Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

251. Beləliklə Allahın köməyi ilə onları məğlub etdilər və (Talutun əsgərlərindən olan) Davud Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və (Zəbur kitabı, gerçəklik əsasında hökm çıxarmaq, quşların dilləri və dəmirdən zireh toxumaq kimi) istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah insanların bəzisini digər bəzilərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf və mərhəmət sahibidir.

252. Bunlar Allahın ayələridir (tovhid və qüdrət nişanələridir) ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən sən göndərilənlərdənsən.

253. Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi). Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.

254. Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!

255. Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.

256. Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.

257. Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

258. Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.

259. Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim).

260. (Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir».

261. Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.

262. Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.

263. Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.

264. Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir.

265. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir.

266. Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?! Allah Öz ayələrini (dinin hökm və maarifini) sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz).

267. Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin. Halbuki (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və işləri) təriflənmişdir.

268. Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir.

269. Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.

270. Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz.

271. Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.

272. Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir.

273. (Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir.

274. Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.

275. Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) və işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

276. Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir.

277. Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.

278. Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.

279. Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız.

280. Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!

281. Allaha tərəf qaytarılacağınız, sonra hər bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil surətdə veriləcəyi və onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı) gündən qorxun!

282. Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.

283. Əgər səfərdə olsanız və katib tapmasanız (sənəd və şahidin əvəzi) alınmış girovlardır. Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır. Allah əməllərinizi biləndir.

284. Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.

285. Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): «Onun elçilərinin heç biri arasında fərq qoymuruq». Həmçinin dedilər: «Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir»!

286. Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et».

İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz