Məzhəblərlə tanışlığımızı davam etdiririk.
Bu dəfə əhli sünnənin digər iki haqq məzəbi olan hənbəli və maliki məzhəbləri
haqqında bir neçə məlumat verək.
Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl
hicri təqvimi ilə 164-cü ilin Rəbbiül-əvvəl ayında Bağdad şəhərində anadan
olmuşdur. Bu şəhər onun yaşadığı, dərs verdiyi və elmini yaydığı yerdir. Atası
və anası ərəb soylu “Şeybani” qəbiləsindəndir. Hənbəl onun atasını yox,
babasının adıdır.
Əhməd uşaqlığından etibarən İslami hökmləri
öyrənməyə başlamışdır. O, əvvəl Quranı əzbərlərmiş,
sonra ərəb dilini, hədisləri, səhabə və tabiinlərin həyatlarıını öyrənməyə
çalışmışdır.
Əhməd ibn Hənbəl öz dini savadı, elmi ilə
çoxlarından fərqlənirdi. Bəzi alimlər hədis və ya fiqhdən birini seçdiyi halda
o, hər ikisini seçmişdi. Bu böyük alim hədis öyrənmək, öz elmini artırmaq üçün
Bəsrə, Hicaz, Səna səyahət etmişdir.
Əhməd ibn Hənbəlin fiqhi beş üsuldan ibarətdir:
1- Açıq hökm. Əhməd ibn Hənbəl açıq bir
hökm, nəticə (nəs) tapanda onunla fitva verər, bunu səhabələrin fitvalarından
üstün tutardı.
2- Səhabələrin verdiyi fitvalar. Əhməd ibn Hənbəl
səhabələrdən bəzilərinin verdiyi fitvanın digərinə müxalif olmadığını
aydınlaşdırdıqdan sonra bunu əsas götürər və başqasına əhəmiyyət verməzdi.
3- Səhabələrin fikirləri. Əhməd ibn Hənbəl səhabələrin
fikirləri arasında ixtilaf olan zaman, bunlardan Quran və sünnəyə yaxın olanını
seçər və səhabənin sözündən kənara çıxmazdı.
4- Mürsəl hədis. Ravisi məlum olmayan hədis
“Mürsəl” hədis adlanır. Əhməd ibn Hənbəl mürsəl hədisi qəbul edirdi. Zəif hədis isə uydurma olduğu dəqiq olmayan hədisdir.
İbn Hənbəl zəif hədisi də, əgər onu babda rədd edəcək bir hədis yoxdursa
müqayisədən üstün tuturdu.
5- Müqayisə. Əhməd ibn Hənbəl Quran və hədislərdən
hökm, səhabə və tabinlərin sözlərində, mürsəl və ya zəif hədislərdə bir nəticə əldə
edə bilmədikdə müqayisəyə müraciət edirdi.
Maliki məzhəbinin banisi İmam Malik ibn Ənəs
Hicri təqvimi ilə 93-cü ildə Mədinədə doğulmuşdur. Onun atası və anası yəmənli idilər.
İmam Malik əvvəl Quranı hifz etmiş, sonra ailəsinə
qardaşı, əmisi kimi tədris mərkəzlərində fiqh öyrənmək istədiyini bildirmişdir.
Ailəsi onun bu istəyini müsbət qarşılamış və xüsusi ilə də anası ona bu işdə
yaxından dəstək olmuşdur. Hətta onun müəllimlərini
də anası seçmişdir.
İmam Malik daha çox elmə yiyələnmək,
savadını artırmaq üçün əlindən gələni edirdi. Bu məqsədlə o, demək olar ki,
dövrünün bütün alimlərinin dərslərində oturmuşdu. Lakin onun əsl müəllimi İbn
Hörmüz idi.
Malik ibn Ənəs həm hədisşünas, həm də fəqih
idi. O, hədis rəvayət etdiyi raviləri ələkdən keçirərdi. Əhli sünnənin ən məşhur hədis kitabını yazan
Məhəmməd ibn İsmayıl Buxari, “Ən səhih hədislər İmam Malikin Nəfi vasitəsilə
Abdullah ibn Ömərdən rəvayət etdikləridir” demişdir. Ümumiyyətlə bütün alimlər
İmam Malikin böyük fəqih olduğunu qəbul edirlər.
İmam Malikin fiqhini bir neçə yerə ayırmaq
olar:
1-Quran. İmam Malikin fiqhinə əsasən Quran hər
şeydən əvvəl gəlir və o, şəriətin “Konstitusiyası”dır.
2- Sünnə. Sünnə Qurandan sonra gəlir və
ikinci mərtəbədə yer alır.
3- Səhabələrin fitvası. İmam Malik səhabələrin
fitvasını əməl edilməsi vacib olan bir hədis kimi qəbul edərdi.
4- Müqayisə. İmam Malik müqayisəli hökmü qəbul
edirdi.
5- İstihsan. Cüzi məsləhətin hömünü müqayisədən
üstün tutardı.
6- Məsalihi-mürsələ. Haqqında müsbət və ya mənfi
sübut tapılmayan məsləhətlər. Bundan başqa İmam Malikin fiqhində digər
üsullarda görülmüşdür.
|