Bu gün dindarların ixtilaf etdiyi məsələlərdən
biri də “Təqiyyə”dir. Bəziləri bunu
düzgün, bəziləri isə ikiüzlülük kimi qəbul edirlər. Əvvəlcə “Təqiyyə nədir?”
sualına cavab verək:
Təqiyyə
odur ki, insan canını, malını, namusunu qorumaq üçün düşməndən qorumaq üçün öz əqidəsini
gizlətsin. Əslində isə bütün insanlarda bu xüsusiyyət vardır.
İslamın ilkin dövrlərində də müsəlmanlar
kafirlərdən, müşriklərdən qorunmaq üçün təqiyyədən istifadə edirdilər.
Qurani-Kərimdə buyurulur: “Qəlbi
imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində
onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr
etsə (onu ağır təhlükə gözləyir)” (“ən-Nəhl” surəsi, ayə 106).
İbn Kəsir bu ayəni təfsir edərkən qeyd etmişdir: “Bu ayə o şəxsin haqqındadır ki, qəlbən
başqa fikirdə olduğu halda, məcburiyyət qarşısında qalıb müşriklərin fikrini
təsdiq edir. Bu ayə Ammar Yasir haqqında nazil olub. Düşmənin əzab-əziyyətinə
dözməyən Ammar dildə Peyğəmbəri (s) inkar etmək məcburiyyətində qalmışdır.
Sonra həzrətin yanına gəlib, vəziyyəti danışmış və həmin ayə nazil olmuşdur”.
Rəvayətlərin
birində nəql olunur ki, Peyğəmbər (s) Ammara buyurur: “Əgər müşriklər sənə yenə əziyyət versələr, yenə də bizi inkar et,
onları çaşdır. Qoy elə düşünsünlər ki, onlarla həmfikirsən. Bu yolla özünü qoru”
(“Mishabul-munir”, səhifə 746).
|