101. Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur.
102. Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.
103. Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
104. Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
105. (Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır.
106. Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»
107. Üzləri ağ olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.
108. Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.
109. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
110. Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.
111. Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən savayı əsla ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər (dönüb qaçarlar), sonra kömək olunmazlar.
112. Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.
113. Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar.
114. Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər.
115. Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir.
116. Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
117. Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.
118. Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.
119. Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.»
120. Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.
121. Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir.
122. O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
123. Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
124. O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin.
125. Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.
126. Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir).
127. (Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.
128. Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
129. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.
130. Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız.
131. Kafirlər üçün hazırlanmış oddan çəkinin.
132. Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.
133. Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
134. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir.
135. Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər.
136. Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!
137. Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın.
138. Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir.
139. Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz.
140. Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.
141. Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!
142. Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
143. Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)
144. Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.
145. Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.
146. Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.
147. (Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: «Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.»
148. Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.
149. Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.
150. (Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır.