Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Mart » 6 » DUANIN QƏBULU
DUANIN QƏBULU
15:08

                 

                Bağışlayan və mehriban Allahin adı ilə
   Allah-taala Qurani-kərimdə buyurub:- “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər”! (Mumin, ayə 60)
 Əlbəttə ayənin mənası bu deyil ki, ürəyimizdən hər nə keçsə və biz onu dilimizə gətirib Allahdan hacət kimi istəsək Allah həmin dəqiqə onu bizə verəcək. Bəzən bəndənin Allahdan istədiyi hacəti onun zərərinə olduğu üçün Allah onu qəbul etmir. Amma bəndə hacətinin yerinə yetməməsini gördükdə hey israr israr edir. Bəzən də Allah müəyyən səbəblərdən onun istəyini gecikdirir. Bəzən isə bəndə Allahdan bir şey istəyir Allah ondan yaxşısını ona verir. Başqa bir halda bəndənin duasını Allah qəbul edir, amma istədiyi hacətin əvəzinə bəlanı ondan dəf edir. Ən yaxşı istək odur ki, insan Allahı ona məsləhət olan şeylərdə özünə vəkil etsin ki; İlahi mən cahiləm öz xeyrimi zərərimdən ayıra bilmirəm! İlahi sən özün mənim məsləhətimi nədə görürsən onu mənim üçün əncam ver. Xoş o insanların halına ki, onlar dua etməyi bacarırlar. Yazıq o kəslərdir ki, özləri üçün dua etməyi bacarmırlar. Bu yerdə fikirləşməyə dəyər ki, İlahi mən nə qədər bədbəxtəm ki, özümə dua etməyə dilim gəlmir. Əgər insan özünə dua etməyi bacarırsa ona görə Allaha şükr etməlidir. Bu ilahi nemətdir, çünki hər kəs bu neməti əldə edə bilmir. Əgər Allah bəndəyə dua etmək qabiliyyəti veribsə deməli ondan etdiyi duanı da qəbul edəcəkdir. Əmirəlmöminin buyurub: “Allah hər kəsə dörd şey veribsə deməli onu dörd şeydən məhrum etməz”. (Nəhcul-bəlağə. hikmət 135)
1 Allah hər kəsi dua etməyə müvəffəq etsə deməli duasını qəbul etməkdən məhrum etməz.
2 Allah hər kəsi tövbə etməyə müvəffəq etsə, tövbəsini qəbul etməkdən məhrum etməz.
3 Allah hər kəsi istiğfar etməyə müvəffəq etsə onu bağışlanmaqdan bəhrəsiz etməz.
4 Allah hər kəsi şükr etməyə müvəffəq etsə onun nemətini artırmaqdan məhrum etməz.
    İmam Əli (ə) buyurur: “Ola bilməz ki, Allah şükr qapısını bəndənin üzünə açsın, digər tərəfdən nemət qapısını onun üzünə bağlasın. Ola bilməz dua qapısını üzünə açsın digər tərəfdən duanın qəbul qapısını üzüna bağlasın”. (Nəhcul-bələğa. hikmət 435) Həzrət Əli (ə)-ın kəlamlarından məlum olur ki, İlahi vədə yəqinidir və onda heç bir şübhə yoxdur. Amma əgər bəzən duamız qəbul olmursa mənası budur ki, ya duanın qəbul olma şərtlərinə əməl etməmişik ya da Allahdan istədiyimiz bizim xeyrimizə deyil yaxud da hələ vaxtı yetişməyib. Ola bilsin duanı qəbul olmasına mane ola bilən elə səbəblər vardır ki, bizim xəbərimiz yoxdur. Çünki Allah vədəsinə xilaf çıxmaz.

Duananın şərtləri:-Müqəddəs islam dininin sair əməlləri kimi duanın da müəyyən şərtləri var. İnsan bu şərtlərə əməl edəndən sonra etdiyi duanın bəhrəsini görə biləcək. Biz duanın Allah dərgahında qəbul olmasına səbəb olacaq bəzi şərtlərə toxunmağı məqsədə uyğun hesab edirik.

1. “İxlas”. Munacat edən dua zamanı yalnız Allahı köməyə çağırmalıdır və Allahın duasını qəbul edəcəyinə həqiqi ümid bəsləməlidir. Səmimi qəlblə heç bir riya etmədən Allahı çağırmalı və Allahın onun istədiklərini verməyə və ya rədd etməyə qadir olduğunu bilməlidir. Əmirəlmöminin buyurur: “Allahdan hacətini istəyəndə xalis niyyətlə istə. Çünki əta və məhrum etmək onun qüdrət əlindədir” Bəzi insanlar həm Allahdan istəyirlər həm də digər yerlərə və başqa şəxslərə ümid bağlayırlar. Bəli başqa şeylər səbəb ola bilərlər, amma onların səbəb olmaları üçün yenə də Allahın izni lazımdır. İnsan dua edərkən Allaha bağlı olmalıdır ki, elə bil hər şeydən əlini üzüb yalnız Allahın rəhmətində pərvaz edir. Belə adamlar tufana düşmüş gəmidəki sərnişinlərə oxşayırlar. Onlar hər şeydən ümüdlərini kəsib yeganə nicat verəcək qüdrət sahibinin yalnız Allahın olduğunu dərk edirlər. Ona görə də Qurani-kərim bu cür duaları “muxlis dua adlandırır”. “Müşriklər gəmiyə mindikdə dəryada vəhşətli dalğaları gördükləri zaman yalnız Allahı ixlasla köməyə çağırırlar. Allah onlara nicat verib sahilə çatdırandan sonra yenə də Ona şərik qoşurlar” (Ənkəbut. ayə 65) Nemət içində, salam və amanda olan bəndə də bəlaya düçar olmuş insan kimi səmimi qəlbilə dua etməlidir. Çünki mümkündür bir zaman o da bəlaya və məşəqqətə düçar olsun. Ağıllı insan nə qədər ki, İlahi rəhmət içində üzür gərək onun qədrini bilsin. Çünki bu rəhmətin onun üçün nə vaxta qədər davam edəcəyi məlum deyil.

2. Duanın əvvəlində Allaha həmd və səna et Peyğəmbər və Ali Peyğəmbərə salavat göndər. Bəndə duasının müstəcab olması üçün duaya başlamazdan öncə yaxşı olar ki, Allaha verdiyi nemətlərinə görə şükr etsin. Yaxşılığın müqabilində təşəkkür etmək əxlaq normalarının ən başlıcası olduğu üçün nə yaxşı ki, insan bütün nemətləri ona əvəzsiz əta etmiş Allaha da təşəkkürünü ona şükr etməklə bildirsin. İmam Əli buyurur: “Hər vaxt Allahdan bir şey istəsən əvvəlcə Allahın Rəsuluna salavat göndər sonra hacətini istə. Çünki ola bilməz ki, Kərim olan Allah iki hacətdən birini qəbul etsin ikincisini rədd etsin” (Nəhcul-bəlağə. hikmət 361) Yəni Allahdan Peyğəmbərə salavat göndərməyi istəyəndən sonra hacətini istəsən heç vaxt hacətin rədd olmaz. Çünki birinci dua salavat olduğu üçün Allah salavatı Rəsuluna göndərər şübhəsiz ki, ikinci hacətini də qəbul edər.

3. Hədəfə yetişmək üçün səy etmək duanın qəbul olmasının digər bir şərtidir. İnsan dünya həyatında özünə və başqalarına zülm etməmək şərti ilə hədəflərinə çatmaq üçün var qüvvəsini səfərbər edib çalışmalıdır. Bu yolda o düşmənlərilə mübarizə etməli çətinliklərə sinə gərməli və eyni zamanda dua etməlidir. Dua edən insan çalışqanlığından və həyatdakı səylərindən əl çəkməməlidir. İlahi sünnət belə deyil ki, insan bütün işlərini dua ilə qabağa aparsın və bunun üçün səy etməsin. Xəstəliyi mualicə etmək üçün həkimə muraciət etmək kimi, hədəfə yetişmək üçün də əməl duanın dayağı olmalıdır. Burada yalnız dua etməklə kifayətlənməyib, həkimə də müraciət olunması daha məsləhətlidir. Hər bir arzu və niyyətlərə yetişmək üçün səy olunmalıdır. İmam Əli buyurur:“Əməlsiz dua kamansız və oxsuz, hədəfi nişan almağa bənzəyir” (Nəhcul-bəlağə. 337-i hikmət) Elə bu cəhətdəndir ki, “Atalar sözü” adı ilə xalq arasında belə bir məsəl yaranıb: “Səndən hərəkət Allahdan bərəkət”. İmtahan verməyə hazırlaşan tələbənin dərs oxumayıb fəqət dua etməklə qəbul olmaq istəyi mümkünsüzdür. Digər tərəfdən dərs oxumasına arxayınlaşıb hədəfinə yetişməsinə məğrur olması da həqiqətə uygun deyil. Çünki öncədən məlum olmayan çoxlu amillər vardır ki, insanın hədəfinə çatmasına mane olurlar.

