Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr
İstifadəçi girişi

İslam əqidələrinin ikinci hissəsi “Ədalət” adlanır.  Bu prinsipə əsasən Allah bütün varlıqlardan ədalətlidir və O heç kəsə zülm etməz, O zülm edənləri də sevməz. Qurani-Kərimdə və sünnədə dəfələrlə Allahın bütün işləri ədalətlə və hikmətlə gördüyü göstərilir.

Ədalət məfhumu ərəb sözü olan “Ədl”-dən əmələ gəlib və “Bərabərlik”, “İnsaflı” mənalarını daşıyır. Dini termin olaraq isə yuxarıda qeyd etdiyimiz kimi ifadə olunur. Ədalətin tədqiqindən öncə onun bölmələrinə nəzər salaq:

1) Təkvini ədalət

Ədalətin bu hissəsində məqsəd kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hökm sürməsidir.  Bütün kainat Allahın ədalətinə bürünmüşdür. Müqəddəs kitabda bu haqqda buyurulur: “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər!” (“ən-Nisa”, 40).

Bəzən belə bir ifadə ilə rastlaşırıq: “Xeyir Allahdan, şər insandan”. Quranda bu haqqda buyurulur: “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” (“Yunus”, 44).

Həyatda müəyyən arzuolunmaz hallarla qarşılaşırıq. Bəzən başımıza bəlalar gəlir, müxtəlif, maddi, mənəvi problemlərdən əziyyət çəkirik. Bunu ilahi ədalətlə əlaqələndirmək düzgündürmü? Quranda Allah-Təala buyurur: “İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər” (“əl-Fəcr”, 15-16). Həqiqətən bu həyatda çox rast gəldiyimiz haldır. İnsanlara bəzən üz verən bəlalar onları sınamaq üçündür. Bizə düşən isə bu sınaqlardan alnı açıq, üzüağ çıxmaqdır. Necə ki, əziz Peyğəmbərimiz (s) nələrə məruz qalmadı? Amma hər saniyəsi şükürlə keçdi.

 

2) Təşrii ədalət. Bu ilahi qanunların, hökmlərin ədalətin ədalətlə olmasını bəyan edir. Təşrii ədalət özü iki yerə bölünür:

a) Peyğəmbərlər (Hamısına salam olsun!) vasitəsilə qanun və şəriətlərin ədalət əsasında olması. Allahın göndərdiyi bütün hökm və qanunlar ədalət əsasında qurulmuşdur və insanın imkanı dairəsində məhdudlaşır. Çünki insanı yaradan Allahdır və Allah da onun nəyə qadir olmasını, fiziki və mənəvi imkanlarını kamil şəkildə bilir. Quranda buyurulur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (“əl-Bəqərə”,286).

Allah və onun dini o qədər böyükdür ki, tətbiq olunmuş bütün qadağalar zərurət halında aradan götürülür. Əziz peyğəmbərimiz Həzrəti Məhəmməd (səllallahu aleyhi və Alihi və salləm) də çətin vəziyyətdə olan kəsin üzərində bir çox vacibatları götürmüş, namazda istənilən əşyaya səcdə etməyə izn vermiş, haramı halal qılmışdır. Bildiyimiz kimi donuz əti, Allahdan başqası üçün kəsilən qurban və s. haramlardandır. Lakin Qurani-Kərimdə sonsuz Rəhmət sahibi olan Allah çətin vəziyyətdə olan kəsə bunu da güzəştə getmişdir: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (“əl-Bəqərə”, 173).  Qeyd olunan ayədə Allahu-Təala özünün növbəti ədalətini, rəhmətini nümayiş etdirir.  Belə ki, insana bu vəziyyətdə belə haqq qaydalarını gözləmək və başqasının haqqına girməmək, onun hüququnu tapdalamamaq əmr olunur.

Təbii ki, Allahın ədalətindən bəhs edərkən belə bir sual ortaya çıxır, yəni biz hər bir əməlimizə görə cavab verəcəyik. Quranda bu haqqda buyurulur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (“əz-Zilzal”,7-8). Bu ayəyə nəzər yetirdikdən sonra belə bir fikir yaranır: “İnsan istər-istəməz gündəlik həyatında kiçik günahlara batır. Əgər bunların hesabını çəksək elə indidən yerimizi cəhənnəmdə bilək!”. İkinci bir tərəfdən isə Peyğəmbərin (s) və səhabələrin zamanında elm və texnika inkişaf etməmiş və fitnə bu qədər artmamışdı. Məgər bu Allahın ədaləti ilə uyğun gəlirmi? Quranda buyurulur: “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun” (“ət-Təğabun”, 16). Bu ayədə də insanın bacarığı, imkanı nəzərə alınmışdır. İnsanın günahlarının qiymətləndirilməsinə gəldikdə isə bu haqqda Allah-Təala buyurur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz” (“əl-Ənam”, 160).

Beləliklə İslamda hüquq prinsiplərinin ilahi ədalət əsasında qurulmasını da öyrəndik.



Qurandan ayə

“Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” (“Yunus”, 44).

Peyğəmbərdən (s) hədis
"Allah təala zülmün pisliyindən agah olub, zülmə ehtiyacı olmadığı üçün heç vaxt zülm etməz".
Təqvim
«  Aprel 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru
Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən fəaliyyət göstərir.

 Конструктор сайтов - uCoz