14 əsr əvvəl, mübarək Rəcəb ayının 13-də Əbu Talibin evində bütün dünyaya işıq saçan bir şəxsiyyət dünyaya gəldi. Onun anasının adı isə Fatimə bind Əsəd idi. Qeyd olunan şəxsiyyət Həzrəti Əlidir (ə).
Rəvayətlərə görə Həzrəti Əli (ə) Kəbədə dünyaya göz açmışdı. Anası doğuma az qalmış Kəbəni ziyarət etməyə getmişdi. Birdən-birə Kəbənin divarları aralandı və Fatimə içəri girdi. Daha sonra divarlar yenidən bitişdi. Qureyşlilər nə qədər cəhd etsələr də qapıları aça bilmədilər. Bir neçə gündən sonra Kəbənin qapıları taybatay açıldı və Fatimə (r.ə.) qucağında Əli (ə) ilə çıxdı.
Daha sonra Əlini (ə) Peyğəmbərin (s) himayəsinə verdilər. O, daima Peyğəmbəri (s) müşayiət edir, hətta gecələr də onunla yatırdı.
Həzrəti Əlinin (ə) gözəl insani keyfiyyətlərini saymaqla bitməz. O, ilk müsəlman kişi idi. Bəli, Xədicə (r.ə.) xanımdan sonra Həzrəti Muhammədə (s) iman gətirən şəxs Həzrəti Əli (ə) olmuşdu. "Yənabiul Məvəddə” əsərində nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən Əli mənimlə ilk namaz qılan şəxsdir”.
Peyğəmbər (s) Həzrəti Əli (ə) barəsində çox hədis söyləmişdir. Hətta bir çox mötəbər əsərlərdə Həzrəti Əlinin (ə) fəzilətinə dair hədislər ayrıca bir fəsildə toplanmışdır. Peyğəmbərin (s) bu hədisi Əli ibn Əbu Talibin (ə) fəzilətini açıq-aşkar ortaya qoyur: "Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq” (İbni Әbdül-birr "İstiab” kitabında, İbni Әbil Hədid "Şərhu-nəhcil-bəlağə” kitabında, Hakim Nişapuri "əl-Müstədrək” kitabında nəql edirlər).
Həzrəti Əli (ə) əvəzsiz şəxsiyyət, ilk müsəlman kişi, ikinci məsum, möminlərin rəhbəri, on bir imamın atası, Peyğəmbərin (s) kürəkəni, Fatimeyi Zəhranın (ə) həyat yoldaşı idi... Peyğəmbər (s) onu özünün canişini, vəziri, xəlifəsi, qardaşı adlandırmışdır.
Həzrəti Əli (ə) bütün insanlara örnək olan pak həyat sürmüş və İslamın mənafei üçün çox ədalətsizliklərə səbr etmişdir. Mehriban Rəbbimiz öz rəhmətini Həzrəti Əlinin (ə) üzərindən əksik etməsin!
Bütün müsəlmanları bu mübarək gün münasibəti ilə təbrik edirik!
|