini bildirməklə sevgilərini etiraf etmək üçün zaman ayıran. Baxın Rəbbimiz bunun üçün hər şeyi edib. Bir ay boyunca günah qapısını bağlayıb, cəhənnəm qapılarını qapayıb, hətta şeytanı belə zəncirləyib ki, bəndələri ilə Onun arasında heç bir maneə qalmasın. Bizə isə o qalır ki, Allah - Təalanın buyruqlarına sədaqətli olaq və Ona sevgimizi etiraf edək.
                                                                                     Hakim Əlizadə

                                                                                www.manevisafliq.org
  [Məqalələr] | Oxunub: 990 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Avqust 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz