“Tövhid” sözü ərəb
sözü olan “Tohid” kəlməsindən əmələ
gəlib və “Təkallahlılıq” deməkdir. İslam əqidəsinin əsasını təşkil edən
“Tövhid” 5 yerə bölünür:
1- Allah zatının
yeganəliyi. Bu əqdinənin özü də 2 yerə bölünür:
a) Allah zatının təkliyi
və şərikinin olmaması.
b) Allah zatında heç
bir çoxluq, tərkib və mürəkkəbliyin olmaması.
İslamın müqəddəs kitabı olan “Qurani-Kərim” demək olar
ki, başdan ayağa Allahın təkliyinə şəhadət verir. Əvvəlki səhifədə bəhs
etdiyimiz kimi “İxlas” surəsi bu məqsədlə nazil olub.
Bununla yanaşı Quranda btüpərəstliyi, məcusiliyi rədd edən,
hamını yeganə olan Allaha ibadətə çağıran ayələr kifayət qədərdir, bu haqqda “əl-Muminun”
surəsinin 91-ci ayəsində buyurulur: “Allah
özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə
olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir
qismi digərinə üstün olmağa çalışardı. Allah Ona aid etdikləri sifətlərdən
tamamilə kənardır!”.
Allahın təkliyini qəbul etmək müsəlman olmaq üçün ilk və
ən vacib şərtdir. İslam əqidəsinə əsasən Allah sonsuz rəhmət sahibidir, O bütün
günahları bağışlaya bilər, lakin ən böyük və bağışlanmaz olan günah Allahı
inkar etmək və ya onunla yanaşı başqa ilahi qüvvələrə inanamaqdır. Əgər bəndə
şirkdən (qeyd olunan bu əməldən) tövbə etməyib vəfat etsə qiyamət günü yeri
qeyri-şərtsiz cəhənnəm olacaq. Bu haqqda Quranda buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik
qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını
bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (“ən-Nisa”,
48).
2- Zati sifətlərin
yeganəliyi. Tövhid elminin ikinci bölməsində Allahın malik olduğu
zati sifətlərin yeganəliyindən bəhs edilir. İslam əqidəsinə əsasən Allah-Təala
bir sıra uca kamal sifətlərə malikdir. “Alim”, “Bəsir” və s. kimi sifətlər
Allahın zati sifətlərindən sayılır və bunlar Allahın adlarıdır. Quranda Allah
bu adlarla dəfələrlə zikr olunmuşdur: “(Ya
Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını
desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur”
(“əl-İsra”, 110). Allahın zati sifətləri, ona məxsus olan adlar haqqında
sünnədə kifayət qədər sübutlar var. İlahi sifətlər Allah zatının özüdür və bu
sifətlərlə Allahı vəsf etmək Onun müqəddəs zatını yad etməyə kifayət edər. Qeyd
etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək bizim ağlımızdan
xaric bir şeydir. Çünki insanın ağlı və düşüncəsi məhdud, Allahın uca sifətləri
isə nəhayətsiz və mütləqdir. Nəhayətsiz bir varlığın müəyyən bir məkana sığması
isə mümkünsüzdür. Ümumiyyətlə Allaha bənzər olan, Ona tay olan bir varlıq
yoxdur. İmam Səccad (ə) bir rəvayətdə buyurur: “Allah-Təala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan
ucadır, çünki onun sifətlərinin həddi-hüdudu yoxdur”.
3- Xaliqdə yeganəlik.
Tövhid
elminin bu üçüncü hissəsində Allahdan başqa xaliqinin, yaradanın olmaması göstərilir.
Başqa cür desək, yəni Allahdan başqa hər kəs yaradılmışdır, Allah-Təala isə
yaranan deyil, yaradan varlıqdır. Allah-Təala xaliqliyində heç kəsə möhtac
deyil öz qüdrəti sayəsində bütün işlərində müstəqildir. İnsanlara ruzi verən də
Allahdır: “Ey insanlar! Allahın sizə
olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən
bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb
haqdan) döndərilirsiniz?” (“Fatir”, 3).
Allah insanı yaratdığı kimi cinləri də, mələkləri də
yaradıb. Bu müqəddəs kitabda dəfələrlə zikr olunmuşdur. Bundan başqa heyvanlar,
quşlar da Allahın yaratdığı canlılardır. Allahu-Təala insanlar üçün çox gözəl şərait
də yaratmışdır, Quranda bu haqqda buyurulur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz
tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər
şeyi biləndir!” (“əl-Bəqərə”, 29).
Ümumiyyətlə bu gün elmin aramsız inkişafı da Allah- Təalanın
möcüzələrini görməyə kifayət edir. Məsələn, birhüceyrəli varlıqların həyat
mübarizəsi, əlverişsiz şəraitdə sistalaşması və s. Bundan başqa Günəş
sisteminin qüsrursuz və dəqiq hərəkəti, heyvanların son zamanlar aşkar olunan
inanılmaz instikləri Allahu Təalanın xaliqliyinə sübutdur. Quranda buyurulur: “Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə
şübhəniz varsa, həqiqətən,
Biz sizi torpaqdan, sonra mənidən (nütfədən),
sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş
bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində
müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik
çağına yetişəsiniz deyə. Kiminiz vəfat
edər, kiminiz də ömrün elə bir rəzil
çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü
qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və
hər növ gözəl bar gətirər” (“əl-Həcc”, 5).
4- İbadətdə yeganəlik.
Tövhid
əqidəsində həmçinin vurğulanır ki, Allah-Təala ibadətə, sitayişə layiq olan
yeganə varlıqdır, ondan başqasına ibadət etmək qadağandır və ən böyük günahdır
(əvvəldə qeyd etdiyimiz kimi şirkdir). İnsanların yaaradılması səbəbi də məhz
Allaha ibadət etmələridir: “Mən cinləri və insanları yalnız Mənə ibadət
etmək üçün yaratdım!” (“əz-Zariyat”, 56). İbadət müxtəlifdir, namaz qılmaq,
oruc tutmaq, zəkat vermək,sədəqə vermək, saleh işlər görmək, zikr etmək, dindən
danışmaq və s. ibadətdir. Əlbəttə ki, onların hər birinin öz yeri var.
Tövhiddə bu bölmə əlbəttə ki, ibadətlərin ancaq bir olan
Allaha yönəlməsini təmin edir. Müqəddəs kitabın ilk surəsinin də buyurulur: “Biz yalnız Sənə ibadət edirik və yalnız
Səndən kömək diləyirik!”. Rəsuli-əkrəmin (s) səhabələrindən
biri deyir: “Mən o, Həzrətlə müharibədə
iştirak edirdim. Döyüş şiddətlənəndə Rəsuli-əkrəm (s) başını qaldırıb dedi: “Ey
Qiyamət gününün sahibi, yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik.”
Bu halda düşmənlər məğlubiyyətə uğradılar və İslam ordusu tam qələbəyə nail
oldu” (“Kənzul-ümmal”, 4-cü cild, səh.360)
Bu prinsipə sözsüz ki, Peyğəmbər (s), onun
Əhli-beyti (ə) və səhabələri sadiq qalmışlar. İmam Əli (ə) bir hədisində
buyurur: “Ey Allah, Sənə cəhənnəm odunun qorxusundan, yaxud behişt nemətlərinin
həvəsindən ibadət etmədim. Səni ibadət və bəndəçilik üçün ləyaqətli gördüm və
buna görə Sənə ibadət etdim” (“Biharul-ənvar”, cild 12, səhifə 186).
Quranda isə bir ayədə Allah öz elçisinə
müraciətlə buyurur: “De: “Mənim namazım da, ibadətim də, həyatım
və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (“əl-Ənam”, 162).
5- Tədbirdə yeganəlik.
a) Yaranışda olan tədbirin yeganəliyi.
Yaranışda
olan yeganəlikdən məqsəd budur ki, varlıq aləmi və onda mövcud olanların
hamısının yaradanı vahid Allahdır və heç bir kəs bu yaradılışda Onunla birgə
olmamışdır. Qurani-kərimdə oxuyuruq: “Göy
və yerdə Allahdan savayı ayrı bir tanrı olsaydı aradan gedib dağılardılar” (“əl-Ənbiya,
22).
b) Hökmdə olan yeganəlik.
Təşridə (hökm və qanunvericilikdə) olan yeganəlikdən məqsəd
isə Allah-taalanın məxluqatın və xüsusilə insan həyatının nizama salınması üçün
müxtəlif sahələrdə qanunlar müəyyən edilməsidir. Bu kimi işlər yeganə olan
Allahın ixtiyarındadır və ondan başqa heç kimin özündən hökm, göstəriş və s..
verməyə haqqı yoxdur. Quranda dəfələrlə Allahın hökmü ilə hökm etmək təkid
olunmuş və bunu etməyənlər qınanmışdır: “Allahın
nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (“əl-Maidə”, 44), “Allahın
nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!” (“əl-Maidə”, 45), “Allahın
nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır” (“əl-Maidə” 47).
|