Üsuliddinin 4-cü hissəsi “İmamət” adlanır. “İmamət” sözü
ərəb dilində “rəhbərlik” bildirir. Bu əqidəyə əsasən Həzrəti Peyğəmbər (salləllahu
aleyhi və Alihi və salləm) özündən sonra ümmətin idarəsi, dinin olduğu kimi
qorunub saxlanması üçün Allah tərəfindən seçilmiş 12 imamı rəhbər təyin edib.
“İmamət” termininə din alimləri belə tərif veriblər: “İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik
etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir.
Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır”.
Belə bir sual yarana bilər ki, “Allahın imama ehtiyacı
varmı?” və yaxud da “İmamətin lüzumu nədir?”. Əvvəla qeyd etməliyik ki, Allah
ehtiyacsızdır (“əl-İxlas”, 2). Allahın nə peyğəmbərə, nə də imama ehtiyacı
yoxdur. Ehtiyaclı olan bizik. İmam olmasa bidətçilər, hakimiyyət pərəstişkarları
bizi öz yollarına çəkər, başsız qalan ümmət yolundan azar. Bir gün İmam Sadiqin
(ə) şagirdlərindən biri olan Hişam ibni Həkəm (r.ə.), Bəsrə şəhərində yaşayan
Mötəzilə etiqadlı sünni alimi Əmr ibn Übeydin evinə gəldi, amma Əmr onu
tanımadı. Hişam üzünü ona tutub soruşdu?
-Nə
üçün Allah sənə iki göz verib?
-Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.
-Hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?
-Əmr inbi Übeyd: Onların vasitəsi ilə eşitmək üçün.
-Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?
-Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək
üçün.
-Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?
-Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim
etmək və onlara bir növ rəhbərlik etmək üçün.
Hişam ibni həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən
üzvləri üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul
etməyərək həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər təyin etmədiyini iddia
edirsən?! (“əl-Ehticac”, (Təbərsi) kitabından, 2\367).
Elə buna əsasən peyğəmbərdən sonra İslam ümməti üçün
imam (rəhbər) təyin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.
İMAMƏTİN SÜBUT
OLUNMASI. İmamət həm Quranla, həm də Peyğəmbərin (s) hədisləri əsasında
sübut olunmuşdur. Qurani-Kərimdə buyurulur:
“Sizin haminiz (rəhbəriniz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir.
O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər” (“əl-Maidə”,
55). Həzrət Peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql
edir: «Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən
bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə
qaldıraraq dedi: “İlahi! Şahid ol ki, mən sənin peyğəmbərinin məscidində kömək
istədim, amma heç kəs mənə bir şey vermədi” Elə bu vaxt namazda rükuya getmiş Həzrət
Əli (ə) barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət
Əli əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu səhnəni
gördükdə əllərini qaldırıb belə dua etdi: “İlahi! Qardaşım Musa əleyhissalam Səndən
özü üçün qardaşı harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin
və seçilmiş bəndənəm.....Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və
möhkəm dayaq qərar ver”.Əbuzər (r.ə)
deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail əleyhissalam nazil olaraq
bu ayəni (Nisa surəsinin 55-ci ayəsini) çatdırdı. Bu rəvayət təkcə şiələr tərəfindən
deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur. Mərhum
Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir» kitabında gətirmiş və
onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin
təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin
«Əs-səvaiq, səh.25 və s... kitablar buna nümunə ola bilər.
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və
özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (“ən-Nisa”, 59). Cabir
ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil
olanda soruşdum: “Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq,
amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik. Həzrət Peyğəmbər
(s) cavabında buyurdu: “Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən
sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən,
sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd
ibni Əlidir ki, sən onu görəcəksən. Ey Cabir, onu görəndə mənim salamımı ona
çatdırarsan. Sonra Sadiq Cəfər ibni Mühəmməd, sonra Musəbni Cəfər, sonra
Əliyyibni Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən
ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman əleyhimus-səlam)-dır”
(“əl-Mizan təfsiri”, cild 4, səhifə 435).
Bir
çox hədis mən'bələrində nəql olunmuş «ə-Ğədir» hədisinin məzmunu belədir: Həzrət
Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm hicrətin 10-cu ilində sonuncu həcc
səfərindən qayıdarkən, «Qədir-Xum» adlı bir yerdə ona ilahi vəhy nazil oldu.
