Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

151. Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.

152. Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.

153. O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.

154. Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.

155. Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir.

156. Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.

157. Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır.

158. Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.

159. Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.

160. Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

161. (Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir.

162. Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.

163. Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.

164. Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər.

165. Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) - «bu müsibət necə və haradandır?» deyirsiniz?! De: «Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).» Həqiqətən Allah hər bir şeyə qadirdir.

166. İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).

167. Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!» Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.

168. Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə «əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!» deyən kəslərə de: «(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.»

169. Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.

170. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.

171. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar.

172. (Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.

173. Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir».

174. Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.

175. Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.

176. Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.

177. Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.

178. Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

179. Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.

180. Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.

181. Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.

182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.

183. Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!»

184. Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular.

185. Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.

186. Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.

187. Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.

188. Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.

189. Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.

190. Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.

191. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».

192. «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».

193. «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

194. «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».

195. Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.»

196. Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!

197. (Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.

198. Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.

199. Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).

200. Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz