“Həzrət Fatimə zikri” kimi məşhurlaşan təsbihin
fəziləti bütün İslam aləminə məlumdur. Bir çox rəvayətlərdə bu zikrin
bağışlanmaq üçün böyük faydalarının olduğu deyilib, müsəlmanlar bu zikri
tez-tez etməyə təşvik edilib. Bu zikrin qaydası belədir: Əvvəlcə 34 dəfə
“Allahu əkbər”, sonra 33 dəfə “Əlhəmdulillah”, daha sonra isə 33 dəfə “Subhənallah”
deyilir. “Əlhəmdulillah”I “Subhənallah”dan sonra da demək olar, amma yaxşı olar
ki, əvvəl deyilsin. Bu zikrin fəziləti haqqında sizə bir neçə hədis təqdim
edirik:
İmam
Sadiq (ə) buyurur: “Həzrət Fatimə (s.ə.) təsbihindən daha fəzilətli bir şey həmd
edilməmişdir. Əgər ondan daha fəzilətli bir zikr olsaydı Həzrət Peyğəmbər (s)
onu Fatiməyə (s.ə.) mütləq öyrədərdi” (Üsuli-Kafi”, c.1, səh. 343).
İmam
Sadiq (ə) buyurur: “Fatimeyi-Zəhra zikri Quranda “Allahı çox zikr edin” şəklində
əmr edilən çoxlu zikrdən hesab olunur” (“Üsuli-Kafi”, c.2, səh. 533).
İmam
Sadiq (ə) buyurur: “Hər namazın ardınca Fatimə (s.ə.) zikrini söyləmək, hər gün
min rəkət namaz qılmaqdan daha gözəldir” (“Üsuli-Kafi”, c. 3, səh. 343).
İmam
Baqir (ə) buyurur: “Kim Zəhra zikrini söyləyib, ardınca Allahdan bağışlanmaq
dilərsə, bağışlanar. Bu zikr 100 dəfədir, amma mizanda min dəfə sayılar. Bu
zikr şeytanı (insandan) uzaqlaşdırar və Rəhmana xoş gedər” (“Savabul-amal”,
c.2, səh. 196).
İmam
Sadiq (ə) buyurur: “Ey Əbu Hərun! Biz övladlarımıza namazı əmr etdiyimiz kimi
Fatimə (s.ə.) təsbihini də əmr edirik. Onu əsla tərk etmə! Çünki onu tərk etməyən
bədbəxt olmaz!” (“Kafi”, c 3, səh. 343).
Cabir rəvayət
edir ki, Peyğəmbər (s) Fatimənin (ə) dəvə tükündən bir əbaya bürünüb buğda üyütdüyünü
gördü və ağlamağa başladı. O buyurdu: “Ey Fatimə! Dünyanın əziyyətlərinə səbir
et ki, sabah axirətin bol nemətlərinə qovuşasan”. Bundan sonra “Və, əlbəttə,
yaxında Rəbbin sənə elə şeylər əta edəcək ki, razı qalacaqsan” ayəsi nazil oldu
(“Kənzül-Ümmal”, c. 6, səh. 296).
İmam
Sadiq (ə) buyurur: “Peyğəmbərin (s) qızı Fatimənin (ə) təsbehi təkbirlərin sayı
qədər (34) düyümlənən bir yun ipdən ibarətdi. Həzrət Fatimə (ə) Həzrət Həmzənin
(r.ə.) şəhadətinə qədər bu ipi əlində gəzdirərək təkbir və təsbih deyərdi. Həmzə
şəhid olduqdan sonra onun qəbrinin torpağından bir təsbeh düzəltdi. Bundan
sonra təsbeh düzəltmək xalq arasında yayıldı” (“Vəsailüş-şiə”, c. 4, səh.
1033).