Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » İyun » 25 » Allahdan nə istəyək?
Allahdan nə istəyək?
16:50

DUANIN QƏBULU

    Allah-taala Qurani-kərimdə buyurub:- “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər”! (Mumin, ayə 60)
    Əlbəttə ayənin mənası bu deyil ki, ürəyimizdən hər nə keçsə və biz onu dilimizə gətirib Allahdan hacət kimi istəsək Allah həmin dəqiqə onu bizə verəcək. Bəzən bəndənin Allahdan istədiyi hacəti onun zərərinə olduğu üçün Allah onu qəbul etmir. Amma bəndə hacətinin yerinə yetməməsini gördükdə hey israr israr edir. Bəzən də Allah müəyyən səbəblərdən onun istəyini gecikdirir. Bəzən isə bəndə Allahdan bir şey istəyir Allah ondan yaxşısını ona verir. Başqa bir halda bəndənin duasını Allah qəbul edir, amma istədiyi hacətin əvəzinə bəlanı ondan dəf edir. Ən yaxşı istək odur ki, insan Allahı ona məsləhət olan şeylərdə özünə vəkil etsin ki; İlahi mən cahiləm öz xeyrimi zərərimdən ayıra bilmirəm! İlahi sən özün mənim məsləhətimi nədə görürsən onu mənim üçün əncam ver. Xoş o insanların halına ki, onlar dua etməyi bacarırlar. Yazıq o kəslərdir ki, özləri üçün dua etməyi bacarmırlar. Bu yerdə fikirləşməyə dəyər ki, İlahi mən nə qədər bədbəxtəm ki, özümə dua etməyə dilim gəlmir. Əgər insan özünə dua etməyi bacarırsa ona görə Allaha şükr etməlidir. Bu ilahi nemətdir, çünki hər kəs bu neməti əldə edə bilmir. Əgər Allah bəndəyə dua etmək qabiliyyəti veribsə deməli ondan etdiyi duanı da qəbul edəcəkdir. Əmirəlmöminin buyurub: “Allah hər kəsə dörd şey veribsə deməli onu dörd şeydən məhrum etməz”. (Nəhcul-bəlağə. hikmət 135)
1 Allah hər kəsi dua etməyə müvəffəq etsə deməli duasını qəbul etməkdən məhrum etməz.
2 Allah hər kəsi tövbə etməyə müvəffəq etsə, tövbəsini qəbul etməkdən məhrum etməz.
3 Allah hər kəsi istiğfar etməyə müvəffəq etsə onu bağışlanmaqdan bəhrəsiz etməz.
4 Allah hər kəsi şükr etməyə müvəffəq etsə onun nemətini artırmaqdan məhrum etməz.
    İmam Əli (ə) buyurur: “Ola bilməz ki, Allah şükr qapısını bəndənin üzünə açsın, digər tərəfdən nemət qapısını onun üzünə bağlasın. Ola bilməz dua qapısını üzünə açsın digər tərəfdən duanın qəbul qapısını üzüna bağlasın”. (Nəhcul-bələğa. hikmət 435) Həzrət Əli (ə)-ın kəlamlarından məlum olur ki, İlahi vədə yəqinidir və onda heç bir şübhə yoxdur. Amma əgər bəzən duamız qəbul olmursa mənası budur ki, ya duanın qəbul olma şərtlərinə əməl etməmişik ya da Allahdan istədiyimiz bizim xeyrimizə deyil yaxud da hələ vaxtı yetişməyib. Ola bilsin duanı qəbul olmasına mane ola bilən elə səbəblər vardır ki, bizim xəbərimiz yoxdur. Çünki Allah vədəsinə xilaf çıxmaz. Duananın şərtləri:-Müqəddəs islam dininin sair əməlləri kimi duanın da müəyyən şərtləri var. İnsan bu şərtlərə əməl edəndən sonra etdiyi duanın bəhrəsini görə biləcək. Biz duanın Allah dərgahında qəbul olmasına səbəb olacaq bəzi şərtlərə toxunmağı məqsədə uyğun hesab edirik. 1. “İxlas”. Munacat edən dua zamanı yalnız Allahı köməyə çağırmalıdır və Allahın duasını qəbul edəcəyinə həqiqi ümid bəsləməlidir. Səmimi qəlblə heç bir riya etmədən Allahı çağırmalı və Allahın onun istədiklərini verməyə və ya rədd etməyə qadir olduğunu bilməlidir. Əmirəlmöminin buyurur: “Allahdan hacətini istəyəndə xalis niyyətlə istə. Çünki əta və məhrum etmək onun qüdrət əlindədir” Bəzi insanlar həm Allahdan istəyirlər həm də digər yerlərə və başqa şəxslərə ümid bağlayırlar. Bəli başqa şeylər səbəb ola bilərlər, amma onların səbəb olmaları üçün yenə də Allahın izni lazımdır. İnsan dua edərkən Allaha bağlı olmalıdır ki, elə bil hər şeydən əlini üzüb yalnız Allahın rəhmətində pərvaz edir. Belə adamlar tufana düşmüş gəmidəki sərnişinlərə oxşayırlar. Onlar hər şeydən ümüdlərini kəsib yeganə nicat verəcək qüdrət sahibinin yalnız Allahın olduğunu dərk edirlər. Ona görə də Qurani-kərim bu cür duaları “muxlis dua adlandırır”. “Müşriklər gəmiyə mindikdə dəryada vəhşətli dalğaları gördükləri zaman yalnız Allahı ixlasla köməyə çağırırlar. Allah onlara nicat verib sahilə çatdırandan sonra yenə də Ona şərik qoşurlar” (Ənkəbut. ayə 65) Nemət içində, salam və amanda olan bəndə də bəlaya düçar olmuş insan kimi səmimi qəlbilə dua etməlidir. Çünki mümkündür bir zaman o da bəlaya və məşəqqətə düçar olsun. Ağıllı insan nə qədər ki, İlahi rəhmət içində üzür gərək onun qədrini bilsin. Çünki bu rəhmətin onun üçün nə vaxta qədər davam edəcəyi məlum deyil. 2. Duanın əvvəlində Allaha həmd və səna et Peyğəmbər və Ali Peyğəmbərə salavat göndər. Bəndə duasının müstəcab olması üçün duaya başlamazdan öncə yaxşı olar ki, Allaha verdiyi nemətlərinə görə şükr etsin. Yaxşılığın müqabilində təşəkkür etmək əxlaq normalarının ən başlıcası olduğu üçün nə yaxşı ki, insan bütün nemətləri ona əvəzsiz əta etmiş Allaha da təşəkkürünü ona şükr etməklə bildirsin. İmam Əli buyurur: “Hər vaxt Allahdan bir şey istəsən əvvəlcə Allahın Rəsuluna salavat göndər sonra hacətini istə. Çünki ola bilməz ki, Kərim olan Allah iki hacətdən birini qəbul etsin ikincisini rədd etsin” (Nəhcul-bəlağə. hikmət 361) Yəni Allahdan Peyğəmbərə salavat göndərməyi istəyəndən sonra hacətini istəsən heç vaxt hacətin rədd olmaz. Çünki birinci dua salavat olduğu üçün Allah salavatı Rəsuluna göndərər şübhəsiz ki, ikinci hacətini də qəbul edər. 3. Hədəfə yetişmək üçün səy etmək duanın qəbul olmasının digər bir şərtidir. İnsan dünya həyatında özünə və başqalarına zülm etməmək şərti ilə hədəflərinə çatmaq üçün var qüvvəsini səfərbər