Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2007 » İyul » 26 » Namazın fəziləti
Namazın fəziləti
17:34
  Allah-Taala müsəlmanlara namazı vacib bilmişdir. Namaz olduqca önəmli ibadətdir. Bu dəfə sizə namazın fəzilətinə dair Həzrəti Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) bir neçə hədis təqdim edirik. Allah bütün müsəlmanlara namazlarında möhkəm olmağı nəsib etsin!
 

Peyğəmbər (s) buyurmuşdur: “Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar “ (“Biharul-ənvar”/82/202).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yəni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)” (“Mən layəhzuruhul-fəqih”, cild 1, səhifə 206).

Peyğəmbər (s) buyurmuşdur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir” (“Biharul-ənvar”, cild 99, səhifə 14).


Həzəti Peyğəmbər (s) buyurmuşdur: “Mömin namaza başlayanda, Allah Taala namaz bitirənədək lütf və mərhəmət ilə ona baxar və o, İlahi mərhəmətin kölgəsində dayanar. Onun ətrafını göyün üzünə qədər mələklər tutar və uca Allah bir mələyə onun başında dayanaraq  belə deməsini əmr edər: “Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kiminlə razu-niyaz etdiyini bilsəydin, heç vaxt bu yerindən ayrılmazdın və başqa bir şeyə maraq göstərməzdin” (“Cəmiül-hədis”, cild 2, səhifə 5).

Həzrəti İmam Əli (ə) ilə  Müaviyyə ibn Əbu Sufiyan arasında baş verən “Siffin” müharibəsinin ən çətin döyüş gecələrindən birinin olmasına,  Həzrəti Əlinin (ə) bu döyüşdə iştirak etməsinə baxmayaraq, O, “Gecə” namazını belə tərk etmədi və meydanda gecə namazını qıldı” (“Biharul-ənvar”, səhifə cild 41, səhifə 147).

Həzrəti İmam Əli (ə) oxuduğu bir duada buyurur: “Allahım, mən sənə cəhənnəm əzabının qorxusundan və ya cənnət istəyimdən ibadət etmirəm. Səni, sənə qulluq edilməyə və ibadət edilməyə layiq bilirəm. Buna görə sənə ibadət edirəm” (“Biharul-ənvar”, cild 12, səhifə 186).

“Kərbəlada İmam Hüseynin (ə) ordusu ilə Yezid ibn Müaviyyənin qoşunu qarşı-qarşıya gəlmişdi; Aşura günün gönorta vaxtıydı. Həmin gün sübh tezdən Kərbəla qəhrəmanları düşmənin böyük ordusuna, özlərinin azlığına baxmayaraq, ən çətin vəziyyətlərdə belə mömin şəxsin haqq və İslam uğrunda hər cür fədakarlığa hazır olması və Allah yolunda hər şeyini verməkdən çəkinməməli olduğunu göstərmək üçün əvəzsiz bir igidlik nümayiş etdirirdilər: Bəziləri şəhadət şərbətini içmiş, digərləri isə Həzrəti Hüseynlə (ə) birlikdə düşmənə qarşı bütün gücləri ilə döyüşməkdə idilər. İmamın (ə) ordusundan olan Əbu Səmamə Seydəvi Həzrəti Hüseynə (ə) yaxınlaşaraq dedi: “Canım sənə fəda olsun. Düşmənlər bizə yaxınlaşmaqdadırlar, lakin onlar məni şəhid etməmiş sənə toxuna, səni şəhid edə bilməzlər. Allah qovuşmamışdan əvvəl günorta namazını səninlə qılmaq istəyirəm”. İmam (ə) başını qaldırıb göyə baxdı və “Namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin. Bəli, indi namaz vaxtıdır, düşməndən namaz üçün döyüşə fasilə istəyin” dedi. Yezidin ordusu bu təklifi qəbul etmədi. Buna baxmayaraq, İmam Hüseyn (ə) hələ ki, şəhid olmayan əshabıyla birlikdə müharibə vaxtı üçün müəyyən şəkildə namazlarını qılmağa başladılar. Bu zaman İmamı (ə) qorumaq üçün əshabdan bir neçə nəfər düşmənin önündə canlı sədd kimi müdafiəyə qalxdılar. İmam (ə) və əshabı namazlarını bitirdikdə öz canlarını sədd edən bir neçə sadiq səhabə aldıqları ox yarasıyla şəhid olmuşdular” (“Biharul-ənvar”, cild 45, səhifə 21).

 

İmam Sadiqə (ə) “Allaha yaxınlaşmaq üçün ən gözəl vəsilə nədir?” deyə sual veriləndə, İmam (ə) belə cavab verərdi: “Allahı tanımaqdan sonra ona yaxınlaşmaq üçün namazdan daha önəmli bir ibadət tanımıram” deyərdi” (“Cəmiül-hədis”, cild 2, səhifə 2).

İmam Səccad (ə) babası Peyğəmbərdən (s) nəql edir: “Babam, Rəsulullah (s) daha çox ibadət edər və namaz qılardı. Namazda ayaq üstə durmaqdan ayaqları şişmişdi. Ona “Sənin keçmiş və gələcək bütün günahlarını Allahın bağışlamasına baxmayaraq sən özünü niyə bu qədər çətinliyə salırsan?”deyiləndə, Həzrəti Peyğəmbər (s) “İndi mən şükür edən bir bəndə olmayımmı?” deyə cavab verərdi” (“Quhül-Bəsər”, səhifə 78).

İmam Rza (ə) buyurmuşdur: “Namaz bəndənin öz rəhbər və yaradıcısını unutmayaraq həddini aşmaması üçün gecə-gündüz Allahı anmasını təmin edər. Allahı xatırlamaq və Onun hüzurunda ibadət etmək üçün qalxmaq insanın günah işləməsinin qarşısını alar və müxtəlif çirkinliklərdən uzaqlaşmasına səbəb olar” (“Cəmiül-hədis”, cild 2, səhifə 13).

 

İmam Əli (ə) buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi” (Təsnifu Qürərul-hikəm, səhifə 175).

 

Rəsuli-əkrəm (s) buyurmuşdur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, edam hökmü verilmiş şəxsin edamdan qabaq qıldığı son namazı kimi)” (“Biharul-ənvar”, cild 69, səhifə 408).

 

Muaz ibn Cəbəl rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur: “Hər bir işin əsası İslam, dayağı namaz və zirvəsi isə cihaddır” (“Sünəni Tirmizi”, 2616).

 

Əbu Uməmə rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “İnsanların ilk itirdiyi şey əmanət olacaqdır. Axırda isə namazdan başqa bir şey qalmayacaq və elə namaz qılanlar olacaqdır ki, onların əməllərində heç bir fayda olmayacaqdır” (“Tabarani”, 4425).

 

Ümmu Sələmə (r) rəvayət edir ki, “Namaz qılın! Namaz qılın! Kölələrinizlə gözəl rəftar edin” sözü Peyğəmbərimizin (s) son vəsiyyətlərindən biri olmuşdur. (“Müsnədi-Əhməd” (6-290, 311, 321) ).

 

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Yemək ac üçün, su da susuz üçün hər şeydən üstün olduğu kimi, Allah-taala da namazı gözlərimin nuru və onu mənim üçün hər şeydən əziz etmişdir. Ac adamlar yemək yediyi zaman doyur, susuz da su içdikdə susuzluğunu dəf edir, amma mən namazdan doymaq nə olduğunu bilmirəm” (“Biharul-ənvar”, cild 82, bab 1).

 

Peyğəmbər (s) buyurmuşdur: “Namaz qılmağı unutmuş və ya yatıb qalmış müsəlmanın kəffarəsi yadına düşən kimi onu qılmasıdır” (“Səhih-Buxari”, 598; “Səhih Muslim”, 684).

 

Abdullah ibn Məsud rəvayət edir ki, mən Peyğəmbərdən (s) soruşdum: “Qüdrətli və əzəmətli Allahın ən çox xoşuna gələn ən yaxşı əməl hansıdır?”. O buyurdu: “Vaxtlı-vaxtında qılınan namaz”. Mən dedim: “Sonra hansıdır?”. O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən yenə soruşdum: “Bəs sonra hansıdır?”. O buyurdu: “Allah yolunda cihad etmək.” (“Buxari”, 7524; “Muslim”,85).

 

 

Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər (s) demişdir: “Bir deyin görüm, sizlərdən birinin qapısının önündən çay axsa, o da hər gün bu çayda beş dəfə yuyunsa, onun bədənində olan çirkabdan bir şey qalarmı? Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bu namazlarla günahları silib aparır” (“Səhih-Buxari”,1/197).

 

Abdullah ibn Ömər rəvayət edir ki, Peyğəmbər (s) bir dəfə namaz haqqında danışarkən belə dedi: “Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar. Belələri, Qiyamət günü Qarun, Firon, Haman və Ubey ibn Xələf ilə bərabər həşr olunarlar” (“Münədi-Əhməd”, 2-169).

 

Sovbən rəvayət edir ki, Peyğəmbər (s) ona demişdir: “Allaha çoxlu-çoxlu ibadət et! Qılacağın elə bir səcdə olmaz ki, Allah onunla sənin dərəcəni artırmasın və günahlarından birini silmiş olmasın” (“Səhih Muslim”, 488).

 

Ənəs ibn Malik nəql edir ki, Əbu Zərr Həzrəti Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) belə dediyini rəvayət etmişdir: “Mən Məkkədə olanda, evimim damı yarıldı və Cəbrayıl endi. O, mənim sinəmi açdı və onu daxildən zəmzəm suyu ilə yudu. Sonra o, müdriklik və sədaqətlə dolu olan qızıl kasa gətirdi və onu mənim sinəmə tökdü. Daha sonra sinəmi bağladı, əlimdən tutdu və mənimlə səmaya qalxdı. Biz səmaya çatanda Cəbrayıl qapının keşikçisinə səsləndi: “Aç!”. Keşikçi soruşdu: “Kimdir?”. Cəbrayıl cavab verdi: “Cəbrayıldır”. Keşikçi soruşdu: “Səninlə kimsə var?”. Cəbrayıl cavab verdi: “Bəli, mənimlə Məhəmməddir (s)”.  Keşikçi soruşdu: “Onun üçün göndəriblər?”. Cəbrayıl cavab verdi: “Bəli”. Bundan sonra o, qapını açdı və biz səmanın daha da dərinliklərinə qalxdıq. Burada biz oturan bir adam gördük. Onun sağında və solunda çoxlu adamlar var idi. O, sağına baxanda gülürdü, solunda baxanda isə ağlayırdı. O, məni görəndə dedi: “Salam olsun düzgün peyğəmbərə və düzgün oğula”. Mən Cəbrayıldan soruşdum: “O kimdir?”.  O, cavab verdi: “O, Adəmdir, onun sağında və solunda dayanan çoxlu insanlar isə onun ardıcıllarının ruhlarıdır. Sağda duranlar cənnətə gedəcəklər, soldakilər isə cəhənnəmə düşəcəklər. Buna görə də o, sağa baxanda gülür, sola baxanda isə ağlayır. Sonra o, mənimlə səmanın ikinci qatına qalxdı və qapının keşikçsinə “Aç!” dedi. Bu keşikçi də ona həmin sözləri dedi və qapını açdı”.

Ənəs deyir ki, Əbu Zərrin yadına düşdü ki, Peyğəmbər (s) səmanın müxtəlif qatlarında Adəm, İdris, Musa, İsa və İbrahimlə qarşılaşıb. Lakin onlar hər birinin neçənci qatda olması səhabənin yadına düşmədi, yalnız dedi ki, o  həzrət Adəmlə birinci, İbrahimlə isə altıncı qatda rastlaşıb.

Ənəs dedi: “Cəbrayıl Peyğəmbərlə İdrisin yanına çatanda , İdris dedi: “Salam olsun düzgün peyğəmbərə və düzgün qardaşa!”.  Peyğəmbər (s) deyir ki, mən soruşdum: “O kimidir?”. Cəbrayıl cavab verdi: “Bu İdrisdir”. Sonra biz Musanın yanına çatdıq və o dedi: “Salam olsun düzgün peyğəmbərə və düzgün oğula!”. Mən soruşdum: “O kimdir?”. Cəbrayıl cavab verdi: “O Musadır”. Sonra biz İsanın yanına qalxdıq, o da dedi: “Salam olsun düzgün qardaşa və düzgün peyğəmbərə!”. Sonra biz İbrahimlə rastlaşdıq və o dedi: “Salam olsun düzgün peyğəmbərə və düzgün oğula!”. Mən Cəbrayıldan onun kim olduğunu soruşdum. Cəbrayıl dedi: “Bu İbrahimdir, ona Allahın rəhməti və salamı olsun”.

İbn Şihab deyir ki, İbn Abbas nəql edir ki, Peyğəmbər (s) dedi: “Sonra Cəbrayıl məni o qədər yuxarıya qaldırdı ki, mən qanadların cırıltısını eşidirdim”.

İbn Xəzm və Ənəs ibn Malik nəql edirlər ki, Peyğəmbər (s) dedi: “Allah mənim ümmətimə gündə 50 namazı əmr etdi. Mən geri qayıdanda, Musanın yanına çatanda o, məndən soruşdu: “Allah sənin vasitənlə ümmətinə nələri vacib buyurdu?. Mən buyurdum: “O, 50 namazı vacib qıldı”. Musa dedi: “Allahın yanına qayıt, yoxsa həqiqətən sənin ümmətin buna davam gətirməyəcək!”. Mən yenə Allaha müraciət etdim. O, namazların sayını yarıya endirdi. Sonra mən yenə Musanın yanına qayıtdım və ona dedim ki, namazların sayı yarıya endirildi. O dedi: “Yenə geri qayıt, yoxsa həqiqətən sənin ümmətin buna davam gətirməyəcək!”.  Mən yenə geri qayıtdım və Allah bu dəfə də namazların sayını yarıya endirdi. Mən Musanın yanına qayıtdım və o mənə dedi: “Geri qayıt, yoxsa həqiqətən sənin ümmətin buna davam gətiməyəcək”. Mən yenə Allaha müraciət etdim, O isə bu dəfə dedi: “Dünyada beş, burada isə 50 dəfə. Mənim qanunlarım dəyişilməzdir!”. Mən Musanın yanına qayıtdım, o isə yenə mənə “Rəbbinə müraciət et” dedi. Bu dəfə isə, “Mən daha Rəbbimdən utanıram!” dedim...”  (“Səhih Buxari”, 349).

