Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Oktyabr » 5 » KIM MƏSCID TIKMƏYƏ VƏ YA TƏMIR ETMƏYƏ LƏYAQƏTLIDIR?
KIM MƏSCID TIKMƏYƏ VƏ YA TƏMIR ETMƏYƏ LƏYAQƏTLIDIR?
22:16

                              

                    Bağışlayan və mehriban Allahın adı ilə

                         ƏN GÖZƏL ƏMƏLƏ ÇAĞIRIŞ
 Məscidlərdə Allahın adının zikr olunmasının qarşısını alıb məscidlərin viran edilməsinə çalışanlardan zalım kim ola bilər?! Onların məscidlərə daxil olmağa haqları yoxdur, yalnız qorxu və vəhşət halında daxil olarlar. Onların dünyada qazandıqları rüsvayçılıq və axirətdəki nəsibi dəhşətli əzab olacaq! (Bəğərə, 114)

    Allah-təala insanı xəlq etdikdən sonra ona səadət və fəlakət yollarını peyğəmbərləri vasitəsilə çatdırdı. İnsanı kamilliyə çatdıracaq hər bir əməlin yolunu və onun müqabilində verəcəyi mükafatı bəyan etdi. Allah bəndəsindən həmin əməlləri yalnız onun rizasını qazanmaq niyyəti ilə əncam verməsini tövsiyə etdi. Əməlin riyakarlıqla əncam verildiyi halda puç və əcrsiz qalacağını elan etdi. Əksinə etdiyi riyaya görə savab əvəzinə əzab alacağını vədə verdi. Həmin bəyənilmiş əməllərdən biri də məscid tikməkdir. Allah-təala Qurani-kərimdə məscidlərin tikintisini, təmirini və yenidən qurma işlərinin yalnız ilahi insanlara məxsus olduğunu vurğulayır. Bu ləyaqət ilahi bir mərhəmətdir. Allah-təala məscidlərin həqiqi sahibi olduğu üçün bu müqəddəs əməli layiqli insanlara həvalə edib. Allah-təalanın əmrinə əsasən məscid tikiləndə və təmir olunanda bu nöqtələrə diqqət olunsa məscid davamlı və bərəkətli olacaq. Çünki riyakar insanların məqsədləri Allahın rəhmətini qazanmaq deyil əksinə camaat arasında özlərinə yer açmaqdır. Bu məqsədlə tikilmiş məscidlərdə qılınan namaz ilahi dərgahda qəbul olunmaz. Allah-təala Qurani-kərimdə belə məscidlərdə namaz qılmağı qadağan edib.Allahın rəhmət nəzəri olan məscidlərin şərtləri:
1. Allaha həqiqi iman gətirmiş ola. İmanı olmayan kəs məscid tikərsə məqsədi Allahın bəndələrinə minnət qoyub özünü göstərmək olar. Allahın bəndələrinə xidmət yox, özünü onlara sevdirib ürəklərində özünə yer açmaq üçün məscid tikər. O minnətin nəticəsində möminlər məsciddən uzaqlaşacaqlar. “Müsəlmanlara zərər vurmaq, küfrü yaymaq, möminlər arasında təfriqə yaratmaq, ilk gündən Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kəslər üçün pusqu mərkəzi yaratmaq məqsədi ilə məscid inşa edənlər and içirlər: “Bizim yaxşılıqdan başqa bir istəyimiz yoxdur” Allah şahiddir ki, onlar yalan deyirlər! Ey Peyğəmbər! Orada heç vaxt ibadətə durma! İlk gündən təqva üzərində qurulmuş məsciddə ibadət etmək daha münasibdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pakları sevər!” (Tövbə, 107-108)
2. Qiyamətin gününə imanı ola. Qiyamətə imanı olmayan insan etdiyi əməllərinə görə hesab verməyəcəyinə əmin olduğu üçün Allah bəndələrini narahat etməkdən həya etməyəcək. Əslində onlar insanlara zülm edər, amma həmin zülmü ört-basdır etmək üçün məscid tikməyə başlayar. Bununla da ətrafdakıların fikirlərini azdırmağa çalışacaq. Müşriklər kafir olduqlarına etiraf etdikləri halda Allahın məscidlərini tə’mir etməyə haqları yoxdur. Onların əməlləri həbt olunar (puç və dəyərsiz). Onlar Cəhənnəm odunda əbədi qalacaqlar. Həqiqətən Allahın məscidlərini Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və yalnız Allahdan qorxanlar tə’mir edə bilərlər. Onların hidayət əhli olmalarına ümid var!”(Tövbə. ayə 17-18)
3. Məscid tikən özü namaz əhli olsun. Görəsən namaz qılmayan şəxsin məscid tikməkdə məqsədi nədir? Allaha həqiqi bəndə olduğunu göstərmək istəyir? Əsla, yalandır. Məscid ibadət məkanıdır, Allaha ibadət etməyən adamın bu mərkəzə ehtiyacı yoxdur. Tikmək istədiyi məscid yalnız camaatın yanında özünü göstərmək və onların qəlblərinə yol tapıb məhəbbətlərini qazanmaqdan başqa bir şey deyil. 
4. Zəkat verən olsun. Əgər məscidin tikilməsində haram mənbədən istifadə olunsa, məscid bərəkətsiz olacaq. Allahın bəndələrinə vacib etdiyi əməllərdən biri zəkatdır. Birinci növbədə İslam dinin davamlı və stabil surətdə inkişaf etməsinə təkan verən vacibatı yerinə yetirilməlidir. Əgər məscid tikən şəxs bu vacibatı yerinə yetirmirsə, görəsən onu məscid tikməyə təhrik edən amil nədir? Məcid tikmək vacibi əməl deyil və kimsə bunu etməsə Qiyamətdə Allah-təala ondan məscid tikmədiyini sual etməyəcək. Amma vacibi əməli tərk etdiyinə görə onu cəhənnəm oduna yuvarladacaq. Elə isə Allahın vacib etdiyi əməli tərk edib məscid tikməyə və çoxlu vəsait xərcləməyə onu nə vadar edir? Yalnız özünü camaata reklam edib təriflənməkdən həzz almaq. Tərif eşidib camaat arasında barmaqla göstərilməyə can atmaq.....!
5. Allahdan başqa heç kimdən qorxmamalı hər bir halda muvəhhid olmalıdır: Çünki mulhid nə Allahdan və nə də başqalarından qorxmur. Mulhid ilahi rəhmət haqqında düşünmədiyi üçün həyatın müvəqqəti ləzzətinə uyub. Allah göstərməsin əgər belə insanlar məscid də tiksələr bu məscid möminlər üçün iftixar yox zillət olacaq. Belə məscidlərə namaz qılmaq üçün gələn möminlər ruhi rahatlıq tapmaq əvəzinə minnət altına düşməkdən əzab çəkəcəklər. Bu məscid Allaha görə tikilmədiyi üçün ora gələn möminlərin nə ibadətlərində və nə də ömürlərində bərəkət olmaz. Allah-təala ayədə “illa” (yalnız) kəlməsi ilə məscidlərin tikintisini və təmirini beş mübarək sifətə malik insanlara layiq olduğunu elan edir. Deməli bu əlamətlərə malik olmayan insanların tikdikləri məscidlər Allahın istədiyi məscidlər sırasına daxil deyil və o məscidlər heç vaxt davamlı olmayacaq. Allah-təala buyurur: “Ey Peyğəmbər! Onların tikdiyi məsciddə heç vaxt namaz qılma. Təqva üzərində qurulmuş məsciddə namaz qılmağa daha layiqdir. Orada paklığı sevən insanlar vardır. Allah pak möminləri sevər!”(Tövbə 107)
