Neçə
illər idi İmamın (ə) dərslərində iştirak edirdi və onun tələbələrindən
sayılırdı. Amma necə deyərlər, qədirbilməz bir tələbə idi.
Bir gün tələsik özünü İmamın (ə) mənzilinə
çatdırmağa çalışırdı. Hiyləgərcəsinə gülümsəməsindən məlum idi ki, nəsə şeytani
bir planı var. İstəyirdi ki, İmama (ə) səhv tutsun və onun camaat arasındakı
nüfuzunu zəiflətsin.
O, dəfələrlə belə
yaramaz işlərə əl atmış, lakin hiyləsi baş tutmamışdı. O, yalnız öz elminə
arxalanır, amma nəfsinin saflaşdırılması yolunda heç bir səy göstərməmirdi.
Buna görə də azğınlıq girdabına daha da qərq olurdu.
O, bir dəfə İmam
Sadiqin (ə) övladı İmam Museyi-Kazıma səhv tutmaqla bu ailənin hörmətini aşağı
salmaq istəyirdi.
Qapını döydü.
İmam Sadiq (ə) qapını açdı. O, hövsələsizcəsinə səsləndİ:
-Sualım var. İstəyirsiniz
özünüz cavab verin, ya da oğlunuz cavab versin. Mən sizin övladınız Musanın (ə)
camaatın get-gəli çox olan bir məkanda namaz qılan halda görmüşəm. Camaat onun
qabağından keçirdi, amma o, mane olmurdu. Siz bu işin doğru olmadığını qəbul
etmirsinizmi?!
İmam sükut etdi.
Bir müddət sonra oğlunu yanına çağırdı. Həmin sualı oğluna verdi və cavab istədi.
İmam Kazım buyurdu:
"Ey ata! Mən
Allah üçün namaz qılıram və O, mənə camaatdan daha yaxındır. Necə Allah-Təala
insana şah damarından da yaxın olduğunu buyurur”.
İmam Sadiq (ə)
çox sevindi və onu qucaqlayaraq buyurdu: "Atam-anam sənə fəda olsun, ey ilahi
sirlər qəlbinə əmanət olmuş şəxs! Mənim istədiyim kimi cavab verdin və məni
xoşhal etdin”.
Naşükür şagird
İmamın (ə) cavabını eşitdikdə utanaraq başını aşağı saldı və sürətlə oranı tərk
etdi ("Nurus-səqəleyn” təfsiri 5/108).