Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

"əl-Bəqərə" (inək) surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

2. Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.

3. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

4. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.

5. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).

6. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.

7. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.

8. İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.

9. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.

10. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.

11. Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.

12. Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

13. Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.

14. Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.

15. Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.

16. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.

17. Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.

18. Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar.

19. Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.

20. Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.

21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.

22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.

23. Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət, kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından və ya onun kimi heç kimdən dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və (bu işdə) Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına şəhadət versinlər).

24. Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.

25. İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.

26. Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.

27. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.

28. Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.

29. Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir.

30. Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.»

31. Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»

32. Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»

33. Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»

34. Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.

35. Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız.»

36. Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)

37. (Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.

38. Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»

39. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»

40. Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!

41. Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!

42. Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.

43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın).

44. (Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!

45. (İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.

46. O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.

47. Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın.

48. Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.

49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən - oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.

Ardı

İstifadəçi girişi
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz