ÖN SÖZ
İnsanı böyük ruhların əzəməti qədər təsir
altında saxlayan ikinci bir şey yoxdur. Hər bir gənc ideal, nümunə
axtarışındadır. O bu idealı meyar və rəhbər seçməklə “necə olmaq” və “necə
yaşamaq” suallarına cavab arayır. Böyüklər də belədirlər. Amma ideallar uşaqlıq
və gənclik dövründə insana daha çox təsir edir.
Bu simalar arasında Əmmar Yasir
(raziyallahu ənhum) bariz mömin şəxsiyyətlərdən, risalət və vilayət yolunda
fədakar və vəfalı insanlardandır. Bu böyük səhabənin həyatı haqqında olan
material Cavad Mühəddisinin eyniadlı kitabından götürülüb.
ŞƏHADƏT OCAĞI
Bəzən hadisələr insanların tərəqqisi üçün
münasib şərait yaradır, İlahi təqdir insana əbədi səadət nəsib edir. Əmmarın
müsəlman olması da bu kimi hadisələrdəndir.
Uzun illər Yəmənə hakim olmuş quraqlıq və
fəqirlikdən sonra bu məntəqədə həyat canlanmağa başlayırdı. Yasir digər iki
qardaşı ilə birlikdə, qəhətlik ucbatında onlardan ayrılmış başqa bir
qardaşlarını axtara-axtara Məkkəyə gəldi. Onlar qardaşlarını tapa
bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəldilər. Amma
Yasir Məkkədə qalası oldu. Zaman ötdü. Yasir Məxzum qəbiləsinin rəisi Əbu
Həzifə Məxzumi ilə həmpeyman oldu və onun pak kənizlərindən biri ilə evləndi.
Bu kənizin adı Süməyyə idi. Bu izdivacdan Əmmar dünyaya gəldi (“Təhqihul-məqal”,
c. 2, səh. 320).
Əmmar zülmün ayaq tutub yeridiyi
cəmiyyətdə böyüyürdü. Məzlum kütlələr onları bu
zülmətdən çəxaracaq ilahi xilaskarın zühurunu gözləyirdi. Nəhayət, Həzrət
Məhəmməd (s) peyğəmbərliyə seçildi. Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş
ilk şəxslərdən idi. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbr və
fədakarlıq tarixi yaradırdılar.
Hicazın isti və yandırıcı səhrası, günortanın qaynar günəşi Yasir
və Süməyyənin qəhrəmanlığına şahid idi. Bu pir kişi və qoca qadının iman və
əqidə yolunda çəkdiyi işgəncələr daşı əridirdi. Hər gün onları işgəncə içində
görən girami İslam Peyğəmbəri (s) bu mətin insanları behiştlə müjdələyir,
onları səbrə dəvət edirdi (“Əyanüş-şiə”, c.8, səh. 373). Bu səhnəni
müşahidə edən Qüreyş müşrikləri işgəncələri daha da artırırdılar. Yasirlə
Süməyyə isə gözlərini peyğəmbərin dodaqlarına dikib, onun dilindən Allah
kəlamını dinləmək şövqündə idilər.
Yasir ailəsinin səbr və müqaviməti müşrikləri heyrətə gətirdi və
nəhayət, bu iki əzəmətli insan Əbu-Cəhl və onun köməkçilərinin şallaqları
altında şəhadətə çatdılar. Onlar İslamın ilk şəhidləri idilər. Yasir və Süməyyə
Ərşe-Əlaya qovuşdular və İslam tarixinin səhifələrini qanları ilə rənglədilər.
Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini
gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə
yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin
iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə
məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər
deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu
və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi (“ən-Nəhl”, 106).
HƏBƏŞƏ VƏ MƏDİNƏYƏ HİCRƏT
Əmmar Peyğəmbərin (s) göstərişi ilə
Həbəşə mühacirət edənlər arasında idi. Bu dəstə canını
Qüreyşilərdən qorumaqdan əlavə, hicrət etdikləri yerdə İslamı təbliğ etməli
idilər.
İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da
mühacirlərlə birliklə Həzrətə (s) qoşuldu. O Mədinə məscidinin tikintisində
Peyğəmbər (s) və müsəlmanlara kömək edirdi. Tikinti işində Əmmar iki nəfərin
işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurdu: “Əmmar! Özünü bu
qədər zəhmətə salma!” Əmmar dedi: “Bu məscidin
tikintisində daha artıq işləmək istəyirəm.” Həzrət (s) əlini Əmmarın çiyninə
qoyub buyurdu: “Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər” (“Əyanüş-şiə”, c. 8, səh 373).
ƏMMARIN FƏZİLƏTLƏRİ
Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mötəbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündə Əmr
ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir.
Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar
şəhid olana qədər səhabələrdən bəziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız
onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildəndilə
gəzir. Həzrətin (s) sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu
daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün
könüllərdə özünə yer tapır.
Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər
(s) bu barədə eşidib buyurur: “Əmmardan nə istəyirlər? Əmmar onları behiştə
dəvət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki
gözümün arası kimidir” (“Əyanüş-şiə”, c. 8, səh 373). Digər bir
buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: “Əmmar
başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub” (“Əyanüş-şiə”, c. 8, səh 373). Nəql olunan hədislər
Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Süffeyn döyüşündə Əmmar hara üz
tuturdusa, səhabələr də onun ardınca gedirdi. İslam Peyğəmbəri başqa bir
hədisdə belə buyurur: “Behişt Əmmarın müştaqıdır” (Həmin mənbə). Həzrət Peyğəmbər (s)
Əmmarı qətlə yetirən şəxsə cəhənnəm vəd edir. Bütün bu
deyilənlər Əmmarın fəzilətlərinin təsdiqidir. Bu fəzilətlərdən xəbərdar olan
Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə
Peyğəmbər (s) səhabələrinin dörd sütunundan biri sayılır. O həmin dörd
nəfərdəndir ki, behişt onların sorağındadır (“əl-İxtisas”).
“Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s)
buyurmuşdur. Tarixi bir söhbət Əmmar Yasirin məqamını bir qədər də açıqlayar:
Xalid ibn Vəlid və Əmmar arasında mübahisə yaranmışdı. Xalid həzrət Peyğəmbərin
(s) hüzuruna gedib Əmmarın yanındaca onun haqqında xeyli mənfi sözlər söylədi
və şikayət etdi. Əmmar Xalidin bu hərəkətindən narahat olub ağladı və dedi: “Ya
Rəsuləllah! Görürsənmi nə edir?” həzrət Peyğəmbər (s) başını qaldırıb buyurdu:
“Hər kəs Əmmarı qəzəbləndirsə, Allah onu öz qəzəbinə düçar edər. Hər kəs Əmmarı
axmaq və düşüncəsiz saysa, Allah onu axmaq və düşüncəsiz sayar” (“Əsadul-ğabə).
Səxavət, isar Əmmarın digər
fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsr
namazından sonra Peyğəmbər (s) məsciddə oturmuşdu və onun ətrafında səhabələr
toplanmışdı. Məscidin bir küncündə palpaltarı
cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə
buyurdu: “Əgər bir istəyin varsa, de yerinə yetirək.” Qoca kişi dedi: “Ya Rəsululah! Bir
müddətdir acam... Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur.” Həzrət
buyurdu: “Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə
göndərəcəyəm, nə istəsən verəcəklər.”
Sonra həzrət Peyğəmbər (s) onu Bilala (r.ə.) qoşub
həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca
kişi dedi: “Salam olsun sizə, ey peyğəmbər əhli beyti! Sizin eviniz vəhyin
nazil olduğu və mələklərin gəldiyi yerdir.” Qocanın səsini eşidən Zəhra
buyurdu: “Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?” Qoca dedi:”
Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi.” Həzrət Zəhra özü də
bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı
qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini
qocaya vermək istədi. Amma qoca dedi: “Mən acam, qoyun dərisinə ehtiyacım
yoxdur!” Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca
boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı.
Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən
icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s)
buyurdu: “Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa,
Allah onu oda və əzaba düçar etməz.” Əmmar boyun-bağının müqabilində 20 dinar
200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən
kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi.
Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü
bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o,
Səlmana, Əmmara və Miqdada Həzrət Əli (ə) və xanım Zəhranın (s), imam Həsənlə
(ə) imam Hüseynin (ə) bəzi fəzilətləri haqqında söhbətlər etdi.
Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və
ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s)
hədiyyə göndərdi. Həzrət Peyğəmbər (s) hədiyyələri qəbul edib, qızı Fatimənin
(s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım
Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu
gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: “Bu boyunbağına gülürəm. Bir
boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhatcın ehtiyacını aradan qaldırdı,
bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı” (“Biharul-ənvar”, cild 43, səh 56).
Təfsirçilərin bildirdiyinə görə,
Quranın bəzi ayələri Əmmarın şənində nazil olmuşdur. Allahın saleh bəndələrindən danışan, gecə ibadətlərinə məşğul olan
insanları xatırladan, Allahın mərhəmətinə ümidvar möminləri yada salan bəzi ayələr
onun şənində nazil olmuşdur (“Zümər”, 9). Eləcə də, bilənləri
bilməyənlərdən üstün tutan, sübh və şam Allaha pərəstiş edənlərdən danışan,
yalnız Allahın razılığını düşüənlərdən söhbət açan ayələr də bu qəbildəndir (“əl-Ənam”, 2). Xalq arasında nur kimi
xatırlanan çöhrədən danışan ayə də Əmmarın şənindədir (“əl-Ənam” 122). Bu ayələrin Əmmarın şənində nazil olması “Əl-ğədir” kitabında
qeyd olunmuşdur.
ŞƏHADƏT XƏBƏRİ
Əmmarın döyüşlərdə və Peyğəmbərlə (s) yanaşı fəaliyyətlərdə rolu cəlbedicidir. Əhzab
(Xəndək) döyüşündə Səlmanın təklifi ilə xəndək qazılarkən Əmmar var qüvvəsi ilə
çalışır. Yorğun, taqətsiz, üzü-gözü toz-torpağa bulaşmış Əmmarı görən Peyğəmbər
(s) buyurur: “Xəbərdar ol, ey Süməyyə oğlu, zalım qövm səni öldürəsidir”
Bu cümləni həzrət Peyğəmbər (s) dəfələrlə,
eləcə də, Mədinə məscidi tikilərkən buyurmuşdur. Bəli,
Əmmarın Süffeyn döyüşündə Müaviyə ilə vuruşda şəhadətə yetəcəyi xəbərini həzrət
Peyğəmbər (s) öncədən bildirmişdir.
HAQQ VƏ VİLAYƏTİN MÜDAFİƏSİ
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əmmar bəziləri kimi
rahatlıq və sərvət dalınca qaçmadı. Əksinə, o, haqqın müdafiəsi yolunda olmazın
məhrumiyyətlərinə düçar oldu. Peyğəmbərin (s) vəsiyyətlərinin görməməzliyə
vurulması Əmmarın iman dolu vücudunu haqq və fəzilət müdafiəçisi kimi
ağrıdırdı.
Əmmar “şurtətul-xuməys” adlanan qrupdan idi. Bu qrupda olan
insanlar din və Əlinin (ə) rəhbərliyinin himayəsi yolunda fədakarlıq üçün
candan keçənlər idilər. Həzrət Peyğəmbər (s) və Əli (ə) də onları behiştlə
müjdələmişdi
(“əl-İxtisas”, 3).
Əmmar Peyğəmbər səhabələri, Səlman Farsi, Əbuzər Qəffari, Miqdad
ibn Əsvəd, Əbu Əyyub Ənsari, Xəzimə ibn Sabit, Osman ibn Hənif, Səhl ibn Hənif
ilə birlikdə məscidə gəlib, imam Əlinin haqqının müdafiəsi üçün müsəlmanların
qarşısında çıxış etdi (“Təhqiqul-məqal”, cild 2, səh 231). Bu
toplantıda Əmmar belə dedi: “Ey Qüreyş! Ey müsəlmanlar! Əgər bilmirsinizsə,
bilin ki, sizin Peyğəmbərinizin Əhli-beyti onun ən layiqli varisləri, dini
işlərdə möhkəm və ən əmin möminlərdir. Onlar millətin nəzarətçisi və ümmətin
xeyirxahlarıdır. Onun Əhli-beyti ilə dostluğunuz qırılmamış, dininiz
zəifləməmiş, fitnələr üstünüzə hücum çəkməmiş haqqı öz sahibinə qaytarın.
Aranızda ixtilaf düşməmiş, tamahkar düşmən dininizi zaya çıxarmamış hərəkət
edin. Yaxşı bilirsiniz ki, Bəni-Haşim sizlərdən ləyaqətlidir, Əli, Allah və
Onun rəsulunun sizinlə bağladığı müqaviləyə əsasən, sizin imamınızdır. Siz
aşkar üstünlüklərini bilirsiniz. Peyğəmbər sizin evlərinizin məscidə açılan
xüsusi qapılarını bağladı, Əlinin qapısı açıq qaldı. Həzrət, qızı Fatiməni
Əliyə verdi və onun haqqında buyurdu: “Mən elmin şəhəriyəm, Əli isə onun
qapısıdır. Elm istəyənlər bu qapıdan daxil olmalıdırlar.” Siz dini işlərinizdə
ona müraciət etməyə məcbursunuz. O isə sizdən ehtiyacsızdır. Onun layiqli
keçmişini bilirsiniz. Belə bir keçmişə isə heç biriniz malik deyilsiniz. Bəs
necə olub ki, ondan əlinizi üzüb haqqını əlindən almısınız?! Bilin ki,
zalımların cəzası pisdir. Cahiliyyət dövrünə qayıtmayın, ziyan görərsiniz (“Biharul-ənvar”, cild 28, səh. 198).
Əmmar deyir: “Mən Peyğəmbərlə (s) yaşıd idim.” Əmmar ilkin
müsəlmanlardan idi. O, ömrünün bir hissəsini Məkkədə düşmənlərlə mübarizidə və
işgəncələr içərisində keçirmişdir. Mədinədə Peyğəmbərin (s) həyatı dövründə
müharibələrdə iştirak etmiş və həzrətin (s) şəhadətindən sonra haqq cəbhənin
müdafiəsində dayanmış, iki xəlifənin dövründə müharibələrdə olmuş, bütün ömrünü
cihada həsr etmişdir. Nəhayət, Siffeyn döyüşündə Əmmar 94 yaşında şəhid
olmuşdur.
ƏMMARIN KUFƏDƏ VALİLIYİ
İslamın böyük şəhərlərindən biri olan Kufədə müəyyən müddət Əmmar
Yasir valilik etmişdir. İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali təyin
olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir.
Xəlifənini onlara aid olan hökmündə belə yazılmışdı: “Bu iki şəxs Məhəmmədin
(s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara
iqtida edin”
(“əl-Təbəqat”, cild 6, səh. 8).
Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız
Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq,
Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-möminin (ə)
eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun
hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi.
Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünyatələbləri razı
salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən
uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə)
elm və helm dəryasından faydalanmaqda davam etdi.
Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən
uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: “Mənə bu iş
həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”
ƏMMAR YASİR, HAQLA BATİLİN MEYARI
Əlbəttə ki, insanlar haqq tərəzisinə
qoyulmalı, onların şəxsiyyəti həqiqətə əsasən dəyərləndirilməlidir. Amma bəzən insan özü elə bir iman, ixlas, təqva həddinə çatır ki,
haqq ölçüsü, haqq nümunəsi, haqq nişanəsi olur. Bəzən həqiqəti tanımaq üçün
insanı ölçü götürmək lazım gəlir. Bəzi insanların əməlinə, danışığına və
mövqeyinə əsasən həqiqəti tanımaq olur.
Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul
həzrət Məhəmmədin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların
qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün Əmmar Yasir necə
hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün aşağıdakı hallara nəzər salaq:
1. Bir kişi Əbdüllah ibn Məsuddan soruşdular: “Əgər qarşıya bir
fitnə çıxsa, haqqı tanımaq üçün nə edim?” İbn Məsud deyir: “Qurana müraciət et”. Kişi yenə soruşur: “Əgər hər
iki müxalif dəstə Qurana müraciət edib dəlillər göstərsələr necə?” İbn Məsud
deyir: “Bax gör Əmmar Yasir hansı dəstədədir, sən də həmin dəstəyə qoşul, çünki
Əmmar daim haqlıdır” (“əl-İrtiyab”, cild 2, səh. 480).