edib çalışmalıdır. Bu yolda o düşmənlərilə mübarizə etməli çətinliklərə sinə gərməli və eyni zamanda dua etməlidir. Dua edən insan çalışqanlığından və həyatdakı səylərindən əl çəkməməlidir. İlahi sünnət belə deyil ki, insan bütün işlərini dua ilə qabağa aparsın və bunun üçün səy etməsin. Xəstəliyi mualicə etmək üçün həkimə muraciət etmək kimi, hədəfə yetişmək üçün də əməl duanın dayağı olmalıdır. Burada yalnız dua etməklə kifayətlənməyib, həkimə də müraciət olunması daha məsləhətlidir. Hər bir arzu və niyyətlərə yetişmək üçün səy olunmalıdır. İmam Əli buyurur:“Əməlsiz dua kamansız və oxsuz, hədəfi nişan almağa bənzəyir” (Nəhcul-bəlağə. 337-i hikmət) Elə bu cəhətdəndir ki, “Atalar sözü” adı ilə xalq arasında belə bir məsəl yaranıb: “Səndən hərəkət Allahdan bərəkət”. İmtahan verməyə hazırlaşan tələbənin dərs oxumayıb fəqət dua etməklə qəbul olmaq istəyi mümkünsüzdür. Digər tərəfdən dərs oxumasına arxayınlaşıb hədəfinə yetişməsinə məğrur olması da həqiqətə uygun deyil. Çünki öncədən məlum olmayan çoxlu amillər vardır ki, insanın hədəfinə çatmasına mane olurlar. 4. Duanın qəbul olmasına təsir edən səbəblərdən biri “təqvadır” Allahdan qorxan və haram işlərdən pəhriz edən bəndələrin duası Allah dərgahında qəbul olundugu halda, günah edib başqalarına zülm etməkdən çəkinməyən bəndələrin dualarının Allah dərgahında qəbul olması aglasıgmazdır. İmam Əli (ə)-ın Məhəmməd ibn Əbi Bəkrə yazdığı məktubda deyilir:“Təqvalı insanların duaları Allah dərgahından rədd olmaz və onlar üçün təyin olunmuş axirət dünyasının ləzzətlərindən zərrə qədər azaldılmaz” (Nəhcul-bəlağə. məktub 27). Ömrü boyu ilahi əmrə qulaq asıb ona müti olan bəndə Allahdan bir şey istəyəndə gərək Allah da onun istəyini yerinə yetirsin. Deməli təqvalı insanların duaları həmişə müstəcab olur. İnsan müşkülə düşəndə Allah dərgahında duasının qəbul olması üçün özündə ləyaqət görməyəndə yaxşı olar duaları müstəcab olan təqvalı insanlara müraciət etsin. 5. Münasib zaman və məkanın əldən verilməsi. Müqəddəs məkanlarda və zamanlarda dualar qəbul olmaqda imtiyazlıdırlar. Cümə axşamı və cümə günü, Qədr gecəsi, məbəs axşamı, Ərəfatda, Məşərul-həramda, İmam Hüseyn (ə)-n hərəmində və Kəbə evində olunan duaların xüsusi təsiri vardır. İmam Əli (ə)-ın yaxın əshabından olan Novf Bəkali nəql edir: Bir gecə Əli (ə)-ı dua edən halda gördüm. Əli (ə) qaranlıq gecədə mübarək üzünü ulduzlara tərəf tutub Pərvərdigarı ilə münacata məşğul olaraq deyirdi: “Bu elə bir zamandır ki, əgər belə bir saatda bəndə Pərvərdigara dua etsə hacəti qəbul olunar” (Nəhcul-bəlağə. hikmət 104). Əlbəttə başqalarna zülm və sitəm edənlər istisna olunurlar. Çünki zülm və sitəm duanın qəbul olmasına mane olan əsas amildir. 