Allah təala öz vəhyində buyurdu: “Ya
Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən,
(Allahın) risalətini yerinə yetirmiş
olmazsan. Allah səni insanlardan qoruyacaq” (“əl-Maidə”, 67). Həzrət Peyğəmbər
(s) bu vəhyi aldıqdan dərhal sonra, təxminən 120-min nəfərə yaxın olan müsəlmanların
bir yerə toplaşmasını əmr edib buyurdu: «Qabaqda gedənlər geri qayıtsın və
arxada qalanlar özlərini bura çatdırsınlar». Müsəlmanlar bir yerə toplaşdıqdan sonra o həzrət
uca bir yerə qalxaraq söhbətə başladı və xütbə oxuduqdan sonra buyurdu: “Mən kimə rəhbər idimsə, Əli də onun rəhbəridir.
İlahi! Əlini dost tutanları dost, düşmən tutanları düşmən tut, onu sevənləri
sevib, ona qəzəb edənlərə qəzəb et. (İlahi!) Əliyə kömək edənlərə kömək ol, onu
zəlil etmək istəyənləri zəlil et və hər bir yerdə haqqı onunla birgə et”. Mərhum
Əllamə Əmini (r.ə) bu hədisi əhli sünnətin altımışdan artıq mötəbər
kitablarından nəql etmiş, onların müəllifini, və dəqiq ünvanlarını da qeyd
etmişdir. Daha sonra müsəlmanlar bir-bir imam Əli (ə) ilə görüşüb beyət edir və
bununla da öz gələcək rəhbərlərinə bu məqamı təbrik deyirdilər. Həzrət Peyğəmbər
(s) üzünü müsəlmanlara tutaraq bu xəbəri başqalarına çatdırmağı da göstəriş
verdi. Qeyd etməliyik ki, Əllamə Əmini (r.ə) «Əl-ğədir» hədisini Həzrət Peyğəmbərin
(s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman,
Aişə və sairlər də gözə dəyir. Bəzi
inadkar şəxslər bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş «mövla»
sözünə rəhbər deyil, dost mənası verirlər. Görəsən, Ərəbistan çölündə, yay fəslində,
günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb «Əli mənim
dostumdur» sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər (s)
haqqında nə dərəcədə düzgün ola bilər?! Halbuki
bu iş, ilahi peyğəmbərdən deyil, adi bir insandan da baş versəydi, gülünc bir
iş olardı. Həz Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin bu sözləri təkidlə
buyurması və s.. əlamətlər inadkarların iddia etdiyi sözün əsassız olmasını
yetirir.
Cabirdən (r.ə.) gələn hədisdə Həzrət Peyğəmbər
(s) buyurur: “Sizə ətrafında (bütün) ümmətin toplanacağı 12 xəlifə gələnədək bu
din yaşamağa davam edəcəkdir”. Bu vaxt Peyğəmbərin (s) nəsə dediyini eşitdim
amma başa düşmədim. Atamdan, “Peyğəmbər nə deyir?” deyə soruşdum. Atam, “Hamısı
Qureyşdəndir (buyurdu)” dedi (“Sünəni Tirmizi”, Fitən 46; “Sünəni Əbu Davud”,
4279/4280). Bu hədisi oxşar şəkildə “Səhih Müslim”də də görmək mümkündür. Qeyd
olunan kitabda hədis bu şəkildə rəvayət olunur: “İnsanların işi onlara 12 şəxs
hökm etdiyi müddətcə davam edəcəkdir” (İmarə 6).
Bunu
da diqqətinizə çatdırırıq ki, indiyədək müsəlmanlara rəhbərlik etmiş «Bəni Üməyyə»
və «Bəni Abbas» xəlifələri bu hədisə uyğun gəlmir. Çünki «Bəni Üməyyədən olan xəlifələr
12 nəfərdən az, «Bəni Abbas»-dan olan xəlifələr isə 12 nəfərdən çox olmuşdur.
Bu deyilənlərə uyğun olan şəxslər Əhli-beyt imamlarıdır. Həmin hədislərə şərh
yazan bəzi qərəzli şəxslər bu şəxslərin Əhli-beyt imamlarına da uyğun
olmadığını bildirirlər. Çünki İmam Əlidən (ə) və İmam Həsəndən (ə) başqa digər
10 imamın heç biri xəlifə olmamışdır. Həmin şəxslər təəssüf ki, anlaya bilmirlər
ki, 12 imam Allahın haqq yoluna, Muhamməd (s) dininə təyin etdiyi xəlifələrdir.
Xəlifə ümməti haqqa doğru aparmalıdır. Müaviyyə, Yezid və yaxud da Mənsur kimi
məlunlar xalqı hansı haqqa doğru aparar? Əlbəttə ki, Allah hər şeyi biləndir.
Allah heç vaxt İslamın təhrif edilməsinə yol verməzdi. Ona görə də öz seçimi ilə
imamlar təyin etdi ki, müsəlmanları hər cür batildən qorusunlar. Məhz bunlara
görə biz dinimizi yalnız ilahi imamlardan əxz etməliyik.
