Üsuliddinin 3-cü hissəsi “Nübuvvət” adlanır. “Nübuvvət”
sözünün mənası ərəb dilində peyğəmbərlik, yəni qeyb aləmi ilə rabitədə olan
elçilik mənasını daşıyır. Din alimləri “Peyğəmbərlik” termininə belə izah
vermişlər: “Peyğəmbər, Allah tərəfindən
öz bəndələrini doğru yola çəkib, onları günahlardan uzaqlaşdırmaq üçün göndərilmiş
insandır və Allahla peyğəmbər arasında ayrı bir insanın vasitə olması
qeyri-mümkündür”.
Hər bir müsəlmanın iman etməsi gərək olan “Nübuvvət” çox
böyük əhəmiyyət daşıyır. Belə ki, Üsuliddinin daha əvvəlki hissəsi olan “Ədalət”də
bəhs etdik ki, Allah-Təala sonsuz ədalət sahibidir və heç kimə zülm etməz. Uca
Yaradan bəşəriyyəti yaratmaqla bərabər onlar üzərindəkiöz haqqını da tələb etmişdir. Belə ki, Allah
ona şərik qoşmamağı, yalnız ona ibadət etməyi əmr etmişdir. Lakin bildiyimiz
kimi Allah-Təalanın sərhədsiz hikməti insanların öz Rəbbləri ilə danışmamasını,
qeybdən xəbərsiz olmasını məsləhət bilmişdir. Bəs belə olan vəziyyətdə insan
necə haqqı tapa bilər? Allahın əmrlərindən necə xəbər tuta bilər?
Məhz dediyimiz ədalət məqamı burada da özünü biruzə
verir. Allah elçilər göndərməklə öz bəndələrinə göstərişlərini bəyan edir.
Quranda buyurulur: “Biz hər ümmətə:
“Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik...” (“ən-Nəhl”,
36).
Həm Qurana, həm də məsumlardan nəql olunan hədislərdə
görünür ki, ilahi peyğəmbərlər daim əziyyət çəkmiş və işgəncələrə, zülmlərə məruz
qalmışlar. Lakin onların bu hadisələr qarşılığında göstərdiyi şücaət insanı təəccübləndirməyə
bilməz. Bundan başqa ilahi peyğəmbərlərdə bir sıra xüsusiyyətlər vardır ki,
onları yalançı peyğəmbərlərdən fərqləndirsin.
1-Peyğəmbərin özünəməxsus rəftarı, həyat boyu azğın
yollara düşməməsi və xalq arasında pis adam kimi tanınmaması;
2-Özündən qabaqkı və sonrakı peyğəmbərlərdən xəbər verməsi;
3-Xalqı, bir olan Allaha itaət edib. günahkarlıqdan çəkindirməsi;
4-Sözlərinin sağlam ağıl və düşüncə ilə uyğun gəlməsi;
5-Öz ilahi dəvətini isbat etmək üçün möcüzə gətirməyə
qadir olması;
Məsələn, Həzrəti Muhamməd (salləllahu aleyhi və Alihi və
salləm) hələ peyğəmbərlik məqamına çatmamış xalq arasında etibarlı, saleh bir şəxs
kimi tanınmış, camaat ona “Əmin” ləqəbini vermişdir. Həmçinin o həzrət heç vaxt
əhalinin cəhalətindən istifadə edib onlar üzərində öz səltənətini qurmamışdır. Tarix
kitablarında belə yazılır ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin
körpə oğlu İbrahim vəfat edən gün günəş tutuldu və şəhər qaranlığa qərq oldu. Müsəlmanlar
arasında günəşin İbrahimin vəfatı münasibəti ilə tutulması sözü yayıldı və bu
söz dildən dilə gəzdi. Həzrət Peyğəmbər (s) bu sözü eşidən kimi müsəlmanları
bir yerə yığıb xalq arasında yayılmış sözü təkzib etdi və günəşin tutulmasının
təbii bir hadisə olduğunu vurğuladı. Gördüyünüz kimi, Həzrət Muhəmməd (s) yeni
müsəlman olmuş cahil ərəblərin sadəliyindən istifadə etməyib bu xəbəri təkzib
etməklə özünün həqiqi peyğəmbər olduğunu sübuta yetirmişdir. Yalandan peyğəmbərlik
iddiası edən hər bir şəxs isə xalqın cəhalətindən istifadə edib, öz mənafeyi
üçün belə bir vəziyyətdən sui-istifadə edərdi.
Peyğəmbərlərin digər bir əlaməti isə onların möcüzəsidir.
Hər bir peyğəmbər müəyyən bir möcüzəvi qabiliyyətə malik olmuşdur. Həzrəti
Muhamməd də (s) eləcə. Məsələn, nəql olunmuş rəvayətə əsasən Məkkə müşriklərindən
bir dəstəsi o həzrətin yanına gəlib onlar üçün bir mö'cüzə göstərməsini xahiş
etdilər. həzrət Muhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm), mübarək
barmağı ilə 14-kecəlik aya işarə etdi və ay iki hissəyə bölündü. Sonra bir daha
bitişdi. Elə bundan sonra “əl-Qəmər” surəsinin 1-ci və 2-ci ayələri nazil oldu:
“O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin
möcüzəsi ilə) parçalandı. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin
həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu,
uzun müddət) davam edən bir sehrdir!” – deyərlər”.
Bundan başqa Nübuvvət mövzusunda bir neçə məsələni diqqətinizə
çatdırırıq:
1- Bütün ilahi peyğəmbərlərin Allah-təala ilə rabitə və əlaqəsi
üç yoldan xaric olmamışdır və bu üç yol; vəhy, hicab arxası və mələk vasitələrindən
ibarətdir.
Qurani-kərimdə oxuyuruq: “Allah bəşər övladı ilə ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa
kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və
ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə)
Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!”
(“əş-Şura”, 51).
2- İslam əqidəsinə əsasən peyğəmbərlər bir sıra xüsusiyyətlərə
malik olmalıdırlar:
a) Kişi olması; Bütün ilahi peyğəmbərlərin kişi olması zəruridir
və Qurani-Kərim bu sözü təsdiq edir: “(Ya
Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi
peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik...” (“əl-Ənbiyya”, 7).
b) Peyğəmbərlərin öz xalqlarının dilində danışması; Qurani-Kərimdə
buyurulur: “Biz hər bir peyğəmbəri
yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona
izah edə bilsin” (“İbrahim”, 4).
c) Peyğəmbərlərin xalqdan mükafat (pul və s) almaması.
Quranda buyurulur: “(Ya Peyğəmbər!) De:
“Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən
(əhli-beytə sevgidən) başqa bir şey istəmirəm” (“əş-Şura”, 23).
d) Peyğəmbərlərin məsum olması;
İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç
bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və
bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər
ağıl, istərsə də ayə və rəvayətlər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar,
unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey
deyildir.
Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar
olduğuna görə) sözlərinə baxmayıb günaha batar, həmçinin səhv edib unudan
(yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yalnış hökmləri
çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi təfəküründən çox-çox
uzaqdır. Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanları Allah ibadətinə dəvət etməyə
və günahdan çəkindirmək üçün göndərilmişdir. Qurani-Kərimdə oxuyuruq: “(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi
bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini)
tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini
rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə
soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə
(imamlığıma) nail olmazlar”, -buyurdu” (“əl-Bəqərə”. 124). Beləliklə günah
edən şəxs zalım, zülmkar şəxs isə heç vaxt peyğəmbərliyə (rəhbərliyə) çata bilməzlər.
Quranda buyurulur: “Həqiqətən, Allahın Rəsulu
Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar)
və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (“əl-Əhzab”, 21). Görəsən
günahkar və yaxud yaddaşsız bir şəxs İslam ümməti üçün nümunə ola bilərmi? həmçinin
belə bir söz ağıl və məntiqlə uyğundurmu? Bu haqda artıq izaha ehtiyac duyulmur
və hər bir ağıl sahibi bu sözün nə qədər doğru olduğunu çox yaxşı başa düşür.
3- Bizim əqidəmizə görə qədim zamanlardan indiyədək
insanların doğru yola hidayət olunması üçün 124 min peyğəmbər gəlmişdir ki,
onların birincisi Həzrət Adəm (əleyhissalam), sonuncusu isə Həzrət Mühəmməd səlləllahu
ələyhi və Alihi və səlləmdir. Bu peyğəmbərlərdən 26-nın adı Qur'ani-kərimdə
zikr olunmuşdur ki, bu haqda Nisa surəsinin 163 və 134, Ən'am surəsinin 84-86,
Ənbiya surəsinin 85, hud surəsinin 50, 61, 84, həmçinin Fəth surəsinin 29-cu ayələrinə
baxa bilərsiniz. Əbuzər (r.ə) nəql edir ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi
və Alihi və səlləm)-dən peyğəmbərlərin sayını soruşduqda buyurdu: “(İlahi peyğəmbərlər)
124 min nəfərdir”.
4- Allah tərəfindən göndərilmiş 124.000 peyğəmbər heç də
bir-biri ilə bərabər olmamış, məqam və mənzilətdə bir-birləri ilə fərqlənmişlər.
Qurani-Kərimdə buyurulur: “(Ya Rəsulum!)
Bu peyğəmbərlərin bəzisini digərindəm üstün etdik. Allah bunlardan bəzisi ilə
danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir” (“əl-Bəqərə”, 253).
5- İlahi peyğəmbərlərdən yalnız 5 nəfəri «Ulul-əzm» peyğəmbərlər
kimi tanınmış və bunun səbəbi onların şəriət və dinlərinin bütün dünya üçün gəldiyi
və asimani kitaba malik olmalarından ibarətdir. Ulul-əzm peyğəmbərlər Həzrət
Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməd
(s) ki, onlara nazil olan kitablar aşağıdakılardan ibarətdir:
1-Suhuf-(Nuh əleyhissalam);
2-Suhuf-(İbrahim əleyhissalam);
3-Tövrat-(Musa əleyhissalam);
4-İncil-(İsa əleyhissalam);
5-Quran-(Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm);
Ulul-əzm peyğəmbərlərin daha üstünü isə islam peyğəmbəri
Həzrət Mühəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)-dir. O, Həzrət (s)
buyurur: “Mən Cəbrail, Mikail, İsrafil və Allahın bütün yaxın mələklərinin
üstünü, xalqın daha yaxşısı və Adəm övladlarının seyyidi və ağasıyam” (“əl-etiqadatfidinilimamiyyə”, səh.65).
6- Qurani-Kərim Həzrət Muhəmmədə (s) iki dəfə nazil
olmuşdur ki, birinci dəfə o həzrətin mübarək qəlbini nuralandırıb vəhyə
hazırlamaq üçün icmali şəkildə, ikinci dəfə isə tədriclə olaraq 40 yaşından
başlayıb 63 yaşında sona çatmışdır.
7- Qurani-Kərim həzrət Muhəmmədə (s) nazil olduğu kimi
qalmış və heç bir təhrifə məruz qalmadan bizim əlimizə çatmışdır. Bu haqqda müqəddəs
kitabda buyurulmuşdur: “Şübhəsiz ki,
Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən;
artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (“əl-Hicr”, 9).
8- Həzrət Muhəmməd (s), peyğəmbərlərin sonuncusu və
üstünü olduğu kimi, İslam dini də dinlərin sonu, üstünü və əbədisidir. Həqiqətdə
İslam dininin zühur etməsi ilə sair dinlər öz etibarlarını itirmişlər. Həzrət
Muhəmməddən (s) sonra isə heç bir peyğəmbər gəlməyəcəkdir. Qurani-Kərimdə
oxuyuruq: “Muhəmməd aranızdakı kişilərdən
heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin
o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”
(“əl-Əhzab”, 40).
9- Qurani-Kərimdə buyurulduğu kimi, bəzi vaxtlar eyni
zamanda iki şəxs peyğəmbərlik etmiş, amma onlardan biri digərinə tabe olmuşdur
ki, Həzrət İbrahim və həzrət Lut əleyhiməssalamı buna misal göstərmək olar.
10- Biz müsəlmanlar İslam dini və Həzrət Mühəmmədin (s)
sair dinlər və peyğəmbərlərdən üstün olmasına inanmaqdan əlavə, bütün ilahi
dinlər, peyğəmbərlər və onlara gələn ilahi kitablara dərin hörmət bəsləyirik.
Qurani-kərimdə oxuyuruq: “Peyğəmbər Rəbbi
tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər.
(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə
iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.
(Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi
bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (“əl-Bəqərə”, 285).
Qurandan ayə
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur" ("Əl-Əhzab", 40)
Peyğəmbərdən (s) hədis
”İnsanların
diriləcəyi gün ilk mən çıxacam. Onlar gəldikləri zaman (Allahın hüzuruna)
xətibləri mən olacam. (Allahın rəhmətindən) ümidlərini kəsdikdə (rəhmət
məğfirəti) onlara mən müjdələyəcəm. O gün “Livaül-həmd” (Şükür sancağı) mənim
əlimdə olacaq. Adəmoğlunu Allaha ən kərim olanı da mənəm” (“ət-Tirmizi”, 3614).