 

Nəql olunmuş rəvayətlərdən birində deyilir ki, bir gün Peyğəmbər (s) məscidə daxil olub Ənəs ibni Malikin namaz qıldığını, lakin eyni zamanda ətrafa da nəzər saldığını görür. Dərhal ona müraciət edərək buyurur: “Ey Ənəs! Namazı elə qıl ki, sanki bundan sonra namaz qılmayacaqsan və bu sənin vida namazın olacaq. Elə isə yalnız səcdə etdiyin yerə nəzər sal və ətrafında olanlara diqqət yetirmə. Bil ki, sən elə bir varlığın qarşısındasan ki, sən Onu görməsən də O, səni görür” (“Biharul-ənvar”, cild 84, bab 38).

 

Osman ibn Affan rəvayət edir ki, Peyğəmbər (s) demişdir: “Gözəl tərzdə dəstəmaz alıb namazını qılan elə bir müsəlman yoxdur ki, Allah onun namazları arasında olan günahlarını bağışlamış olmasın” (“Səhih Muslim”, 227).

 

İmam Sadiq (ə) buyurmuşdur: “Namazı əskik sayanlara biz şəfa etməyəcəyik” (“Biharul-ənvar”, cild 82, bab 5).

 

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Axirət dünyadan üstün olduğu kimi, namazın ilk vaxtda qılınması da son vaxtda qılınmasından üstündür” (“Biharul-ənvar”, cild 82, bab 5).

 

Əbu Ümamə deyir ki, “Peyğəmbər (s) ilə birlikdə məsciddə idik. Bu zaman bir kişi gəldi və “Ey Allahın elçisi, mən bir günah işlədim, mənim cəzamı ver!” dedi. Həzrəti Peyğəmbər (s) kişiyə cavab vermədi. Kişi yenə cəzaslnı tələb etdi. Allahın elçisi (s) sükutunu qorudu. Bu vaxt namaz zamanı yetişdi və namaz qılındı. Peyğəmbər (s) namazdan çıxanda kişi yenə onun arxasınca düşdü, mən də kişini izləyirdim. Ona verəcəyi cavabı eşitmək istəyirdim. Peyğəmbər (s) kişiyə “Evindən çıxarkən gözəl tərzdə dəstəmaz almışdınmı?” deyə sual verdi. Kişi “Bəli, ey Allahın elçisi!” dedi. Peyğəmbər soruşdu: “Sonra da bizimlə namaz qıldınmı?”. Kişi “Bəli ey Allahın elçisi” deyəndə, Peyğəmbər (s) ona “Eləysə Allah Taala günahını bağışladı” dedi” (“Əl-Buxari”, Hudüd 27; “Müslim”, Tövbə 44).

 

 

İmam Malik Peyğəmbərin (s) belə dediyini nəql etmişdir: “İstiqamət üzərində olun. (Bunun savabını) siz saya bilməzsiniz. Bunu bilin ki, ən xeyirli əməliniz namazdır. (Zahiri və batini təmizliyi qoruyaraq) dəstəmazlı olmağa ancaq mömin riayət edər” (“İbn Macə”, 277).

 

İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Namaz ixlas evi və təkəbbürlükdən uzaqlaşmağın ən gözəl vasitəsidir” (“Biharul-ənvar”, cild 82, bab 1).

 

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Hər bir şeyin öz siması vardır, dinin də siması namazdır” (“Biharul-ənvar”, cild 82, bab 1).

 

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Namaz Allahın yer üzərində çəkdiyi səddir. Bunun üçün də hər bir insan qıldığı namazlardan nə dərəcədə bəhrələndiyini bilmək istəsə, namazın onu günah və xoşagəlməz işlərdən nə qədər çəkindirdiyinə diqqət yetirsin” (“Biharul-ənvar”, cild 82, bab 1).

  [Hədislər] | Oxunub: 1640 | Müəllif: Administrator |
Şərh sayı: 2
25.08.2007
2. Admin (Administrator) [Material]
Aleykume salam. Problem yoxdur, yerleşdirin. Sadece olaraq menbe kimi bizim saytı qeyd edin.

25.08.2007
1. muhammed reshad [Material]
qardas salam men bu yazzdiginizi beyendiyim icin oz websitemde canlandirdim.sizin adinizdan yeni saytin adindan icaze vermeseniz sile bilerem.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2007  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz