Peyğəmbəri Əkrəm (salləllahu aleyhi
və alihi və salləm) Mədinəyə hicrət edərkən Həzrət Əlini (əleyhissalam) özünün Məkkədəki
vəkili və naibi seçdi ki, camaatın əmanətlərini (o həzrətin yanında qoymuşdular)
öz sahiblərinə qaytarsın, sonra Mədinəyə gəlsin.
Əli (ə) əmanətləri sahiblərinə
təhvil verdiyi günlərdə Əbu Süfyanın oğlu Hənzələ, Ümeyr ibni Vail Səqəfini
qızışdırdı ki, o Həzrətin yanına gedib (guya əmanət olaraq Peyğəmbərə (s)
verdiyi) səksən misqal qızılı tələb etsin. Sonra ona dedi: – Əgər Əli səndən şahid
istəsə, biz qüreyşlilər sənin üçün şəhadət verəcəyik.
Sonra ona yüz misqal ağırlığında
qızıl mükafat verdi, belə ki, onun içində on üç misqal ağırlığı olan boyunbağı
da var idi.
Ümeyr Əli (ə.s)-ın yanına gəlib öz
əmanətini istədi. Əli (ə.s) nə qədər axtardısa, onun adına bir əmanət görmədi
və bildi ki, o, yalan danışır. Sonra, bəlkə öz iddiasından əl çəksin – deyə,
ona öyüd-nəsihət verdi. Lakin öyüd-nəsihətin heç bir xeyri olmadı. Ümeyr israr
edib deyirdi: – Mənim Qüreyşdən şahidlərim vardır, onlar mənim üçün şəhadət
verəcəklər: Əbu Cəhl, Əkrəmə, Əqəbə ibni Əbi Muit, Əbu Süfyan və Hənzələ.
Əli (ə.s) buyurdu: – Bu bir hiylədir
ki, onu tökənin yaxasına yapışacaqdır!
Sonra göstəriş verdi, bütün şahidlər
hazır olub Kə`bə evində oturdular. Ümeyrə üz tutub buyurdu: – De görüm,
əmanətlərini Peyğəmbərə nə vaxt vermişdin?
Ümeyr: – Günortaya yaxın vaxtlarda
təhvil verdim və o, onları əlimdən alıb öz qulamına verdi.
Sonra Əbu Cəhli çağırdı və həmin
sualı ondan da soruşdu, lakin Əbu Cəhl «mən cavab verməyə bir lüzum görmürəm» –
deyərək özünü xilas etdi.
Ondan sonra Əbu Süfyanı çağırıb
həmin sualları ondan soruşduqda Əbu Süfyan dedi: – Gün batana yaxın vaxtlar idi
ki, Ümeyr əmanətini Məhəmmədə verdi, o da alıb öz qoynuna qoydu.
Növbə Hənzələyə çatanda dedi: –
Yadımdadır, günəş səmanın düz ortasında idi, Ümeyr əmanəti Məhəmmədə verdi və o
da qəbul edib qarşısına qoydu ki, gedəndə onu götürüb aparsın.
Sonra Əqəbəni çağırdı, ondan
vəziyyəti soruşduqda dedi: – Axşam çağı idi ki, Ümeyr əmanəti Məhəmmədə təhvil
verdi və o da əmanətləri dərhal öz evinə göndərdi.
Sonra Əkrəməni çağırıb bu əmanət
məsələsini soruşduqda, o dedi: – Sübh çağı idi ki, Ümeyr əmanəti Peyğəmbərə
təhvil verdi, Məhəmməd alıb dərhal Fatimənin evinə göndərdi.
Orada oturan Ümeyr bütün hadisələri
müşahidə edir və onların danışıqlarındakı ziddiyyətli sözləri eşidirdi. Sonra
Əli (ə.s) Ümeyrə dedi: – Görürəm ki, rəngin saralıb və halın dəyişilib!
Ümeyr dedi: – İndi ki, belə oldu,
düzünü sənə deyəcəyəm. Çünki hiyləgər adam nicat tapmaz. Allaha and olsun,
mən heç bir şeyi Məhəmmədə əmanət verməmişdim. Məni bu işə Hənzələ ilə Əbu
Süfyan təhrik etdilər. Üzərində Əbu Süfyanın arvadı Hindin möhürü olan dinarlar
mənim yanımdadır, onu mənə mükafat vermişdilər.
Əli (ə.s) buyurdu: – Evin küncündə
gizlədilən qılıncı gətirin.
Qılıncı gətirdilər, Əli (ə.s) onu
oradakılara göstərdi və buyurdu: – Bu qılıncı tanıyırsınızmı?
Dedilər: – Bəli, bu, Hənzələnin
qılıncıdır.
Əbu Süfyan: – Bu qılınc Hənzələdən
oğurlanmışdır!
Əli (ə.s): – Əgər düz deyirsənsə, onda
sənin qara qulamın Məhlə` nə etmişdir?
Əbu Süfyan: – O bir iş üçün Taifə
getmişdir.
İmam (ə.s): – Kaş ki, gələydi, sən də
onu bir daha görəydin. Əgər düz deyirsənsə, onu çağır gəlsin.
Əbu Süfyan susdu, sonra o Həzrət,
Qüreyşin başçılarından on nəfərin qulamına bir yeri göstərib buyurdu ki, oranı
qazsınlar. Qazdıqdan sonra birdən Məhlə`nin cəsədini tapdılar. O Həzrət
buyurdu: – Onu çıxarıb gətirin.
Cəsədi çıxardıb Kəbəyə tərəf apardılar.
Camaat Məhlənin cansız cəsədini gördükdə heyrətə düşdülər və onun qətlə
yetirilməsinin səbəbini Həzrətdən soruşdular. İmam Əli (ə.s) buyurdu: – Əbu
Süfyanla onun oğlu bu qulamı tamahlandırmış və ona azad olmaq vədəsi verərək
vadar etmişdilər ki, məni qətlə yetirsin. O da yol üstündə pusqu qurmuşdu. Mənə
hücum etdikdə ona möhlət vermədən boynunu vurdum və qılıncını aldım.
Onların hiyləgərlik tədbirləri heç bir
nəticə vermədi, sonra başqa bir məkr işlətdilər ki, onun da heç bir nəticəsi
olmadı.
Ayətullah Məhəmmədtəqi Tustəri, "Həzrət
Əlinin (ə) qəzavətləri”