İmamətin
isbatı çox möhkəm dəlillərə əsaslanır və bu barədə çox danışmaq olar. Lakin
daha çox məlumat ümumi mövzudan yayınmağa səbəb olar. Bunun üçün müvafiq
kitablara müraciət etməklə ətraflı məlumat almaq olar.
İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ.
1-İmamın Allah tərəfindən
təyin olunması. İslam əqidəsinə əsasən imam Allah tərəfindən
təyin olunmuşdur. Çünki xətalı bəndələr tərəfindən təyin edilən şəxs heç vaxt
bu yüksək məqama layiq ola bilməz və xalqı zəlalətə sürükləyər.
2-İmamın ilahi
biliklərə yiyələnməsi. Həzrət Peyğəmbər (s) ilahi biliklərə malik
olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və
xalqın ən bilicisi olmalıdır.
3-İmamın məsum
olması.
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa
rəhbərlik edən imamın da məsum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa
çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə
isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini
itirər.
4-İmamın ədalətli
olması. Xalqın İslam dininin dəvət etdiyi qanunlara riayət edib,
cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün
deyildir.
5-İmamın xalqdan təmənnasız
olması. İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir
şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün
xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə
yetirməlidir.
İmamın vəzifələri.
İslam peyğəmbəri Həzrət Mühəmmədin (s) canişini olan
ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:
1-Qurani-Kərimin mənalarını xalq üçün aydınlaşdırıb
onlara aid olan məsələləri izah etmək;
2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;
3-Ümmət arasında etiqadi azğınlığın qarşısını almaq;
4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;
5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti
yaratmaq;
6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və
varlığını müdafiə etmək;
İmamlar.
Allah və onun elçisi tərəfindən imamət məqamına seçilmiş
şəxsiyyətlər:
1-İmam Əli ibn Əbu Talib, Əmirəl-möminin (əleyhissalam);
2-İmam Həsən ibni Əli, Müctəba (əleyhissalam);
3-İmam Hüseyn ibni Əli, Seyyidüş-Şühəda (əleyhissalam);
4-İmam Əli ibni Hüseyn, Zeynül-Abidin (əleyhissalam);
5-İmam Mühəmməd ibni Əli, Baqirul-Ulum (əleyhissalam)
6-İmam Cəfər ibni Mühəmməd, Sadiq (əleyhissalam);
7-İmam Musəbni Cəfər, Kazim (əleyhissalam);
8-İmam Əli ibni Musa, Rza (əleyhissalam);
9-İmam Mühəmməd ibni Əli, Cavad (əleyhissalam);
10-İmam Əli ibni Mühəmməd, Hadi (əleyhissalam);
11-İmam Həsən ibni Əli, Əskəri (əleyhissalam);
12-İmam Mühəmməd ibni Həsən, Mehdi (əleyhissalam).
Əbu Bəsir
(r.ə.) İmam Sadiqdən (əleyhissalam) soruşur: “Yəbnə Rəsulullah, cammat bizə
deyir ki, nə üçün Allah-taala Qurani-Kərimdə Əli və onun Əhli-beytinin adlarını
çəkməmişdir? “
İmam
buyurdu: Onlara belə cavab verin ki, həqiqətən Rəsuli-Əkrəmə namaz hökmü nazil
oldu, amma Allah-taala onun üç və ya dörd rəkət olmasını bəyan etmədi. Həzrət
Peyğəmbər (s) də özü camaat üçün rəkətlərin sayını bəyan etdi.
Həmçinin,
zəkatın hökmü ümumi şəkildə nazil oldu, amma onun incəlikləri və hansı halda
vacib olması bəyan olunmadı və Peyğəmbər (s) özü şəxsən onları aydınlaşdırdı.
Habelə, Allah-taala həccin vacib olmasını əmr etdi, amma
neçə dəfə təvaf etməyin vacib olmasını bəyan etmədi və Peyğəmbər bunu da özü
camaata bəyan etdi. Həmçinin Allah taala «Allaha, Onun Rəsuluna və əmr
sahiblərinə itaət edin» (Nisa, 59) ayəsini nazil etdi, amma əmr sahiblərinin
kimlər olduğunu bəyan etmədi və bunun aydınlaşdırılmasını Peyğəmbərin (s) öhdəsinə
qoydu. Həzrət Peyğəmbər müxtəlif hadisələrlə əlaqədar olaraq əmr sahiblərinin,
(yə'ni özündən sonra ümmətin imamları və özündən sonra haqq canişinlərinin kimlər
olduğunu) dəfələrlə bəyan etmiş və islam ümmətinə çatdırmışdır” (“Üsuli-Kafi”,
Kitabul-höccət, hədis 1).
Qurandan ayə
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən
olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (“ən-Nisa”, 59).
Peyğəmbərdən (s) hədis
“Mən
asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir”
(“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis).