Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq
edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur,
birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını
tanımaqda ağıllar acizdir, asilər Onun heybəti qarşısında əyilmiş, çöhrələr
Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur;
beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb); Sənin əbədi və
davamlı salamın olsun peyğəmbərinə; Allahım, bu günümün başlanğıcını xeyir,
ortasını qurtuluş, sonunu kama çatmaq qərar ver; başlanğıcı qorxu, ortası taqətsizlik,
sonu ağrı olan gündən Sənə sığınıram; Allahım, öhdəmə götürdüyüm, amma yerinə
yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə
Səndən bağışlanma diləyirəm; bəndə və kənizlərindən öhdəmdə haqqı olan və
canına, şəxsiyyətinə, malına, ailə-övladına sülm-sitəm qıldığım, qeybətini
etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını
qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola ya
yaxında, sağ ola ya ölmüş - ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə
yetər; salam göndər Məhəmməd və onun əhli-beytinə, həmin şəxsləri istədiyin şəkildə
məndən razı sal, mənə mərhəmət əta et; bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər
vurmaz, ey mehribanların mehribanı; ya Rəbb, hər doşənbə günü mənə iki nemət əta
et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik, günün sonunda
bağışlanma və əfv; ey yeganə məbud; Ondan savayı günahları bağışlayacaq kəs
yox!
Çərşənbə axşamı gününün duası
Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun haqqıdır; sığınıram Allaha
öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir - yalnız Allahın rəhm
etdiyindən başqa! Sığınıram Allaha günah üstən günah artıran şeytanın şərindən;
Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin, qəzəbli düşmənin şərindən;
Allahım, məni öz firqəndən qərar ver, çünki yalnız sənin firqən doğru yoldadır;
məni övliyalarından qərar ver, çünki yalnız övliyaların üçün qorxu yoxdur,
onlar qəm-qüssə bilməzlər; Allahım, dinimi islah et, çünki din mənim işlərimi
qoruyur; axirətimi islah et, çünki daimi mənzilim, məlunlardan qaçacağım yer
oradadır; mənim üçün həyatı hər xeyirdə artım səbəbi buyur; ölümü hər bir şərdən
asudəlik qərar ver; Allahım, salam göndər peyğəmbərlərin sonuncusu, elçilər
sırasını tamamlayan Məhəmmdə, onun pak-pakizə ailəsinə və seçilmiş səhabələrinə!
Çərşənbə günü mənə üç nemət əta et: bütün günahlarımı bağışla, bütün pərişanlıqları
məndən uzaqlaşdır, bütün düşmənlərimi dəf et; adların ən üstünü olan Allah
adıyla, yer və göyün Rəbbinin adıyla, başlanğıcı Onun qəzəbi ilə olan hər
pislikdən uzaq dayanıram! Başlanğıcı Allahın razılığı olan hər xeyir işi özümə
doğru çəkirəm; Allahım, işimi öz tərəfindən bağışlanma ilə başa çatdır; ey
ehsan sahibi!
Çərşənbə
gününün duası
Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət
səbəbi qərar verən Allaha; sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın;
istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki daimidir, qırılmaz,
insanlar onu hesablaya bilməz; sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin,
ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, xəstələndirdin, şəfa verdin,
sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin;
Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vəsitəsi gücdən düşmüş, çarəsi kəsilmiş,
ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, süstlükdə əfsusu
və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur;
salam göndər peyğəmbərlərin sonuncusu Məhəmməd və onun pak-pakizə ailəsinə; Məhəmməd
salavatullahın şəfaətini mənə ruzi et; məni onunla yoldaşlıqdan mərhum etmə, Sən
ərhəmər-rahiminsən; Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir:
gücümü Sənə itaətdə, sevuncimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi
mənə ağrılı əzab olacaq şeylərdə qərar ver; həqiqətən sən istədiyinlə müdara
edirsən!
Cümə
axşamı gününün duası
Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün
nurunu gətirən Allaha məxsusdur – nemətlərinə qərq oluğum halda; Allahım, məni
bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru; salam göndər Məhəmməd və
onun ailəsinə; bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma,
günahlarıma görə məni cəzalandırma; bu günün xeyri və onda olanları, sonrakı
günlərin xeyrini mənə ruzi et; bu günün şəri və onda olanları , sonrakı günlərin
şərini məndən uzaqlaşdır; Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət
axtarıram, Quran ehtiramla Sənə etimad edirəm; Məhəmməd-Mustafa salavatullah və
onun ailəsi vasitəsilə Səndən şafaət soraqlayıram; Allahım, istəyimin yerinə
yetməsində ümid etdiyim əhdi qəbul et; ey mehribanların mehribanı; Allahım, cümə
axşamı mənim beş istəyimi qəbul et; yalnız Sənin böyüklüyünlə onlar həyata keçər;
yalnız Sənin nemətlərinlə onlara güc çatar: vasitəsilə Sənə itaət gücü
qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə
bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla,
qəmli hadisələrdən öz pənahında qoru; salam göndər Məhəmməd və onun ailəsinə; o
həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaət və faydalı
qərar ver; həqiqətən Sən mehribanların mehribanısan!
Cümə
gününün duası
Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, movcudların fənasından sonra sonu
olan Allaha məxsusdur; Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz;
Onu çağıranı naümid etməz; ümid edənin ümidini qırmaz; Allahım , mən Səni şahid
götürürəm, Sənin şahidliyin bəs edər; şahid götürürəm mələkləri, səma sakinlərini,
ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları
(bütünlüklə şahid götürürəm) ki, şəhadət verirəm: Sənsən bir Allah ki, Səndən
başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv, dəyişiklik
yoxdur; şəhadət verirəm ki, Məhəmməd salavatullah Sənin bəndən və rəsulundur; bəndələrinə
çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə lazımınca çalışdı; haqqı olana
yaxşı mükafat vəd etdi, haqqı olanı pis aqibətlə qorxutdu; Allahım, Sənsən məni
həyatda saxlayan; məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra
azdırma; mənə öz tərəfindən mərhəmət nəsib et; həqiqətən Sənsən bağışlayan;
salam göndər Məhəmməd və onun ailəsinə; məni onların ardıcılı, şiələrindən qərar
ver; onların sırasında məşhur et, qiyamət səhnəsinə gətir; məni cümədə vacib
olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin
mükafata müvəffəq et; Sənsən iqtidar və hikmət sahibi.
Şənbə
gününün duası
Sığınanların sözü və danışığı olan Allahın adı ilə; sığınıram
Allah-taalaya sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən,
zalımların düşmənçiliyindən; sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə
Ona sitayiş edirəm; Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah ki, bu
padşahlığı bir başqası verməmiş – Sənin fərmanın qarşısında ziddiyyət olmaz, səltənətində
keşməkeş baş verməz; Səndən istəyirəm salam göndərəsən bəndən və rəsulun Məhəmmədə;
nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə
razılığına çatdırsın; Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına
çatmaqda mənə kömək göstərəsən; həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən;
dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; öz
kitabın vasitəsilə köksümü genişləndirəsən; onu oxumaqla günahlarımı yuyasan, mənə
dinim və canımda sağlamlıq əta edəsən; həmdəmlərimi mənə dəhşətli etmə; qalan
ömrümdə mənə ehsanını sona çatdır, necə ki keçmişdə ehsan etmisən; ey
mehribanların mehribanı!
Bazar
gününün duası
Yalnız fəzlinə ümid etdiyim, yalnız ədalətindən qorxduğum, bir Onun dediyinə
etimad göstərdiyim, bir Onun ipinə sarıldığım Allahın adı ilə! Ey əfv və
razılıq sahibi, Sənə sığınıram (insanlar tərəfindən) sitəm və düşmənçilikdən,
dövrün keşməkeşlərindən, ard-arda düzülən qəmlərdən, gecənin acı hadisələrindən,
hazırlaşmamış və azuqə toplamamış ömrün başa çatmasından; mənim xeyirim və
islahım üçün olan göstərişi yalnız Səndən istəyirəm; kama çatmağa yaxınlıqda Səndən
yardım diləyirəm; tam sağlamlıq libası geyinmək və daimi sağlamlıq üçün Sənə
ümid edirəm; Ey Rəbbim, sığınıram Sənə şeytanların vəsvəsələrindən; Sənin səltənətin
vasitəsilə sultanların sitəmindən qorunmaq sorağıncayam; (Ey Rəbbim) namaz və orucumu
qəbul et; sabahımı və ondan sonranı bu saat və bu günümdən üstün et; məni
qohum-əqrəba arasında əziz buyur; məni oyaq olduğum və yatdığım vaxt hifz et; Sən
Allah olaraq ən yaxşı qoruyansan; Sən mehribanların mehribanısan; Allahım, bu
gün və başqa bu günlər (yekşənbələr) şirk və dinsizlikdən Sənə doğru qaçıram;
duamı xalis edirəm ki, qəbul olunsun; Sənə itaətdə davamlıyam; ən üstün
yaratdığın, haqqa doğru çağıran Məhəmmdə (s) salam göndər; məni bitib-tükənməyən
izzətinlə əziz et; yuxu bilməyən nəzərinlə qoru; xalqdan çəkindirib özünə yönəltməklə
işimi sona çatdır; ömrümü bağışlanmaqla sona yetir; Sənsən bağışlayan və
mehriban!