Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr

Ali-İmran (İmran ailəsi) surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır.)

2. Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.

3. Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi,

4. bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.

5. Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.

6. Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.

7. Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.

8. (Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»

9. «Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»

10. Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!

11. (Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır.

12. Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.

13. Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.

14. Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.

15. De: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir».

16. «Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər

17. həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.

18. Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.

19. Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.

20. Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.

21. Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.

22. Onlar (xeyir) əməlləri dünyada və axirətdə puça çıxmış və heç olmuş kəslərdir (onların xeyir əməllərinin dünyada yaxşı bir izi, axirətdə də savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir kömək edənləri də olmayacaqdır.

23. (Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qur’ana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!

24. Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.

25. Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə – onlara zülm olunmadan, mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?.

26. De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən».

27. «Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən».

28. Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.

29. De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir».

30. Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.

31. De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».

32. De: «Allaha və Onun peyğəmbərinə itaət edin». Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir.

33. Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.

34. Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir.

35. (Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzr etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən və bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi də bətnindəkinin oğlan olmasını güman edirdi.)

36. Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum.» Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram.»

37. Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi və bir yaxşı tərzdə yetişdirdi və onun (tərbiyəsinin) məsuliyyətini (xalasının əri) Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə mehraba onun yanına daxil olanda, onun yanında (başqa mövsümlərə aid) ruzi görürdi. (Bir gün) dedi: «Ey Məryəm, sənə bu ruzi haradandır?» Dedi: «O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir».

38. Zəkəriyya həmin vaxt, orada öz Rəbbini çağırdı və dedi: « Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən».

39. Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».

40. (Zəkəriyya) dedi: «Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin qısır olduğu halda mənim necə oğlum ola bilər?!» Dedi: «Elədir, (amma) Allah istədiyini edir.»

41. Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir.» Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»

42. Və (yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.

43. «Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).

44. Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. (Yoxsa ki) sən onların Məryəmi kimin himayəyə götürməsi üçün qələmlərini (püşk məqsədi ilə suya) atdıqları zaman onların yanında deyildin. Həmçinin, onlar bir-birləri ilə (Məryəmi saxlamaq üçün) mübahisə və dava-dalaş etdikləri zaman (da sən) onların yanında deyildin.

45. (Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».

46. «İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»

47. (Məryəm) dedi: «Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?!» Dedi: «Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur».

48. Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.

49. Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.»

50. «Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin».

Ardı

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci (2007) ildən fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz