Bizim əqidəmizə əsasən bütün peyğəmbərlər məsumdurlar,
onlar günah etməyiblər. Təəssüflər olsun ki, Quranın bəzi ayələrinin zahirinə
aldanmaq və təfsirə laqeyd yanaşmaq, bəzi qardaşların bu məsələdə şəkkə düşməsinə
səbəb olub.
İlk olaraq "əl-Qəsəs" surəsinin 16-ci ayəsinə
toxunmaq istərdim:
"(Musa) dedi:
"Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm
etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O,
(bəndələrini) bağışlayandır, rəhm edəndir!”
Burada hər hansı cinayətdən söhbət belə gedə bilməz. Çünki qibtinin öldürülməsi
şəriətlə caiz idi. Buna səbəb onun Fironun məmuru olması idi. Firon
məmurlarının Bəni-İsrailin başına nələr gətirməsi Quranda da qeyd olunmuşdur.
Bunlardan biri doğulan oğlan uşaqlarının qətlə yetirilməsi idi. Buna görə
Həzrət Musanın (ə) həmin cinayətləri işləyən şəxslərdən birini öldürməsi haram
deyildi. Əgər burada Həzrət Musa (ə) məzluma kömək edirsə, hansı günahdan
söhbət gedə bilər?
Amma sual yarana bilər ki, Musa (ə) niyə özünə zülm etdiyini deyir?!
Əgər Musa (ə) qibtiyə qarşı tələskən davranıb özünü aşkar etməsəydi, Misirə qaçmağa,
başqa əziyyətlər çəkməyə məcbur qalmayacaqdı. Bu iş "tərki-övla”dan başqa bir
şey deyil. Həzrət Musa (ə) bu hadisəyə daha sakit reaksiya verməli və o məzluma
daha uyğun yolla yardım etməli idi.
Qibtinin öldürülməsi qəsdən olması da haram deyil. Amma böyük ehtimalla Musanın
(ə) məqsədi onu öldürmək yox, qorxutmaq olmuşdur. Lakin onun vurduğu zərbə
nəticəsində qibti ölmüşdür.
Həzrət Musanın Allahdan məğfirət diləməsi isə aydın məsələdir ki, tərki-övlaya
görədir.
2. Həzrət Musanın (ə) məsumluğuna
ünvanlanan iradlardan biri də onun Tur dağından qayıtdıqda qövmünün Samirinin
vəsvəsələri ilə buzova sitayiş etməsinə göstərdiyi reaksiyasıdır.
"Musa qəzəbli
və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən sonra mənə nə
pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını)
tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə
atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə
başladı. (Harun) dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki,
öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla
bərabər tutma!” ("əl-Əraf", 150).
Belə ki, burada 2 irad göstərilir: Bunlardan biri əlindəki lövhələri yerə
atmasıdır ki, guya bu lövhələrdə qeyd edilən vəhyə hörmətsizlikdir. İkinci irad
isə hirslənib qardaşı Harunu danlamasıdır, halbuki onun bu işdə günahı yoxdur.
Əgər biz Musa peyğəmbərin (ə) qarşılaşdığı mənzərəni təsəvvür etsək, onun
hərəkətlərinin nəinki günah və ya xəta, əksinə yetinə düşən hərəkətlər olduğunu
aydın görərik. Fərz edin, illərlə Bəni-İsrailin qəlbinə tövhid toxumlarını
yerləşdirmək, onlar şirk və küfr bataqlığından çıxarmaq üçün əziyyətlər çəkən
Həzrət Musa (ə), qısa bir ayrılıqdan sonra qayıdır və bütün əməyinin boşa
çıxdığını, onların buzova sitayiş etdiklərini görür. Belə olan halda o, başqa
nə cür reaksiya verməli idi?! Onun bu hərəkətləri Bəni-İsrailin vəziyyətinin nə
qədər vahiməli olduğunu göstərirdi. Əgər o, bu cür reaksiya verməsəydi,
bütpərəstlik qalıqları İsrail övladları arasında illərlə, hətta əsrlərlə davam
edə bilərdi.
Ayədəki "ilkə” kəliməsi bir çox müfəssirlərin dediyi kimi təkcə "atılma” yox
"qoymaq” mənasında da işlənir. Hətta "atmaq” mənasında işlənsə belə burada pis
bir iş yoxdur. O, etməli olduğunu edib.
Qardaşı Haruna qarşı davranışı hadisənin zəruri halqalarından biridir. Çünki
Musa (ə) hamıdan əvvəl öz qardaşını danlayır ki, əgər kimsə qəlbin Harunun da
bu işə aidiyyatı olduğunu düşünərsə cavabı elə Harunun dilindən almış olsun,
bilsin ki, şirk və bütpərəstlik o qədər murdar əməldir ki, ona laqeyd qalmaq
peyğəmbərə belə baha başa gəlir. Bu hərəkət Həzrət Musanın (ə) tövhid
məsələsində nə qədər həssas olduğunu göstərir.
3. Həzrət Musanın (ə) məsumiyyətinə
tutulan 3-cü irad isə Allahı görmək istəməsidir. "əl-Əraf” surəsinin 143-cü
ayəsində buyurulur:
"Musa təyin
etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə
olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə
baxım!” – dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər
o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli
etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb
düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və
nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail
oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!”
– dedi”.
Deyirlər ki, Musa peyğəmbər (ə) böyük məqam, mərifət, iman sahibi olmasına
baxmayaraq Allahdan bu qeyri-mümkün olan şeyi istədi?! O, Allahın müqəddəs
zatının gözlə görülməsinin mümkün olmadığını bilmirdimi?! Huşunu itirməsi,
sonra Allaha tövbə etməsi günah etməsi demək deyilmi?!
Bu mövzuya müfəssirlər müxtəlif cavablar vermişlər. Bunlardan ən açıq olanı
Quranın da təsdiq etdiyi cavabdır. Həzrət Musanın (ə) Allahdan istədiyi öz
istəyi və arzusu deyil, ondan bunu təkidlə istəyən və Musanın (ə) sözünə
baxmayıb "Ey Musa, Allahı açıq şəkildə görmədikcə iman etmərik” ("Bəqərə” 55)
Bəni-İsrailinin istəyinin dilə gətirmək üçün söylənilən ifadələr idi. Həzrət Musanın
istəyi onlara bunun mükünsüzlüyün əməli olaraq göstərmək üçündü.
Həzrət Musanın (ə) "Mən sənə tərəf qayıtdım və iman edənlərin ilkiyəm” deməsi
də yenə Bəni-İsrail tərəfdən idi. Necə ki, Allah İslam ümmətinə əmrlərini
Peyğəmbərə (s) müraciət edərək bildirir.
4. Həzrət
Musa peyğəmbərin (ə) məsumluğuna ünvanlanan iradlardan biri də "əl-Kəhf”
surəsinin 60-64-cü ayələridir:
"Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı
unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz
tutmuşdu. Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa)
gənc dostuna dedi: "Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”
O isə: "Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən
balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq
dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi. (Musa: )
"Elə istədiyimiz də (axtardığımız da) budur!” – dedi və onlar öz ləpirlərinin
izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar”.
Göründüyü kimi yuxarıdakı ayələrdə Həzrət Musa və dostuna unutqanlıq aid
edilir. Həmçinin 73-cü ayədə buyurulur:
"(Musa) dedi:
"Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda)
çətinliyə salma!”
Bu ayədə də Musanın (ə) unutqanlığından bəhs edilir. Halbuki, Əhli-beyt
məzhəbinin ardıcılları peyğəmbərləri məsum bildikləri üçün onları bu cürə
sifətdən uzaq bilirlər. Bu irada bir neçə cavab verilmişdir. Bunlardan ikisini
qeyd etmək kafidir:
Bu ifadə bəzən "unutmaq” yox, nəyisə "gözardı etmək”, "tərk etmək” mənasında
işlənir. Məsələn, Allah-Təala buyurur: "Belə olduqda siz (itaətlə) Məni
xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”
("əl-Bəqərə”, 152).
Allah-Təala necə unudula bilər?! Yəni ki, məni gözardı etməyin, mən də lütfümü
sizdən kəsməyim. Bu cavab Həzrət Musanın (ə) Həzrət Xızıra (ə) verdiyi cavaba
da aid ola bilər. Yəni Musa (ə) Xızıra (ə) verdiyi sözü unutmamasına baxmayaraq
gördüyü və şəriətə zidd olan əməllərə etiraz etməyi vacib bildi.
İkinci cavab bundan ibarətdir ki, peyğəmbərlər (ə) vəhyi qəbul etməkdə,
qorumaqda, təbliğində əslə xəta və unutqanlığa yol verməzlər. Amma bundan qeyri
hallarda, peyğəmbərlərin ancaq şəxsinə aid olan məsələlərdə gözardı etmək kimi
kiçik hallar mümkündür və bunun məsumiyyət anlayışı ilə ziddiyəti yoxdur.