4. Duanın qəbul olmasına təsir edən səbəblərdən biri “təqvadır” Allahdan qorxan və haram işlərdən pəhriz edən bəndələrin duası Allah dərgahında qəbul olundugu halda, günah edib başqalarına zülm etməkdən çəkinməyən bəndələrin dualarının Allah dərgahında qəbul olması aglasıgmazdır. İmam Əli (ə)-ın Məhəmməd ibn Əbi Bəkrə yazdığı məktubda deyilir:“Təqvalı insanların duaları Allah dərgahından rədd olmaz və onlar üçün təyin olunmuş axirət dünyasının ləzzətlərindən zərrə qədər azaldılmaz” (Nəhcul-bəlağə. məktub 27). Ömrü boyu ilahi əmrə qulaq asıb ona müti olan bəndə Allahdan bir şey istəyəndə gərək Allah da onun istəyini yerinə yetirsin. Deməli təqvalı insanların duaları həmişə müstəcab olur. İnsan müşkülə düşəndə Allah dərgahında duasının qəbul olması üçün özündə ləyaqət görməyəndə yaxşı olar duaları müstəcab olan təqvalı insanlara müraciət etsin.

5. Münasib zaman və məkanın əldən verilməsi. Müqəddəs məkanlarda və zamanlarda dualar qəbul olmaqda imtiyazlıdırlar. Cümə axşamı və cümə günü, Qədr gecəsi, məbəs axşamı, Ərəfatda, Məşərul-həramda, İmam Hüseyn (ə)-n hərəmində və Kəbə evində olunan duaların xüsusi təsiri vardır. İmam Əli (ə)-ın yaxın əshabından olan Novf Bəkali nəql edir: Bir gecə Əli (ə)-ı dua edən halda gördüm. Əli (ə) qaranlıq gecədə mübarək üzünü ulduzlara tərəf tutub Pərvərdigarı ilə münacata məşğul olaraq deyirdi: “Bu elə bir zamandır ki, əgər belə bir saatda bəndə Pərvərdigara dua etsə hacəti qəbul olunar” (Nəhcul-bəlağə. hikmət 104). Əlbəttə başqalarna zülm və sitəm edənlər istisna olunurlar. Çünki zülm və sitəm duanın qəbul olmasına mane olan əsas amildir.

6. Duanın davamlı edilməsi. Allaha möhtac olduğunu dərk edən həqiqi iman sahibi hər bir halda (qəmli və qüssəli, şad və rahat, kasıb və varlı, sağlam və xəstə) Allahı yaddan çıxarmamalıdır. Daim İlahi dərgaha bağlanıb möhtac olduğunu izhar etməlidir. Allahdan daha artıq dərəcədə rəhmət və kərəm diləmək bəndəliyin şərtidir. Əmirəlmöminin Əli (ə)-ın bu gözəl kəlamına diqqət edin:“O kəslərdən olmayın ki, onlara bəla yetişəndə iztirabla əllərini qaldırıb dua edərlər, amma rifah halında olanda məğrur olub Allahdan üz döndərərlər!” (Nəhcul-bəlağə. hikmət 150)

7. Duanın qəbul olmasına səbəb olan amillərdən biri də bəndənin Allaha mərifətidir. Bəndə İlahi dərgahdan hacətini istəməsindən öncə yaxşı olar ki, Allaha həmd və səna etsin. Çünki bu bəndənin Allahın qüdrətinə və əzəmətinə olan mərifətinin nişanəsidir. Allah-taala da neməti bəndəsinin ona olan mərifətinə və niyyətinə əsasən verir. Əhli beytdən bizə çatmiş dualarda da belə göstərilib. Görürük ki, onlar Allahdan hacətlərini müqəddiməsiz və girişsiz istəməyiblər. Allahı Onun ən gözəl adlarına, qüdrətinə, rəhmətinə və..., and verəndən sonra hacətlərini zikr ediblər. İmam Əli (ə)-ın Malik Əştərə yazdığı əhdnamədə deyilir:“Mən Allahdan geniş olan rəhməti, hər bir şeyi əta etməyə qadir olan əzəmətli qüdrəti xatirinə istəyirəm ki, Məni və Səni Onun razılığı olan işləri həyata keçirməyə müvəffəq etsin!” (Nəhcul-bəlağə. 53-cü məktub) Belə duaya başlamaq, hacətləri ciddi şəkildə Allahdan istəməyə və duanın qəbul olmasına dair insanın qəlbində inam yaradır.

8. Təvazökarlıq, zəlillik və etdiyin günahlardan peşimanlıq hissi keçirmək duanın qəbul olmasında böyük rol oynayır. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda bu nöqtələrə riayət etməyə təkid edir: “Allahın bəndələrinə sitəm və zülm etməkdən uzaq ol! Çünki Allah özü onların müdafiəçisidir. Dünyada heç bir əməl sitəm qədər Allahın nemətlərinin bəndədən üz döndərib İlahi əzabı tezləşdirə bilməz. Çünki Allah-taala məzlumların dua və nifrinlərini çox tez bir zamanda eşidib onları müdafiə edir” (Nəhcul-bəlağə. 53-cü məktub) Bəzən ixlasla bir dəfə deyilən “Ya Rəbbim”, ürəkdən qalxan bir ah, peşimançılıqla tökülən bir damla göz yaşı, riyasız bir təvəssül və ....., bizi Allaha birləşdirib duanın qəbul olmasına səbəb olar. Gərək əvvəlcə duanın ədəb qaydalarını öyrənək sonra da dua edib onun qəbul olmasının intizarında olaq. Yüz qəlblə yox bir qəlblə və ixlasla dua edib Allahı çağıraq. 
DUANIN QƏBUL OLMASINA MANE OLAN AMILLƏR
   Bəzən dualar müstəcəb olmur və ya gec müstəcəb olur. Bütün bunların sirləri bizə məlum deyil. İlahi məsləhətin və hikmətin burada həll edici amil olduğunu bilirik, amma bizim də əməllərimizin təsirsiz olmadığına inanmalıyıq. Bəndənin bəzi günahları duanın qəbul olmasına manedir necə ki, Əmirəlmöminin buyurur:“İlahi dualarımın həbs olmasına səbəb olan günahlarımı bağışla”. Bəzən dualar müstəcəb olur, amma gec. Bəzən maneə duanın özündə, bəzən də dua edən şəxsdə, yaşadığı ictimaiyyətdə, ailədə və yediyi qidada olur ki, hədəfə yetişməyə imkan vermir. Dua edən şəxs onun hansı günahının Allahla rabitəsini qırmasını fikirləşməlidir. Bəzən qəlbin qaralığı, haram yeməklər və ləyaqətsiz dostlar bizimlə İlahi dərgah arasında olan əlaqələrimizi korlayıb hacətlərimizin müstəcab olmasına mane olurlar. İmam Əli (ə) yəqinən dua qəbul olmalıdır və İlahi vədədə heç vaxt xilaf ola bilməz meyarını əsas tutaraq, müstəcab olmasının təxir səbəblərini bu cür bəyan edir:“Duanın gec müstəcab olması səni naümid etməsin. Çünki verilən bəxşişlər niyyətin dərəcəsindən asılıdır. Ola bilsin təxirin səbəbi istədiyindən daha yüksək bir mükafatın öndə sənə əta olunacağına görədir. Ola bilsin sən bir şey istəyirsən amma onun əvəzində ondan yaxşı bir mükafat ya dünyada ya da axirətdə sənə veriləcək. Ya əslən sənə o hacətinin verilməməsi daha xeyirlidir. Sənin istədiyin çox şeylər vardır ki, əgər onlar sənə verilsə imanını zay edəcək” (Nəhcul-bəlağə. 31-ci məktub) Bəndəsinin xeyrini və şərrini onun özündən yaxşı bilən Allah bəzən onu əzizlədiyindən dualarının qəbulunu təxirə salır ki, əziz bəndəsi daha şövqilə İlahi rəhməti tələb etsin. Hacətin qəbul olmasının gecikməsi bəndənin İlahi dərgahda ehtiramsız olmadığına dəlalət etmədiyi kimi hər istəyin müstəcab olması Allah yanında əziz olmağa dəlalət etmir. Əsas budur ki, bəndə bəndəçilik şərtlərinə əməl etsin. Hacətinin qəbul olub-olmamasından asılı olmayaraq məbudun rəhmət dərgahından üz döndərilməməlidir. Vəzifəmiz dua etməkdir. İnsana valideynlərindən də mehriban olan Allah özü bilir ki, hansı istəyimiz bizim xoşbəxtliyimizin mayası ola bilər. Bəzən insan Allahdan bir hacət istəyir, amma ona verilmir. Bir müddət keçəndən sonra başa düşür ki, istədiyi şey həqiqətən onun xeyrinə deyilmiş və yaxşı ki, duası qəbul olmayıb. Həzrət Əli (ə) “Əmr be məruf və nəhy əz münkəri” tərk etməyi duanın qəbul olmamasının səbəblərindən biri kimi qiymətləndirir. O, şəhid olduğu zaman İmam Həsən (ə)-a vəsiyyətində buyurur: “Əmr be məruf və nəhy əz münkəri tərk etməyin. Çünki onun nəticəsində ümmətin ən zalimi sizə hakim olacaq. Sonra dua edəcəksiniz, amma dualarınız qəbul olmaz” (Nəhcul-bəlağə. 47-ci məktub) Allah ilə insan arasında qırılmış rabitəni bərpa etmək üçün bəndə öncə tövbə edib saleh əməllər edəcəyi haqda əhd etdikdən sonra ilahi rəhmətdən bəhrələnməyə ümid edə bilər. 


     Hacı Elman İbadov                                      kerrar@mail.ru  

  [Məqalələr] | Oxunub: 1380 | Müəllif: Pünhan |
Şərh sayı: 1
08.03.2009
1. lol [Material]
molodes


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz