“Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq
yolunda mətanət mənalarını daşıyır. Bilalın xatırlanması səbrin, düşmən
qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün
xatırlanmasıdır. Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini,
təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri
yada salan bir addır.
Məkkənin fəthi zamanı İslam peyğəmbəri
Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl
həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların
bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi
ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi. Təbii ki, Kəbə üzərindən
Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin
təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin
azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı.
Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına
cavab verilir: “Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq.
Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr
şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan
daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır” (“Hurucat”, 13).
Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki
yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir.
Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və girami olmuşdur.
Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır.
Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici
fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son
gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal
bir daha azan demədi. Çünki Bilalın Peyğəmbərdən (s) sonra müsəlmanlara rəhbər
saydığı kəs onlarla birgə namaz qılmırdı. Həmin şəxsin haqqını, məqamını
başqaları qəsb etdiyindən, Bilal onların azançısı olmaq istəmirdi. Ona görə də
Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək
orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı.
Bu kitabçada Bilalın insana ruh verən şəxsiyyəti ilə tanış
olacaqsınız. Olsun ki, bu tanışlıq daha bir ideal və nümunəyə yol açsın və
İslam ağuşunda tərbiyə almış başqa bir şəxsdən də ilham alaq. Sizə verilən məlumatlar Cavad
Mühəddisinin eyniadlı kitabındandır.
İSLAM ASTANASINDA
Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya
gəldiyi bildirilir. Fil ilinin tarixi başlanğıc kimi götürülməsi Əbrəhənin
Kəbəyə fillərlə yürüşü hadisəsi ilə bağlıdır. Həzrət Peyğəmbər (s) də həmin il
anadan olmuşdur. Bilalın ata-anası qul olmuşdur. Bilalın yeniyetmə və gənclik
dövrü Qüreyş fəsadının tüğyan etdiyi illərə təsadüf edir. Qüreyşilər zülm,
fitnə-fəsad əhli idilər. Onlar bəzən öz eyş-işrət məclislərini Allah evinin
kənarında qurardılar.
Bilalın fitri paklığı qul olmasına
baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram
göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa
qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində
müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun
əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu
ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin
əsarətindən qurtulmağa çalışırdı.
İslam günəşi Məkkədə parladığı və həzrət Məhəmməd (s) insanların
qurtuluşu üçün peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O,
Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi. Onun
təşnə ruhu yeni xəbər, Peyğəmbər (s) haqqında daha dəqiq məlumat sorağında idi.
Az-çox Quran ayələrindən də eşitmişdi.
Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü
həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi.
Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz
axtardığını tapmışdı. Təvazökar şəkildə özünü Peyğəmbərin qədəmlərinə atdı və
İslamı qəbul etdi. Bilal bilirdi ki, İslamı qəbul etməsi ona baha başa gələcək.
Lakin həqiqətə olan sevgi, Peyğəmbərə və onun ayinlərinə məftunluq Bilalı
istənilən bir işgəncənin qəbuluna hazırlamışdı.
Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri
Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona
görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.
Başqalarının gözünün odunu almaq,
onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü
qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar
üçün həm də bir əyləncə idi.
İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu
Bilalın cəzalandırılması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin
İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılığını bilən
xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.
Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi
nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini
bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını
İslama sövq etdi. Bilal müsəlmanlığını ilkin olaraq açıqlayan yeddi nəfərdən
biri idi.
Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda
ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk
şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də,
iman və iradələri sarsılmadı.
Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu.
Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə
Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir
daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini
qovururdu.
Bilal öz qəlbini Allaha tapşırmışdı və
səsini çıxarmadan dözürdü. Yalnız “əhəd, əhəd” pıçıldayırdı. Üməyyə tələb
edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca
öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi:
“Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə
bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı
qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun
rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!”.
İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə
yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu
səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular.
Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın
əzabəziyyətindən ləzzət alır, şadlanırdılar.
Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı
zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab
yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü.
Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları
sağalanadək işgəncə məqsədi ilə azad etdilər.
Üməyyə səhəri gün Bilala dedi: “Dünən səni çox incitmədim.
Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün
sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi:
“Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam
yolunda ölmək mənim üçün çox şirindir.”
Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək
üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü
yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir
iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə
qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar. Daş-kəsək üstü ilə sürünən
Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını,
“əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.
|
BİLALIN AZADLIĞI
Xalqla daim həmdərd olan həzrət
Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat
olurdu. O,
işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və
onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib,
çətinliyə düçar olanları behiştlə müjdələyərdi.
Bilalın işgəncələri nəhayət həddə
çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər
(s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla
alıb, Allah yolunda azad etmək lazımdır.
Üməyyə ibn Xələf də Bilalın müqavimətindən
cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu
öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin
(s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.
(“əs-Səhih”, cild 2, səh. 34).
Bilal sağaldıqdan sonra ciddi dini
fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi.
O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı.
Bilal “Şibe-Əbu-Talib” mühasirəsi dövründə də müsəlmanlarla oldu.
Bilalın iman və səbri ona misilsiz əzəmət
bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ
edib, yayırdı.
MƏDİNƏYƏ HİCRƏT
Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq
Mədinəyə, Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq
olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına
baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s)
yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil
olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah
rəsulunu (s) qarşılayır.
Peyğəmbərin Mədinəyə gəlişi ilə bir çox
yeni işlərə, tədbirlərə, eləcə də, İslam əsasında yeni hökumətin təşkilinə
başlanıldı. İslam Peyğəmbəri (s) Mədinəyə gəlişinin əvvəlində müsəlmanlarla
birlikdə ibadət və yığıncaqlar üçün bir məscid tikdi. Müsəlmanlar arasında
bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da
Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu. Übeydə fədakar
müsəlmanlardan idi. O sonralar Bədr döyüşündə həzrət Peyğəmbər (s) və həzrət
Əli (ə) ilə çiyin-çiyinə cihad etdi və yaralandı. Bir neçə gün sonra Bədr döyüşündən qayıdarkən yolda vəfat etdi
İLK AZANÇI (MÜƏZZİN)
Mədinəyə hicrətin ilk günlərində xalqı
camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə
ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz
peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə)
tapşırdı ki, Bilala azan öyrətsin.(“Vəsailüş-şiə”, cild 4, səh. 612). Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını
qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı
və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın
təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt
Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi
onu belə bir məqama ucaltdı.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər
(s) buyurmuşdur: “Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o,
çox dəqiqdir.”(“Biharul-ənvar”, cild 22,səh.264). Həzrət Peyğəmbər (s) Bilala
deyərdi: “Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza
duraq.”
Bilal gecə sübh azanından bir qədər qabaq
məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz
edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini,
qəlbinin imanla dolu olmasını göstərir.
Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O,
elçilik zamanı özünü belə təqdim etdi: “Mən Bilalam, bu isə mənim qardaşımdır.
Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi.
Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd
olsun. Əgər verməsəniz, Allah böyükdür.”
Qız adamları Bilala qəti cavab verməzdən öncə həzrət Peyğəmbərin
(s) yanına gəldilər. Onlar əhvalatı danışıb, həzrətin (s) rəyini öyrənmək
istədilər. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: “Ondan yaxşı kimi
istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır...” (“Əyanüş-şiə).
Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri
islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami
meyarları çox aşkar şəkildə bəyan edir.
MƏKKƏNİN FƏTHİ
Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid
mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular.
Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət
etdilər. Onların qibləsi həmin bu şəhərdə idi. Bu şəhərdə müşriklər onlara
hansı işgəncəni verməmişdilər! Bu şəhər İslamın ilkin dövrləri ilə bağlı
xatirələrlə zəngin idi. İşgəncələr, müqavimətlər, çətinliklər!
Bu karvana yolda qoşulanlar da çox oldu.
Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil
oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi. Müsəlmanlar təsadüf
hallarda müqavimətlə rastlaşdılar. Bu, İslam qüvvələri üçün çox böyük bir
qələbə idi.
Müsəlmanlar Kəbə ətrafında toplandılar.
Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn
Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli (ə) Kəbəyə daxil
olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən
müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr
edirdilər... La ilahə illəllah... Allahu əkbər...
Böyük fəth şüarı Məkkəni ağuşuna aldı.
Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu:
“Kəbəyə qalx və azan de.” Bilal bir anda Kəbənin üstünə qalxdı. Müşriklər
Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan “Əllahu əkbər”
fəryadı göyə ucaldıqca nigarançılıqlara son qoyulurdu. “Allah” adı və İslam
azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları
sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə
olaraq, Kəbənin üstündən boylanırdı. “Allahu əkbər, əşhədu ənnə Muhəmmədən-rəsulillah”
PEYĞƏMBƏR (S) MÜƏZZİNİ PEYĞƏMBƏRDƏN
SONRA
İmam Sadiq (ə) buyurmuşdur: “Allah
Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi (“Səfinətül-bihar”, cild 1, səh.104).
Bəli, bu səbəbdən də Peyğəmbərin (s)
vəfatından sonra Bilal bir daha azan demədi. Ümmət Bilalın könül oxşayan tövhid
avazının intizarında qaldı. Həzrət
Peyğəmbərin (s) vəfatından sonra bir gün həzrət Zəhra (s) atasının azançısının
səsini eşitmək istədi. Bundan xəbər tutan Bilal
məscidin damına çıxıb azan dedi: “Əllahu əkbər, əllahu əkbər”.. Bilalın səsini
eşidən camaat həzrət Peyğəmbərin dövrünü xatırladı. Onlar o şirin dövrü yada
salaraq ağladılar. Atasını xatırlayan həzrət Fatimə (s) də ağlamağa başladı.:
“Əşhədu ənnə Muhəmmədər-rəsulullah...” Azanın bu sözləri Mədinəni qəm-qüssəyə
batırdı. Hələ ki, Mədinədə bu sayaq ah-nalə eşidilməmişdi.
Atasının əziz xatirəsindən həyəcanlanan Zəhra bihuş olub yerə
yıxıldı. Bilala dedilər: “Bilal sus, Peyğəmbərin qızı dünyasını dəyişdi.”
Zəhraya görə narahat olan Bilal azanı yarımçıq saxladı və məscidin damından
düşüb ona yaxınlaşdı. Həzrət Zəhra (s) özünə gəlib buyurur: “Azanı tamamla.”
Bilal dedi: “Ey Peyğəmbər qızı, məni üzürlü bil. Sənin həlak olmağından
qorxuram.”
(“Biharul-ənvar, c.43 S157).
BİLALIN SÜRGÜNÜ
Peyğəmbərin vəfatından sonra Bilalın
azan deməməsi növbəti xilafəti rəsmi şəkildə tanımaması kimi qəbul olundu.
Bilal mövcud hakimiyyəti öz azanı ilə təsdiq etmək istəmədi. O, əhd etmişdi ki,
yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək.
Bilalın azan deməkdən imtina etməsi
xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün
sonunadək orada qaldı (“Əyanüş-şiə”). Bilal Şamda olduğu dövrdə bir dəfə həzrət
Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər (s) Bilala
buyurdu: “Bilal! Mənə münasibətdə necə də cəfa edirsən! Nə üçün mənim
ziyarətimə gəlmirsən?” Bilal yuxudan oyanıb, çox qəmgin oldu. Qərara gəldi ki,
həzrət Peyğəmbərin ziyarətinə getsin. Mədinəyə yola düşdü. Şəhərə daxil olan
kimi Peyğəmbərin (s) qəbrinə üz tutdu. Ağlar halda həzrətin (s) məzarına
sarıldı. İmam Həsən (ə) və imam Hüseyn Bilalın gəlməsini eşidib, xoşhal
oldular, onun görüşünə gəldilər. Bilal həzrət Peyğəmbərin bu iki yadigarını
görüb, onları ağuşuna aldı və öpdü. Peyğəmbərin bu iki körpəni qucağına alması
səhnəsini xatırladı. Bilal Peyğəmbərdən sonra onun Əhli-beytinin (ə) necə tənha
qaldığına şahid oldu. Əhli-beyt (ə) ümmətin biganəliyi ilə qarşılaşmışdı.
Bilal Mədinədə bir neçə gün qaldı. Peyğəmbərin qəbrini ziyarət
etdikdən sonra Əhli-beyt (ə) ilə görüşə getdi və təkrar öz sürgün yerinə, Şama
qayıtdı.
BİLALIN VƏFATI VƏ ƏBƏDİ HƏYATIN
BAŞLANĞICI
Bilal Şama hicrət etdikdən sonra hər il
Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər,
Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi.
Hicri 19-cu ildə Bilal taun
xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı “Babus-səğir” adlı yerdə
bəzi səhabələrlə yanaşı dəfn olundu.
Hazırda onun məzarı üzərində qübbə
tikilmişdir və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın qəbrini
ziyarət edirlər.