6. Duanın davamlı edilməsi. Allaha möhtac olduğunu dərk edən həqiqi iman sahibi hər bir halda (qəmli və qüssəli, şad və rahat, kasıb və varlı, sağlam və xəstə) Allahı yaddan çıxarmamalıdır. Daim İlahi dərgaha bağlanıb möhtac olduğunu izhar etməlidir. Allahdan daha artıq dərəcədə rəhmət və kərəm diləmək bəndəliyin şərtidir. Əmirəlmöminin Əli (ə)-ın bu gözəl kəlamına diqqət edin:“O kəslərdən olmayın ki, onlara bəla yetişəndə iztirabla əllərini qaldırıb dua edərlər, amma rifah halında olanda məğrur olub Allahdan üz döndərərlər!” (Nəhcul-bəlağə. hikmət 150) 7. Duanın qəbul olmasına səbəb olan amillərdən biri də bəndənin Allaha mərifətidir. Bəndə İlahi dərgahdan hacətini istəməsindən öncə yaxşı olar ki, Allaha həmd və səna etsin. Çünki bu bəndənin Allahın qüdrətinə və əzəmətinə olan mərifətinin nişanəsidir. Allah-taala da neməti bəndəsinin ona olan mərifətinə və niyyətinə əsasən verir. Əhli beytdən bizə çatmiş dualarda da belə göstərilib. Görürük ki, onlar Allahdan hacətlərini müqəddiməsiz və girişsiz istəməyiblər. Allahı Onun ən gözəl adlarına, qüdrətinə, rəhmətinə və..., and verəndən sonra hacətlərini zikr ediblər. İmam Əli (ə)-ın Malik Əştərə yazdığı əhdnamədə deyilir:“Mən Allahdan geniş olan rəhməti, hər bir şeyi əta etməyə qadir olan əzəmətli qüdrəti xatirinə istəyirəm ki, Məni və Səni Onun razılığı olan işləri həyata keçirməyə müvəffəq etsin!” (Nəhcul-bəlağə. 53-cü məktub) Belə duaya başlamaq, hacətləri ciddi şəkildə Allahdan istəməyə və duanın qəbul olmasına dair insanın qəlbində inam yaradır. 8. Təvazökarlıq, zəlillik və etdiyin günahlardan peşimanlıq hissi keçirmək duanın qəbul olmasında böyük rol oynayır. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda bu nöqtələrə riayət etməyə təkid edir: “Allahın bəndələrinə sitəm və zülm etməkdən uzaq ol! Çünki Allah özü onların müdafiəçisidir. Dünyada heç bir əməl sitəm qədər Allahın nemətlərinin bəndədən üz döndərib İlahi əzabı tezləşdirə bilməz. Çünki Allah-taala məzlumların dua və nifrinlərini çox tez bir zamanda eşidib onları müdafiə edir” (Nəhcul-bəlağə. 53-cü məktub) Bəzən ixlasla bir dəfə deyilən “Ya Rəbbim”, ürəkdən qalxan bir ah, peşimançılıqla tökülən bir damla göz yaşı, riyasız bir təvəssül və ....., bizi Allaha birləşdirib duanın qəbul olmasına səbəb olar. Gərək əvvəlcə duanın ədəb qaydalarını öyrənək sonra da dua edib onun qəbul olmasının intizarında olaq. Yüz qəlblə yox bir qəlblə və ixlasla dua edib Allahı çağıraq. 
                 DUANIN QƏBUL OLMASINA MANE OLAN AMILLƏR
