Oruc hər bir müsəlmanın həyatından önəmli yer tutur. Oruc hər bir müsəlmana vacibdir və Füruiddinə (əməllərə) aiddir. Oruc tutmaq, hər il Ramazan ayında sübh azanından məğrib azanına qədər yemək, içmək, ümumiyyətlə mədəyə hər hansı bir qidanın, mayenin daxil olmasının qarşısını almaq, yəni pəhriz etməkdir. Orucun və oruc tutanın fəziləti, onun vacibliyi haqqında Quranda və sünnədə kifayət qədər dəlillər vardır. Əvvəlcə Qurani-Kərimə müraciət edək: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”("əl-Bəqərə” surəsi, ayə 183). Bu ayədən göründüyü kimi oruc insanı pis əməllərdən çəkindirir. Yəni insan oruc tutan zaman o hər cür çirkinlikdən çəkinməli, bütün vücudu, bütün ruhu ilə pəhriz saxlamalıdır. İmam Rza (ə) bu haqqda buyurmuşdur: "Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də oruc tutmalıdır” ("Biharul-ənvar”, cild 96, bab 36). İmam Cəfər Sadiq (ə) isə buyurmuşdur: "Oruc
tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət deyildir, insan
gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc tutmalı və
özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır.
Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim
olmalıdır” ("Vəsailüş-şiə”, cild 7).
Qeyd
etdiyimiz kimi oruc hər bir müsəlmana vacibdir. Lakin xəstə, səfərdə
olanlar üçün müəyyən güzəştlər var. Bu haqqda Quranda buyurulur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” ("əl-Bəqərə” surəsi, ayə 184).