"əl-Bəqərə" (inək) surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında
olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin
onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın
(Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir.
Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
2. Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar
(aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş
kəslər) üçün hidayət mənbəyidir.
3. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın
dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir)
və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
4. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş
peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri
vardır.
5. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən
(fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları
bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə
isə müsbət təsir göstərmir).
6. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün
onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
7. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü)
vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab
veriləcəkdir.
8. İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət
gününə iman gətirdik» deyərlər.
9. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən
başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
10. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi)
vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın
müqabilində onlar üçün ağrılı bir əzab vardır.
11. Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız
islah edənlərik» deyərlər.
12. Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13. Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində)
deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər,
lakin (bunu) bilmirlər.
14. Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik»
deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz,
biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq»
deyərlər.
15. Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə
dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
16. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna
görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.
17. Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran
şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah
(odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri
bir qaranlıqda boşlayar.
18. Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar.
19. Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy
gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən
qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün
kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
20. Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan
aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə
dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən
alardı. Çünki Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə
ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.
22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və
göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və
onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu
cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha
şəriklər qoşmayın.
23. Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa
siz də (fəsahət, kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından
və ya onun kimi heç kimdən dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və
(bu işdə) Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın (ki,
onlar sizin surənizin Bizim surəmiz kimi olmasına şəhadət versinlər).
24. Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz
də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.
25. İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar
üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır.
Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən
(dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların yanına bütün meyvələr (gözəllik
və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik
və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
26. Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad
olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi
dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların
Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu
məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını
azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla
hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.
27. Həmin
kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli
və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini
əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və
yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
28. Allaha
necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr
bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi
diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
29. Yer
üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına)
başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan)
yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir.
30. Və
(yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir
canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin
canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi
(canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və
(bütün eyb və nöqsanlardan) pak bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz
bir şey bilirəm.»
31. Və
bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını
bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad
sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra
onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların
adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
32. Dedilər:
«Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa
bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»
33. Allah
buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə
xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi,
Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini
bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»
34. Və
(yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən
başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O,
(öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
35. Və
dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin)
istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın
ki, zalımlardan olarsınız.»
36. Beləliklə,
şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət
zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu
məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün
müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər
bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna
qədərdir.)
37. (Yer
üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı
(ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə
etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və
mehribandır.
38. Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»
39. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»
40. Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!
41. Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!
42. Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.
43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın).
44. (Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!
45. (İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.
46. O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
47. Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın.
48. Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.
49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən - oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.