2. Hüzeyfə Yəmani - bu bəsirətli və münafiq tanıyan insan
dostlarına tövsiyyə edir ki, heç vaxt Əmmarın əksinə hərəkət etməsinlər. Çünki
Əmmar ölümünədək haqdan ayrılmaz və haqq hardadırsa, Əmmar da onunladır” (Həmin mənbə).
3. Siffeyn döyüşündə də Əmmar haqla
batil ölçüsü oldu. O haraya üz tuturdusa Peyğəmbər
(s) səhabələri onun ardınca gedirdilər.
4. Bəzi səhabələr Peyğəmbərin Əmmarın şəhadəti barədəki buyuruğunu
əsas götürərək, o şəhid olanadək vuruşdan çəkindilər. Onlar yalnız Əmmarın
şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər.
Əmmar Yasirin həqiqət ölçüsü olması həzrət Peyğəmbərin (s)
buyuruğuna əsaslanır. Həzrət (s) buyurmuşdur: “Əmmar haqla, haqq isə Əmmarla
olur. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər” (“Təhqiqul-məqal”, cild 2, səh. 321
SİFFEYN DÖYÜŞÜNDƏ
Cəməl döyüşü haqq cəbhəsinin xeyirinə tamamlandı. Amma qarşıda
daha çətin bir döyüş vardı. Hakimiyyət istəyində olan qiyamçı Müaviyə Həzrət
Əlinin (ə) qanuni və ilahi hakimiyyətinə qarşı çıxaraq, Şam məntəqəsini özünə
tabe etdi. Həzrət Əli (ə) Şam fitnəsinin də qarşısını almaq fikrində idi. Dünya həyatı ardınca qaçan bir qrup
vəfasız yaxasını kənara çəkdi, bəziləri də şübhədən çıxa bilmədi. Hansı ki,
Həzrət Əlinin (ə) və Əmmar Yasir (r.ə.) kimi bəzi səhabələrin mövqeləri Müaviyə ilə
mübarizənin zəruriliyini açıq-aşkar göstərirdi. Xüsusi
ilə, Əmmarın haqq meyarı olan sözləri tərəddüdlərdən qurtarmaq üçün çox təsirli
idi. Əmmar qılıncı ilə haqq müxaliflərini cəhənnəmə göndərən və haqtələblərin
qəlbinə qüvvə verən bir qəhrəman idi.
Savaş başladı. Uzun müddət fədakarlıq üçün meydan axtaran
haqsevərlər çox münasib fürsət əldə etmişdilər. Əmmar Yasirin başçılığı və
Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını
bildirdilər. Hücumdan qabaq Əmmar Yasir həzrət Əliyə (ə) yaxınlaşıb, ərz etdi:
“Ey Allah rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?”
həzrət (ə) buyurdu: “Səbr et! Allah sənə rəhmət etsin.”
Bir saat ötür. Əmmar yenidən İmama (ə)
yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.
Əmmar üçüncü dəfə İmama (ə) müraciət etdikdə
imamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır.
Əmmar bunu hiss edib deyir: “Ya Əmirəl-möminin! Bu gün Peyğəmbərin (s) mənə
xəbər verdiyi gündür”. İmam (ə) miniyindən düşüb,
Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: “Ey Əbul Yəzqan! Allah-təala
özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost
oldun”.
Əmmar deyir: “And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum.
Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: “Ey Əmmar! Məndən sonra
fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə
onunla. Allah sənə İslamdan ən üstün mükafat əta etsin. Vəzifəni tam yerinə
yetirdin və xeyirxahlıq etdin.”
Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa
süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm
peyda olur və deyir: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd
olacaq.”
Haqla batilin, döyüşü başlayır. Əmmar Yasir qoşununun arasından
fəryad çəkərək deyir: “Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi
behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq!
Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını
bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...”
(“əl-İxtisas, səh 13).
İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini
eşidib yerlərindən qalxdılar və düşmən qoşununa hücum çəkdilər. Əmmar daim Haşimi döyüşə təşviq edirdi. Haşim nizə ilə döyüşürdü.
O misilsiz bir şücaətlə arxadakılar üçün yol açır və nizəsi sınan kimi Əmmar
ona yeni bir nizə verirdi. Mücahidlərin hücumu Əmr Ası elə qorxuya saldı ki,
dedi: “Əgər əldə qara bayraq, hücuma belə davam olunsa, bütün Ərəb məhv
edilər...”
Əmmar Yasir qoşun başçısı idi. O, bayraqdar Haşim Mirqal ilə
Həzrət Əlinin dostlarından və İslam qoşununun qəhrəmanlarından idi. Əmmarın yaşı
doxsanı adlasa da, onun qəlbi cavan, ümidli və alovlu idi. Əmmarın ixlası,
şəhadət şövqü, haqqa itaəti misilsiz idi.
O, Müaviyə qoşunu ilə döyüşə getmək istəyərkən başını qaldırıb
dedi: “Pərvərdigara! Əgər bilsəm ki, Sənin razılığın özümü Fərata atmaqdadır,
bunu edərəm. Əgər bilsəm ki, Sənin razılığın qılıncı sinəmə sancıb, kürəyimdən
çıxarmağımdadır, yerinə yetirərəm” (“Əyanüş-şiə”, cild 8, səhifə 374).
Bu döyüşdə Haşim Mirqal o qədər vuruşdu
ki, nəhayət, taqətdən düşdü, qarnı yırtıldı, yaralar vücudunu bürüdü. Amma bayraq hələ də əlində idi.
Bayrağın bir yerdə dayandığını görən
Əmirəl-möminin (ə) Haşimin yanına adam göndərdi ki, bayraq qabağa aparılsın. İmamın (ə) göndərdiyi şəxs Haşimi çox ağır vəziyyətdə gördü. Haşim
dedi: “Mənim salamımı Əmirəl-mömininə çatdır. De ki, Allahın rəhməti və
bərəkəti olsun ona!...” nəhayət, Haşim Mirqal gözlərini dünyaya əbədi qapadı.
Həzrət Əli öz qoşununu həmin qanlı mövqedən aralı bir meydana
çəkdi. Haşimin şəhadətindən sonra da Əmmar Yasir vuruşur, Şam qoşununa müraciətlə
fəryad çəkirdi: “Behişt qılıncların kölgəsində və ölüm nizələrin girovundadır”
Haşim Mirqalın şəhadəti İslam
döyüşçülərini məyus etsə də ali məqsədlərə doğru səfər qurbansız ötüşmür. Haqqın qələbəsi üçün Haşim və Əmmar kimi
şəhidlərin qanına ehtiyac duyulur. Onlar öz canlarını böyük bir fəxrlə İslama
hədiyyə etdilər. Amma mükafatları daha böyük oldu: əbədi həyat!
ƏMMARIN ŞƏHADƏTİ
Görüş məqamının əzəməti vəsvə gəlmir!
Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla
görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O
döyüşə-döyüşə Allahı ilə danışır, şerlər oxuyurdu:
Nəhayət, 94 yaşlı bu
qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə
zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını
bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud
hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna
təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın
şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət
dilədi
(“Əyanüş-şiə”, cild 8, səhifə 374).
Gecə düşür, savaş alovu sönməyə
başlayır. Əmirəlmöminin (ə) gecənin qaranlığında
şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur
bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və
onun xatirəsini yad edərək belə deyir:
Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O,
Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün
namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı
Böyük Peyğəmbər (s) səhabəsi, imamın
fədakar köməkçisi, həqiqətin və Quranın güclü müdafiəçisi Əmmarın şəhadəti
imamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun
da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s)
Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və
onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış
simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq
Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə
cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı
ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən
xəbər tutan Əmirəlmöminin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: “Bu
hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni
meydana o gətirmişdir!”.
Əmmarın iman və səbri, bəsirət və
şücaəti, fədakarlıq və haqqı müdafiəsi “necə olmaq” sualına cavab axtaranlar
üçün ilahi bir göstərişdir.
Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq meracına
tələsdiyi günə!