Özünü camaata sevdirmək üçün tikilən məscidin əsla ehtiramı yoxdur. Çünki bu məscid Allaha ibadət üçün yox onu tikəni tərifləyib cammaat arasında hörmətli şəxs kimi tanıtdırmağa xidmət edəcək. “Ey müşriklər! Siz hacılara su verməyi və Məscidülhəramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında bərabər deyillər. Allah zalım qovmu haqq yoluna hidayət etməz!”(Tövbə ayə 19) İnsanın kamilliyinin əsasını onun nəfsani sifəti təşkil edir. Kiminsə cəmiyyətdə tutduğu mövqeyi və maddi imkanının yuxarı olması onun şərafətli olmasına dəlalət etmir. Dünyada çox sərkərdələr və rəhbərlər olublar ki, öləndən sonra insanlar onları yalnız lənətlə yad edirlər. Bəzən həyatda olduğu halda onların adlarını belə dillərinə gətirməyi layiq bilmirlər. Televizorda onların surətini görəndə nifrətlə süzürlər. Allah bəndələrinin sevgi və dualarını qazanmaq üçün onlara xidmət etməyin nəticəsində Allah da onun məhəbbətini bəndələrinin qəlbinə salar. Bu yerdə Hacı Zeynulabidin Tağıyev, Nabatxanım Aşurbəyova və Əjdər bəy kimi insanları misal çəkmək olar. Bizim heç birimiz bu gözəl insanları görməmişik. Amma Azərbaycanda elə bir insan tapılmaz ki, bu insanların adlarını rəğbətlə çəkib ardınca dəfələrlə “Allah rəhmət etsin” deyə onılara dua etməsin. Allah-təala dini peyğəmbərlər vasitəsilə insanlara təlim edib byəndiyi ən gözəl əməlləri yalnız həqiqi möminlərdən tələb edir. Əsas məqsəd bu pak və kamil insanları meydana çıxarmaqdır. Məscid yalnız ibadət və movizə mərkəzi deyil həm də çətin anlarda islam məmləkətinin namusunu qorumaq üçün qeyrətli oğullar yetişdirən dayaq nöqtəsidir.
Yer üzündə fəsadın qarşısını almaq üçün əvvəlcə saleh və qeyrətli insanları buna hazırlamaq lazımdır. Digər tərəfdən məlumdur ki, gecə klublarında və barlarda günlərini keçirənlərdən heç vaxt saleh və qeyrətli insanlar əmələ gəlməz. Deməli məscidi tikən əslində bu əməli ilə vətəni üçün qeyrətli oğullar yetişdirən mərkəzin təməlini qoyur.
“Əgər Allah insanların bir qismini digər qisminin vasitəsilə dəf etməsəydi, onda rahiblərin ibadətxanaları, yəhudilərin xanəgahları və hamıdan çox Allahın adı zikr olunan məscidlər viran olunacaqdı. Allah ona kömək(Allahın dininin təbliğinə yardım) edənlərə kömək edəcək. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!”(Həcc ayə 40) Hər iki ayədə Allahın göndərdiyi ilahi həyat məktəbi insanın fəsadlardan uzaqlaşdırılıb formalaşmasına kömək göstərənlərə Allah-təala tərəfindən ən böyük mükafat olan rəhmət vədəsi verilir. Bu da onu göstərir ki, yer üzündə fəsadın qarşısını almaq üçün bir qurup möminlərin fədakarlığı lazımdır. Çünki bu fədakarlıq olmasa yer üzünü fəsad bürüyəcək. Hazırda insanları azdırmaq üçün “avropaya inteqrasiya” və “avropa mədəniyyəti” kimi və`dlər çox insanları əsir edib. Bir gün də deyəcəklər “avropa standartlarına uyğun analar” yetişdirmək lazımdır. Məlum məsələdir ki, avropa standartlarına uyğun olan analardan Babək və Cavidan kimiləri dunyaya gəlməyəcək. Nə qədər ki, bəşəriyyətə insaniyyət yolunu öyrədən mərkəzlər fəaliyyət göstərir, deməli orada qeyrətli insanlar da yetişə bilər. Mədəniyyət soyunub hər şeyi camaatın qabağına qoymaq deyil. Çünki insanları formalaşmağa dəvət edən mərkəzlər məhv olunsa, onda insanların həyatı heyvanların yaşayış tərzi ilə yeksan olacaq. İnsanın yaşayış tərzi heyvanların həyat tərzinə çevriləndə onda dünyanı böyük zoopark kimi təsəvvür etmək olar. Həmin zooparkda sair heyvanlar kimi insanlar da dolanır və heç bir məhdudiyyət hiss etmədən hara istəsə atıla bilər. “Ey mö’minlər! Bütün qüvvənizi düşmənlərə qarşı səfərbər edin. Allahın və sizin düşməninizə qarşı vuruşub onların qəlblərinə qorxu salmaq üçün mübarizəyə döyüş atlarınızı hazırlayın. Həmçinin bunlardan başqa tanımadığınız, lakin Allahın bildiyi düşmənlərə qarşı mübarizəyə hazır olun. İslam dinini gücləndirmək üçün Allah yolunda sərf etdiyiniz bitün şeylər sizə qaytarılacaq. Sizə heç vaxt zülm olunmayacaq”.(Ənfal. 60) 
İlahi risalət çətin və xətərli olduğundan bu əməl yalnız şücaətli və pak insanlara həvalə olunur. O cümlədən müsəlman ümmətinin namusunu qoruyub ümmətə xidmət edən mərkəzlərin tikilməsi və təmirini də Allah-təala belə qeyrətli insanların öhdəsinə qoymuşdur. “O Peyğəmbərlər ki, Allahın onlara verdiyi risaləti təbliğ edərlər, onlar Allahdan qorxar və Ondan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir” (Əhzab ayə 39)
 Ayədən məlum olur ki, Allahın dinini təbliğ etmək və hətta məscid tikmək işi yalnız şücaətli insanların əlindən gələr. Məscidin xadimləri həmçinin məscidin ruhanisi gərək cəsur olsun. Deməli kafirlər, muşriklər, munafiqlər və hətta imanı zəif olanların məscid tikməyə və təmir etməyə haqları yoxdur. Çünki belə insanlar lazım olan zamanlarda səhnədən fərar edəcəklər. Düşmənlərn göstərişlərini ilahi hökmdən üstün tutub kiminsə xoşuna gəlmək üçün islamın şüarı olan azanın deyilməsini qadağan etməkdən həya etməzlər. 
“Məgər o şəxsləri görmədin ki, onlara "Müharibədən əl çəkin, namaz qılıb zəkat verin!" deyiləndə narahat oldular? Amma cihad vacib olduqda onların içərilərindən bir qismi Allahdan qorxduqları kimi və ya daha artıq dərəcədə insanlardan qorxuya düşdülər. Onlar dedilər: "Ey Rəbbimiz! Niyə cihad etməyi bizə vacib etdin? Heç olmasa bizə yaxın zamana qədər möhlət verəydin. Onlara de: "Dünya malının faydası azdır, amma axirət təqvalı insanlar üçün daha xeyirlidir. Sizə (təqvalı insanlara) zərrə qədər zülm belə olunmayacaq!" (Nisa 77) 
Çünki Allah adamları haqqın mudafiəsinə qalxanda heç kimdən qorxmazlar. Onlar əmməllərinin muqabilində heç kimsədən təşəkkür və tərif ummazlar. İlahi insanlar yalnız Allahın rizasını qazanmaq üçün əməl edərlər. 
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönüb mürtəd olsa, Allah elə bir tayfanı bu dinə gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö’minlərin muqabilində təvazökar, kafirlərə qarşı sərt olarlar. Allah yolunda cihad edib, onları məzəmmət edənlərin tə’nəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük mərhəmət və elm sahibidir.(Maidə ayə 54)
          Elman İbadov                                     email: kerrar@mail.ru



  [Məqalələr] | Oxunub: 1014 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 2
Qonaqlar: 2
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz