Qadın övliyalar silsiləsi içərisində ən
parlaq simalardan biri də Risalət ocağının zinəti – Həzrət Zeynəbdir (ə). O
böyük şəxsiyyətin həyatının hər mərhələsi bizim üçün nümunədir. O xanım (ə)
gözlərini dünyaya açdığı ilk gündən babası Rəsul (s) onu əzizləyərək barəsində
belə buyurmuşdu: «Hamının bu qıza hörmətlə yanaşmasını tövsiyə edirəm. Çünki onun
Allah yanında məqamı, Həzrət Xədicənin məqamı kimidir».
Ömrünün ilk 5-6 ilini babasıyla birgə
keçirməsinə baxmayaraq, Həzrət Zeynəb (ə) Həzrət Yəhya (ə) kimi uşaqlıqdan
qeyri-adi zəkaya sahib olduğundan, alimlər bu kiçik müddəti onun Peyğəmbər
səhabəsi sayılması üçün kafi hesab etmişlər. Belə ki, Həzrət Rəsuldan (s) olan
bəzi hədislər Həzrət Zeynəbə (ə) istinadən nəql edilib.
Əhli-beytin (ə) ən çətin və zülmə məruz
qaldığı dövr, Peyğəmbərin (s) vəfatından sonra yaşadığı günlərdir. Kiçik Zeynəb
elə həmin günlərdə ümmətdən vəfasızlıq, Əhli-beytdən (ə) isə İslam uğrunda
sədaqət və fədakarlıq dərslərini almışdı. O, möhtərəm anası ilə bərabər məscidə
gəlmiş, Fədək xütbəsini dinləmiş və haqqın nidasını hifz edərək, gələcək
nəsillərə yadigar buraxmışdır. Belə ki, Şeyx Səduq «İləl» kitabında
Fatimeyi-Zəhranın (ə) söylədiyi Fədək xütbəsinin mətnini Həzrət Zeynəbə (ə)
istinadən qeyd etmişdir.
Həzrət Zeynəbin (ə) uşaqlıq illərinə dair
nəql olunan hədislərin birində belə buyurulur: «O, Həzrət Əlinin (ə) yanında oturmuşdu.
Atası ona nəvaziş etdikdə, Həzrət Zeynəb (ə) ondan soruşdu: «Ata, bizi
sevirsənmi?» Həzrət Əli (ə) buyurdu: «Bəli, əzizim. Övladlarımız ciyərparalarımızdır».
Həzrət Zeynəb (ə): «İki məhəbbət – övlad və Allah sevgisi – möminin qəlbində
cəmlənə bilməz! Əgər bizi sevmək həyatın zərurətlərindəndirsə, mərhəmət və
iltifatın bizə yetərlidir. Xalis məhəbbət isə yalnız Allaha olmalıdır!» Bu
sözlər Həzrət Əlinin (ə) qızına qarşı olan mehrini daha da artırdı. Rəvayətlərə
əsasən, bu parlaq zəkalı qız atasına Quran oxuyar və ondan ayələrin təfsirini
soruşardı. «Həl-əta» ailəsində böyüyən bu fidan qanıyla, canıyla Qurana
bağlanmaqdan əlavə, onu öyrənər, yeri gəldikcə Quran ayələrini həyatında
yaşadardı. Belə rəftar «imamət evinin zinəti»nin körpəlik illərindən, ta son
günlərinədək müşahidə edilir. Bir gün Həzrət Əli (ə) Kərbəlaya aid olan bir
neçə ayəni o Xanıma (ə) təfsir etmək istədikdə, o Həzrət (ə) atasına buyurub:
«Bunların mənasını bilirəm. Gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün onları
anam mənə öyrədib». Hətta Kərbəlada baş verəcək hadisələri və onlara hazır
olmağı uşaqlıqdan nəzərə alan Həzrət Zeynəb (ə) son nəfəsdə olan anasının
«Qızım qardaşlarını yalqız buraxma. Onları qoru, bundan sonra sən onların anası
yerindəsən» vəsiyyətini özünə şüar etdi. O Xanım (ə) qardaşlarına vəsfə gəlməz
məhəbbətlə bağlanmış və onların qüssələrinə şərik olmuşdur. Həzrət Zəhra (ə)
«Ümmü əbiha» olduğu kimi, o da «qardaşlarının anası» olmuşdur. Hətta yetkinlik
yaşına çatıb izdivac edərkən, atası onun kəbininə qardaşlarını görmək və Hüseyn
(ə) ilə birgə hicrət etmək şərtlərini qoymuşdu. Həzrət Zeynəb (ə) Mədinənin ən
fəzilətli ailəsindən olduğu üçün onunla müxtəlif səbəblər üzündən evlənmək
istəyənlər çox olmuşdu. Lakin Həzrət Əli (ə) onun Abdullah ibn Cəfərlə ailə
qurmasına razı olmuşdur. Abdullah görkəmli şəxsiyyətlərdən olub, «Qütbüs-səxa»
adı ilə tanınan pak və fəzilətli bir şəxs idi. Körpəliyində Həzrət Rəsul (s)
ona nəvaziş edərək: «Bu uşaq yaradılışda və xasiyyətdə mənə bənzəyir. İlahi,
onun işlərini bərəkətli et! Mən dünya və axirətdə onun mövlasıyam» – deyə
buyurmuşdu. Zəhra (ə) öz həyatını Allah rizası üçün qurduğu kimi, Həzrət Zeynəb
(ə) da Abdullahla Allah rizası üçün ailə qurdu. Belə rəvayət edirlər ki, Həzrət
Zeynəb (ə) ev işlərinin çoxunu özü görər, ailə mühitində səfa yaradar, ibadət
və əməllərini nizamlı şəkildə görərdi. Həyat yoldaşının imkanlı şəxslərdən biri
olduğuna baxmayaraq Həzrət Zeynəb (ə) özünü kübar rəis qadını kimi aparmır və
özünü camaatdan üstün tutmurdu. Əksinə evinin qapısını həmişə Allah
bəndələrinin üzünə açıq qoyurdu. Bir çox miskin və müşkülə düşmüş insanlar bu
ocaqdan nicat tapdılar. O Xanım (ə) ömrünü Allah üçün «xərclədiyi» kimi, əmlakını
da Allah yolunda xərclədi. Tarixçilərin yazdığına görə o Həzrətin (ə) Abdullahdan
üç oğlu və bir qızı dünyaya gəlib. Əbi və Muhəmməd adlı oğlanları Kərbəlada
şəhid oldular. Əli adında oğlundan soy və nəsli davam etdi. Qızı Ümmü Gülsümü
isə vaxtıykən Müaviyyə oğlu Yəzid üçün istəmişdi. Abdullah qızının ixtiyarını
dayısı İmam Hüseynə (ə) tapşırmış, o da Ümmü Gülsümü Qasim ibn Muhəmməd ibn
Cəfərə nigahlamışdı.
Həzrət Əli (ə) hökümət mərkəzini
Kufə şəhərinə köçürdükdə, Əlinin (ə) digər övladları kimi Həzrət Zeynəb (ə) də
bu şəhərə köçdü. Zeynəbin (ə) Kufəyə gəlişi əsl bərəkətə çevrildi. Çünki onun
evi yenə də kimsəsizlərin pənahgahı, şəxsiyyəti isə tərbiyə tapmaq istəyən
Allah bəndələrinin elm xəzinəsi, mürşidi, insanlıq mənbəyi oldu. Belə nəql edirlər
ki, Kufə qadınları toplaşıb Həzrət Zeynəbdən (ə) onlara təfsir dərsləri
deməsini xahiş etmiş, o da İlahi «lədunni elm»dən onlara pay ayırdı, onları
İslam mərifəti ilə nurlandırdı. Ustad görməmiş o Xanım (ə), irfanı, idrakı,
ülviyyəti ilə ələ gətirdiyi elmi Kufə qadınları ilə bölüşdü. Beləcə, Kufə
camaatı Zeynəbi sevdi.
İnsanın dünyası ilə dininin
toqquşması böyük bir imtahandır. Təəssüf ki, tarixə nəzər saldıqda, Kufə və
Mədinə ictimasının bu imtahanı verə bilmədiyinin şahidi oluruq. Bu qeyri-xalis
məhəbbəti Həzrət Zeynəb (ə) həm atasının xilafəti dövründə, həm İmam Həsənin
(ə) məzlumiyyəti zamanı çox gözəl dərk etmişdi. Onun cəmiyyətşünaslıq baxışları
tam formalaşmışdı. O, dinlə dünya arası seçimində insanın necə böyük bir imana
sahib olmağa ehtiyaclı olduğunu bilirdi. Odur ki, imanını qidalandıran nə bir
nafiləsini, nə də bir gecə namazını ömrü boyu tərk etmədi. Allahla rabitəsini
bacardıqca möhkəmləndirdi. Çünki Kərbəlada baş verəcək hadisələr hələ qarşıda
idi.
Can tapşıran Hüseynə cananə Zeynəbəm
mən
Sən şəmi mərifətsən, pərvanə Zeynəbəm mən
Aşura axşamına qədər Zeynəbin (ə) rəftarının daha
çox atifi çalarları gözə çarpır. Hüseyn (ə) öz xeyməsində dünyanın bivəfalığını
əks etdirən bir şer oxuyur. Bu sözləri eşidən Səccad (ə) ağlayır. Həzrət Zeynəb
(ə) isə İmamın (ə) yanına qaçıb həyəcanla deyir: «Ah bu müsibətdən! Kaş ölümüm yetişmiş
olaydı! Bu gün anam Fatimə, atam Əli, qardaşım Həsənin dünyadan getdiyi günlərə
bənzəyir, ey gedənlərin yadigarı, ey qalanların imdadı!» İmam ona: «Bacıcan,
diqqətli ol ki, şeytan helmini oğurlamış olmasın». Sonra gözləri doldu və
buyurdu: «Əgər «Qita» quşunu öz başına buraxsalar, rahatca yatar». Bu cümləni
eşidən Zeynəbin (ə) kədəri daha da artdı: «Vay olsun mənə! Ölməyə könül
vermisən? Bu mənim qəlbimi daha da paraladı!» – deyərək, huşunu itirib yerə
yıxıldı. İmam (ə) üzünə bir az su səpərək, onu ayıltdı. Sonrakı nəsihət hansı
bir qüdrətlə deyildisə, Zeynəbin ruhunda yeni bir səhifə açdı. İmam (ə): «Bacıcan,
Allahdan təqva et. Bil ki, Yer üzünün əhlinin hamısı ölümə məhkumdur, göy əhli
də qalan deyil və yeganə yaradıcı olan Allahın simasından başqa, hər şey həlaka
məruz qalacaq. Mənim babam məndən daha xeyirli idi, anam da məndən daha xeyirli
idi, atam da, qardaşım da məndən daha xeyirli idilər (lakin onlar indi dünyada
yoxdular). Mənim üçün də, hər bir müsəlman üçün də Rəsulullahda gözəl örnək
vardır». İmamın bu nəsihəti Zeynəbin lətif ruhunu necə çevirdisə, axşam şəhadət
xəbərinə tab gətirə bilməyən Zeynəb, həmin günün səhəri nəinki tam əksinə
rəftar göstərdi, bəzi rəvayətlərə görə, hətta İmamın qətl səhnəsini belə
dəyanətlə müşahidə etdi. Lakin qətl müsibətlərin başlanğıc nöqtəsi idi. Sonrakı
hadisələr daha çox dözüm tələb edirdi: xeymələrin odlanması, xəstə düşmüş
zəmanə imamının hifzi, qətlgahdan keçərək Kufəyə əsir kimi gətirilmək, bu uzun
yolun yorğunluğu, aclıq, susuzluq, təhqir və təzyiqləri... Bir zamanlar başına
dolanan Kufə, Zeynəbi (ə) əsir kimi qəbul edirdi o gün... O həm yol boyu
Əhli-beytdən qalan qadın və uşaqlara ürəyi yanan qəmxar, həm İmam Səccadı (ə) müdafiə
etmək üçün sinəsini dəfələrlə önə vermiş əsgər, həm Kərbəla qanının mahiyyətini
izhar edən carçı, həm bütün əsarət cərəyanına başçılıq edən rəhbər idi. Uşaqlar
aclıq ya zülmdən «anacan» deyə deyil, «əmməcan» deyə fəryad edirdilər. Qadınlar
ona pənah gətirirdi. Bu qadınların hər birinin bağrı oğul, yoldaş, qardaş qətli
ilə dağlı idi. Zeynəb (ə) gecə namazlarından sonra xəlvətə çəkilərək, kövrək
qəlbini astaca növhə zümzümə etməklə boşaldıb ovudar, günəşin qalxması ilə isə yenidən
mübarizə mövqeyinə dönərdi. Dəstğeyb ağa Həzrət Zeynəbin (ə) vilayət qüdrətinə
işarə edərək qeyd edir: «Həzrət Zeynəb (ə) vilayət qüdrətinə sahib şəxsiyyət
idi. O, Kufə darvazası önündə insanlara xitab etmək istəyirdi. Lakin insanların
çoxluğu, səs-küyü, kütlənin narahatlığı buna imkan vermirdi. O zaman o Həzrət
(ə) vilayət qüdrətilə iradə etdi. Hər kəs və hər şey susdu, hətta dəvələrin
boyunlarındakı zınqırovlar belə. O zaman Həzrət (ə) öz xitabını etdi...»
Həzrət Zeynəbin (ə) Şama gəlməsi
İslam dininin böyük bir səhifəsinin çevrilməsi ilə nəticələndi. O, Şamda
rəzalətin kamil surətilə üz-üzə idi. Özü də elə bir sima ilə ki, qüdrət və
iqtidar onun əlində, öldürmək və yaşatmaq onun hökmündə idi. Yəzid bir qalib
hökmdar kimi, zülmünün zirvəsində şad-xürrəm və o ana yetişdiyi üçün səadətdən
sərxoş idi. Müaviyyə Şamda bir «təbliğat dəzgahı» qurmuşdu. O, insanların fitrətlərini
dinə cəlb edir, sonra da onu öz nəfsi istəkləri yolunda istədiyi kimi istifadə
edirdi. Bu dəzgah 40 ildən artıq idi ki, çalışırdı. Şamın nə Peyğəmbərin (s)
şəxsiyyətindən, nə də dinin əsl gözəlliyindən xəbəri yox idi. Bu qəflət yuxusu
nə Həzrət Əli (ə)-ın şəhadətlə, nə də Müaviyyənin xəlifə olaraq əsl çevrəsini
göstərərkən bitməmişdi. Bu qəflət yuxusu Zeynəbin (ə) bir can yaxan xütbəsilə bitəcəkdi.
O böyük bir məntəqəyə haqqı təbliğ edəcək və oranı zəlalət zülmətindən
qurtaracaqdı. Zeynəb (ə) gözlərə nur verib həqiqət aynasını onlara tərəf tutdu.
Bu aynada Yer üzünün nuru, Əhli-beyt günəşi Hüseyn (ə) parə-parə qanə batmış,
Yəzidin iyrənc qara qatil çöhrəsi isə artıq olduğu kimi görünürdü. Ən rəzil
qatil çöhrəsi o qədər eybəcər idi ki, bu çöhrədən nəinki Şam, hətta Yəzidin özü
sarsılıb, diksinərək geri çəkildi. Onun sonrakı cinayətləri davam etsə də,
artıq kininin yanında digər bir səbəbi də var idi – psixoloji məhkumluq
damğası. O, bu damğanı şərab selləri ilə unutmaq istəsə belə, zehnindən yuya
bilmədi. Zeynəb (ə) bir xütbə ilə 40 illik Şamı qüdrətli hökmdarı ilə birlikdə çökdürdü.
Əgər Zəhra (ə) Mədinə üçün çırağa dönüb, İslamın kökündə edilən dəyişiklik və
bunun nə fəlakətlə bitəcəyini insanlara çatdırmaq üçün döyüşürdüsə, Zeynəb (ə)
artıq bu fəlakətin nəticələriylə üz-üzə idi. Zeynəb (ə) çıraq yox «seyfullah»
idi. O, alçaqlıq və zülmün önündə mətanət və vüqarla durmuş Əlinin (ə)
simasıydı. Bu üzdən «atasının zinəti» adı Həzrət Rəsulun (s) neçə illik
uzaqgörənliyini doğrultdu.
O Kərbəladan sonra çox yaşamadı. Bu məşəqqətli
səfər onu yormuş, qocaltmışdı. Hətta yoldaşı Abdullah belə onu təəccüblə
qarşılayıb: «Sən o Zeynəbsənmi?» soruşmuşdu. Bəli, o həmin Zeynəb idi.
İnsanlara müəllimlik edib, onları Allaha doğru aparan həmin o Zeynəb... Ömür
boyu Allah üçün yaşayıb, dinin ən böyük vəzifəsini icra edən Zeynəb... Kərbəlanın,
Hüseynin ayrılmaz pərvanəsi, tarixin nəvası, qəlblərin şəfası Zeynəb!