İslam dininin buyurduğuna
görə, yetkinlik yaşına çatmış hər bir müsəlman maddi və fiziki imkana malik
olduğu halda mütləq evlənməli və ya ərə getməlidir. Evlənib ailə qurmağın
vacibliyi və əhəmiyyəti barədə sevimli Peyğəmbərimiz Həzrət Muhamməd (s)
buyurmuşdur: “Ailə quran şəxs dinin
yarısını qurmuş olur.”İmkan olduğu
təqdirdə ailə qurmamaq dinimizdə günah sayılır. Peyğəmbərimiz (s) belə insanların
müsəlman sayılmadığını söyləmişdir. Mötəbər hədislərin birində deyilir: “Cəhənnəm əhlinin böyük bir hissəsi imkan ola-ola ailə
qurmayan şəxslər olacaq.”
İslam dini bütün işlərdə olduğu
kimi, ailə qurmaq məsələsində də dəqiq qaydalar müəyyən etmişdir. Ailə quran
şəxslər rəsmi dövlət qeydiyyatından əlavə, mütləq nikah-kəbin kəsdirməlidirlər.
Kəbin olmadan ailə qurmaq şəriətimizdə böyük günah sayılır. İslam dini baxımından
belə ailə quran şəxslərin illərlə bir yerdə yaşamaqlarına baxmayaraq, onların
nikahı və evlənməsi qeyri-qanunidir.
Uzun müddətdir ki, xalqımızın toy
mərasimlərində şəriət hökmləri ilə yanaşı, milli adət-ənənələrimiz bir-biri ilə
qovuşaraq vəhdət təşkil etmişdir. Dinimiz əxlaq saflığına, ailə quruculuğunda
möhkəmliyə zidd olmayan bütün milli adətlərimizi dəstəkləyərək müdafiə edir. Təəssüflər
olsun ki, müasir toy mərasimlərimizə yol tapmış bəzi “dəblər”dinimizə və həmdə
xalqımızın milli adət-ənənələrinə tamamilə ziddir.Uzun əsrlərdən bəri
xalqımızın riayət etdiyi elçilik, nişan, gəlin köçən zaman ona cehiz vermək,
nişan veriləndə qız evinə “başlıq”göndərmək, toy şənliyi və s. bu kimi bütün
şadlıq mərasimləri dini hökmlərlə əks deyilsə, onları qeyd etməkdə heç bir
qəbahət ola bilməz.
Dinimizə görə, ailə quran tərəflərin
razılığı əsas şərtdir. Xüsusilə qızın razılığı olmadan valideynlərinin onu öz
istədiklərinə vermələri şəriət baxımından düzgün deyildir.
Qız da öz növbəsində ailə qurarkən
atası ilə məsləhətləşib onun razılıq və xeyir-duasını almalıdır. Sevimli Peyğəmbərimiz Həzrəti
Muhammədin (s) istəkli qızı Həzrəti Fatimənin (ə) ərə getmə tarixi bu baxımdan
bütün dünya xanımlarına nümunə olmalıdır. Peyğəmbərimizin (s) yanına bir neçə nəfər
dəfələrlə gəlib Fatimə (ə) ilə evlənmək istətiklərini bildirdilər. Peyğəmbər
(s) hər dəfə onları gözlətdirərək özü Fatimənin yanına gedib onun fikrini
öyrənirdi. Fatimə (ə) etiraz etdiyi zaman Peyğəmbərimiz də (s) elçilərə razılıq
vermirdi. Lakin imamət səmasının birinci ulduzu Həzrəti Əli (ə) elçiliyə
gələndə Peyğəmbərimiz (s) yenə Fatimənin fikrini soruşduğu təqdirdə,
həmişəkindən fərqli olaraq, qızı başını aşağı dikdi, xəcalət əlaməti olaraq
rəngi dəyişdi. Bu həmdə razılıq əlaməti idi. Peyğəmbər (s) onun razı olduğunu
başa düşüb, Həzrəti Əliyə (ə) müsbət cavab verdi.
İslam dini
ailə quracaq şəxslərin qabaqcadan bir-birlərini görməsinə etiraz etmir. Amma bu tanışlıq zamanı məhrəmçilik və
örpək qanunlarına riayət olunmalıdır. Xalqın adəti ilə əlaqədar olaraq nişan
mərasimi keçirilsə də, əgər tərəflər arasında kəbin kəsilməyibsə, naməhrəm şəxslərin
münasibəti barədə şərt və məhdudiyyətlərə mütləq əməl etməlidirlər. Bəzi
insanların düşündüyünün əksinə olaraq, nişan üzüyü taxıldıqdan sonra oğlanla
qız arasındakı naməhrəmçilik münasibətləri aradan götürülmür. Əslində nişanlı
şəxslər kəbin kəsilənə qədər bir-birlərinə naməhrəm sayılırlar.
Dinimizə görə , ziyafət təşkil etmək,
yemək süfrəsi açmaq, şənlənmək və şadlıq mərasimləri keçirmək xoşagələn işdir.
Toy şənlikləri də bu məclislərdən biridir. Lakin bu zaman insanların və toy
sahiblərinin mənəvi və maddi xeyirlərindən ötrü nəzərdə tutulmuş şərtlərə əməl olunmalıdır.
İlk növbədə toy mərasimləri şan-şöhrətdən uzaq olub, sadə təşkil edilərək
israfa yol verilməməlidir.
Toy mərasiminə gələnlərə təklif olunan
yeməklər mütləq halal olmalıdır. Məslisdə araq və ya digər spirtli içkilərin,
donuz ətinin, pulcuqsuz balıqların verilməsi haramdır. Şəriətimiz toy
mərasimlərində iştirak edənlərin əksəriyyətinin bir-birinə naməhrəm olmaqlarını
nəzərə alaraq kişilərlə qadınların eyni şənlik məclisində oturmalarını məsləhət
görmür. Yuxarıda göstərilən məqamlara yol verən toy sahibləri həm ilahinin
əmrlərini pozub böyük günahlar qazanır, həm də yenicə qurulan ailənin səadətini
və sağlamlığını təhlükə qarşısında qoyurlar. Elm vasitəsilə sübut olmuşdur ki,
narkotik madələr qəbul edən, spirtli içki içən, həddən artıq siqaret çəkən
valideyinlərin uşaqları çox zaman şikəst doğularaq müxtəlif xəstəliklərlə
üzləşirlər. Ailə quran gənclər şəriətin qadağan hökümlərinə məhəl qoymadan günah
əməllər edib, gələcəkdə dünyaya göz açan günahsız körpələri bədbəxt edirlər.
Narahadedici hal odur ki, xalqımızın
toy məclislərində araq və başqa spirtli içkilər süfrədən əskik olmur. Olduqca
əlamətdar bir hadisəni-iki gəncin ailə qurması münasibəti ilə qeyd olunan
mərasimə toplaşanlar həmin günün Allah tərəfindən verilən rövnəq və bərəkətini spirtli
içkilərlə pozurlar. Bəzi hallarda toy günü özünü gələcək “Ata” kimi hiss edən
bəydə içənlərə qoşulub sərxoş vəziyyətə düşür.Bu isə tamamilə bağışlanmaz bir
haldır.
Bütün bunları nəzərə alaraq, hər bir
müsəlmanın ailəsi övladlarına toy edərkən İslam dininin hökümlərinə mütləq
riayət etməyə çalışmalıdır.Bu zaman həm Allahın buyuruqlarına əməl etmiş olar,
həm də cəmiyyətin saflaşmasında öz laiqli töhfəsini verər.