Bəzən dualar müstəcəb olmur və ya gec müstəcəb olur. Bütün bunların sirləri bizə məlum deyil. İlahi məsləhətin və hikmətin burada həll edici amil olduğunu bilirik, amma bizim də əməllərimizin təsirsiz olmadığına inanmalıyıq. Bəndənin bəzi günahları duanın qəbul olmasına manedir necə ki, Əmirəlmöminin buyurur:“İlahi dualarımın həbs olmasına səbəb olan günahlarımı bağışla”. Bəzən dualar müstəcəb olur, amma gec. Bəzən maneə duanın özündə, bəzən də dua edən şəxsdə, yaşadığı ictimaiyyətdə, ailədə və yediyi qidada olur ki, hədəfə yetişməyə imkan vermir. Dua edən şəxs onun hansı günahının Allahla rabitəsini qırmasını fikirləşməlidir. Bəzən qəlbin qaralığı, haram yeməklər və ləyaqətsiz dostlar bizimlə İlahi dərgah arasında olan əlaqələrimizi korlayıb hacətlərimizin müstəcab olmasına mane olurlar. İmam Əli (ə) yəqinən dua qəbul olmalıdır və İlahi vədədə heç vaxt xilaf ola bilməz meyarını əsas tutaraq, müstəcab olmasının təxir səbəblərini bu cür bəyan edir:“Duanın gec müstəcab olması səni naümid etməsin. Çünki verilən bəxşişlər niyyətin dərəcəsindən asılıdır. Ola bilsin təxirin səbəbi istədiyindən daha yüksək bir mükafatın öndə sənə əta olunacağına görədir. Ola bilsin sən bir şey istəyirsən amma onun əvəzində ondan yaxşı bir mükafat ya dünyada ya da axirətdə sənə veriləcək. Ya əslən sənə o hacətinin verilməməsi daha xeyirlidir. Sənin istədiyin çox şeylər vardır ki, əgər onlar sənə verilsə imanını zay edəcək” (Nəhcul-bəlağə. 31-ci məktub) Bəndəsinin xeyrini və şərrini onun özündən yaxşı bilən Allah bəzən onu əzizlədiyindən dualarının qəbulunu təxirə salır ki, əziz bəndəsi daha şövqilə İlahi rəhməti tələb etsin. Hacətin qəbul olmasının gecikməsi bəndənin İlahi dərgahda ehtiramsız olmadığına dəlalət etmədiyi kimi hər istəyin müstəcab olması Allah yanında əziz olmağa dəlalət etmir. Əsas budur ki, bəndə bəndəçilik şərtlərinə əməl etsin. Hacətinin qəbul olub-olmamasından asılı olmayaraq məbudun rəhmət dərgahından üz döndərilməməlidir. Vəzifəmiz dua etməkdir. İnsana valideynlərindən də mehriban olan Allah özü bilir ki, hansı istəyimiz bizim xoşbəxtliyimizin mayası ola bilər. Bəzən insan Allahdan bir hacət istəyir, amma ona verilmir. Bir müddət keçəndən sonra başa düşür ki, istədiyi şey həqiqətən onun xeyrinə deyilmiş və yaxşı ki, duası qəbul olmayıb. Həzrət Əli (ə) “Əmr be məruf və nəhy əz münkəri” tərk etməyi duanın qəbul olmamasının səbəblərindən biri kimi qiymətləndirir. O, şəhid olduğu zaman İmam Həsən (ə)-a vəsiyyətində buyurur: “Əmr be məruf və nəhy əz münkəri tərk etməyin. Çünki onun nəticəsində ümmətin ən zalimi sizə hakim olacaq. Sonra dua edəcəksiniz, amma dualarınız qəbul olmaz” (Nəhcul-bəlağə. 47-ci məktub) Allah ilə insan arasında qırılmış rabitəni bərpa etmək üçün bəndə öncə tövbə edib saleh əməllər edəcəyi haqda əhd etdikdən sonra ilahi rəhmətdən bəhrələnməyə ümid edə bilər. 

                         ALLAHDAN NƏ ISTƏYƏK?
Hər kəs Allaha olan mərifətinə münasib hacət istəyir. Hacətlərin bəziləri kiçik, fərdi və maddidir, bəziləri isə böyük və ictimaidir. Əgər biz öz dərrakəmizə uyğun olaraq dua etməyə başlasaq yalnız fərdi və kiçik istəklərimizi Allah dərgahından istəyəcəyik. Amma ilahi övliyaların məktəblərinə müraciət etsək onda bizim düşüncələrimiz müsbət mənada dəyişilərək istəklərimiz aliləşəcək və Məsum imamlardan rəvayət olunan dualar rəbbimizə olan mərifətimizi uca bir məqama çatdırmaqla Allahdan necə hacət istəməyimizə yol açacaq. Bu dualar təfəkkür dairəmizi genişləndirib ən dəyərli istəkləri Allahdan necə tələb etməyin yollarını bizə göstərir. İmam Əli (ə) oğlu İmam Həsən (ə)-a tövsiyəsində buyurur:“Allahdan elə bir şey istə ki, onun sənin üçün olan faydası əbədi qalsın və onun zərəri səndən uzaq olsun. Elə isə əgər Allahdan istəsən nə o sənin üçün əbədi qalacaq və nə də sən onun üçün qalacaqsan” (Nəhcul-bəlağə. 31-ci məktub) Yəni Allahdan var dövlətdən yuxarı səviyyədə olan hacətlər istə. Çünki sənin vücudun ölümdən sonra da həyatına davam edir. Allahdan elə şeylər istə ki, ölümdən sonrakı həyatın üçün də faydası olsun. Elə bir şey istəmə ki, yalnız bu dünyada səninlə müvəqqəti olsun və ölümündən sonra isə səndən ayrılıb başqası ilə qalsın. Çünki ölüm insanı haqlayanda bəzən milyonlarla sərvəti olan adam hazırdır ki, bütün var dövlətini versin təki bir damla suyu içə bilsin. Belə adamlar yığdığı mal dövlətindən həsrətlə ayrılarkən həmin srəvətlər ona kömək edə bilmir. “Ey imanın təsirindən yəqinə yetişmiş nəfs! Sən ondan və O, da səndən razı olduğu üçün Rəbbinin hüzuruna gəl! Sənə mükafat olaraq Mənim bəndələrimin zümrəsinə daxil ol! Və mənim cənnətimə daxil ol!”. (Fəcr. ayə 27-30) Məhz belə bəndələr ölümü İlahi sevinc və şad halda qəbul edirlər. Çünki onlar bilirlər ki, dünyada istədikləri ən böyük hacətləri (Allahın razılığını qazanmaq) qəbul olunub. Gözəl istək olan can sağlığını və var-dövləti gərək insan Allaha bəndədəlik yolunda sərf etsin. Bütün bu istəkləri təmin etmək yalnız Allahın qüdrət əlindədir. Ondan başqa heç kim bizə uzun ömür, çoxlu mal-dövlət verib bizi bəladan hifz etməyə qadir deyil. İmam Əli İmam Həsənə yazdığı məktubda Allahdan çoxlu xeyirlər istəməyi təkid edir. Yəni dua edin ki, dünyada nə qədər xeyrli işlər varsa Allah onu sizə nəsib etsin və bütün xeyirli işləri ondan istəməyi sizin fikrinizə gətirsin. Bütün istəklər maddi olmadığı kimi bütün xeyirli işlər də bu dünya ilə xülasələşmir. Həzrət Əlinin etdiyi duaların birində buyurulur:“Allahdan istəyirik bizi elə bəndələrdən qərar versin ki, heç bir nemət onların dikbaş və tuğyankar olmağa səbəb olmayıb. Heç bir nemət onları əsil hədəflərindən və Aallaha ibadət etməkdən yayındırmayb. Onlar öləndən sonra heç vaxt peşiman olub qəmə batmayıblar” (Nəhcul-bəlağə. xütbə 64) Bəzi insanların tutumu az olduğundan maddi rifah halları yaxşılaşan kimi hər şeyi yaddan çıxarıb məst olurlar. Dünyanın müvəqqəti olan ləzzətləri onu qəflətə aparır və nəticədə tüğyan edir. Həmin kəslərin əllərinə axirətdə peşimançılıqdan başqa bir şey keçməyəcək. Ağıllı insan Allahdan təkcə maddi vəziyyətinin yaxşılaşmasını və can sağlığı istəməklə kifayətlənməməlidir. İlk öncə Allahdan dini və etiqadi vəziyyətinin yaxşılaşmasını istəməlidir ki, bu hər şeydən daha mühümdür. Allahdan nə istəyək? Birinci növbədə Allah dərgahından yaxşı hacətlər istəməyi bacaran dil istəyək. Allah-taala bizə dua etməyi bacaran elə bir dil versin ki, həmin dil ən gözəl fikirləri Allah dəgahına çatdıra bilsin. Əmirəlmöminin duasında buyurur:“İlahi dilim qəlbimdəki istəkləri Sənin dərgahına çatdırmaqda acizdir və qəlbimin istəklərindən xəbərsizəm. Məni məsləhətin olan işlərə tərəf hidayət et. Qəlbimi, məni kamala yetirəcək şeylərə tərəf yönəlt” (Nəhcul-bəlağə. xütbə 227) “Allahdan şəhidlərin dərəcələrinə nail olmaq, səadət əhli ilə həm söhbət olmağı və Axirətdə peyğəmbərlərlə birlikdə olmağı bizə nəsib et” (Nəhcul-bəlağə. xütbə 23) Məlumdur ki, şəhidlər cənnət əhlidirlər. Səadət əhli də İlahi qanunlara riayət edərək ömür sürürlər. İlahi peyğəmbərlərlə rəfiq olmaq saleh əməllərin və bəndəliyin nəticəsində insana nəsib olur. Bu dua ilə İmam Əli (ə)-ın ən layiqli həyat proqramını bizə nişan verir. Aqil insan həmin həyat tərzini seçib əbədi rəhmətə və səadətə yetişmək üçün o yolda səy edəcək. Şəqi və bədbəxt insan müvəqqəti dünya ləzzətinə uyuyub əyyaşlıqla ömrünü başa vurandan sonra əbədi əzaba vasil olacaq. Elə bu səbəbdən kimin nəyə layiq olduğunu bilmək üçün onun seçdiyi yola diqqət etmək kifayət edər. Hər bir insan aqibətinin nə ilə bitəcəyini yaxşı bilir. Bəzi insanlar aqibətinin nə ilə nəticələnəcəyini bildiyi halda özündən həmin fikri uzaqlaşdırmağa çalışır. Bəzən görürsən başqasından öz aqibəti haqqında soruşur. İstəyir qarşı tərəf onun aqibətinin xeyirli olacağı haqda ona təskinlik versin. Bununla da özündən eşitdiyi cəhənnəm əzabının səhnələrini uzaqlaşdırmaq istəyir. Əsil həqiqitdə özü hansı aqibətə layiq olduğunu yaxşı bilir, lakin həmin fikri özündən uzaqlaşdırmağa çalışdığı üçün bunu edir.
                 ZÜLMƏT DÜNYADA NUR SAÇANLAR
Həmişə dünyada insanları İlahi dərgaha yetirəcək yolu tanıyan zikr əhli olub. Onlar həmişə Allahı sevib ona pərəstiş ediblər. Onlar Allahın yer üzündəki höccəti olublar. İmam Əli (ə) “(Allaha təsbih deyənlər) O kəslərdir ki, ticarət, alış-veriş Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən onları yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günündən) qorxarlar” (Nur. ayə 37) ayəsini tilavət edəndə ayədə vəsf olunmuş insanların “Zikr əhli” olduğunu söyləmişdir. Onlar o kəslərdirlər ki, Allah-taala “Özünün zirkrini” onların qəlblərinin nuru və eşidən qəlbləri qərar verib. Peyğəmbərlər və məsum imamlar olmayan zamanlarda Allah onların pak qəlblərində onlarla nəcva (xəlvətdə danışıq) edib qəlblərini haqqa tərəf hidayət edər. “Onlar zülmətləri işıqlandırıb, sərgərdan və şübhələr yaranan anlarda hidayət çıraqlardırlar. Ticarət və alver onları Allahdan qafil etməz. Camaatı Allahın haram etdiklərindən xəbərdar edərlər. Ədalətli olmağa çağırıb münkər işlərdən çəkindirəcəklər. Onların gözləri varlığın həqiqətlərinə və Qiyamətin səhnələrinə tərəf dikilib açıqdır. Allahı imdada çağırıb dua etməklə İlahi rəhmətə ümid edərlər. Həmişə Allahın rəhmətinə və ehsanına möhtac olduqlarını dərk edirlər. ..” (Nəhcul-bəlağə. xütbə 222) Həzrət Əli (ə)-ın zikr əhlini vəsf edən kəlamlarından sonra yaxşı olar ki, biz özümüzü xütbədə göstərilən vəsflərlə müqayisə edək. Bəzən biz dünyada məqama və ya mal-dövlətə sahib olarkən tez bir zamanda keçmişimizi unudub başımızı dik tutmağa başlayırıq. Güman edirik ki, əldə etdiyimiz sərvətlər zirəkliyimizin nəticəsidir. Amma bunu bilmək lazımdır ki, o imkanları bizim üçün yaradan və bizi yüksək bir məqama çatdıran Allah o cür də günlərin birində bizi həmin məqamdan ayırmağa qadirdir. Allaha həqiqi iman gətirən bəndə daim Allaha görə etdiyi əməllərini Allahın ona verdiyi nemətlərin müqabilində az bilməlidir. Allaha görə etdiyi əməlini daim camaatın gözünün önündə dağ boyda cilvələndirməməlidir. Allaha bu cür ibadət etməkdənsə yaxşı olar ki, əslən etməyəsən. Çünki riyadan ötrü etdiyi əməl onun üçün eyni cəhənnəm odudur. Necə ki, bəziləri camaatın gözündə özünə yer qazanıb camaatın onun haqqında xoş sözlər deməsi üçün həccə gedir və bir iki nəfəri də guya həccə göndərir. Onlar bilməlidirlər ki, bu işləri ilə fəqət əzablarının dərəcələrini bir az da şiddətləndirirlər. Rəsulullahın özü və ona həqiqi iman gətirmiş əshabın əməlləri bizə örnəkdir. Əmirəlmöminin Əli (ə) buyurur: “Sizin heç birinizi Rəsulullahın əshabını gördüyüm kimi görmürəm. Onlar gündüzlər pərişan, gecələr isə növbə ilə sübhə qədər səcdə və ibadətdə olurdular. Alınlarını torpağın üstünə qoyub Qiyamətin gününü yad etməkdən elə narahat olurdular elə bil qızardılmış dəmirin üstündə durublar. Allahın adı gələndə o qədər ağlayırdılar göz yaşlarından ətəkləri islanırdı...... ” (Nəhcul-bəlağə. xütbə 98)
                        ƏN GÖZƏL MUNACATLAR
 Nəhcul-bəlağəni vərəqləyəndə görürük ki, İmam Əlinin (ə) ən gözəl kəlamları ilə necə dua etməyi bizə miras qoyubdur. Əbəs deyil ki, ustadımız həmişə deyərdi əgər məsum imamların sirlərini dərk etmək istəyirsiniz onlardan bizə çatan dualarını oxuyun və həmin kəlamların üstündə təfəkkür edin. Onda başa düşərsiniz ki, adi bəşər Allah-taala ilə bu cür danışa bilməz. Bu sözlər həqiqətən də ilahi övliyalara məxsusdur.
N Ü M U N Ə: 1. SƏFƏR DUASI.
“İlahi bu səfərimdə rastlaşacağım çətinliklərdən və qüssə içində qayıtmamaqdan sənə pənah aparıram! Sənə Pənah aparıram ondan ki, qayıdanda əyalıma, uşaqlarıma və malıma zərər yetişdiyini görəm! İlahi Sən səfərdə mənimlə həmdəm, ailəmin üzərində canişinimsən. Səndən başqa heç kəs bu iki vəzifəni birgə yerinə yetirə bilməz” (Nəhcul-bəlağə. xütbə 46)
2. İMAM ƏLININ HƏMIŞƏ OXUDUĞU DUA
“İlahi sənə pənah aparıram o gündən ki, Sənin möhtac olmayan hakimiyyətin altında başqalarına möhtac olum! Sənin hidayət yolundan azım. Sənin pənahın altında mənə sitəm oluna! Hər şey sənin əlində olduğu halda mən xar olum. İlahi canımı birinci ən qiymətli nemət kimi qərar ver ki, əlimdən alacaqsan! Canımı mənə verdiyin nemətlər arasından geri aldığın birinci əmanət kimi yanında qərar ver! İlahi sənə pənah aparıram ki, sözlərindən üz döndərmiş olum ya dinindən azmış olum, ya nəfsani həvəslər məni Sənin tərəfindən verilmiş hidayət yolundan azdırıb özünə cəzb etsin!” (Nəhcul-bəlağə. xütbə 215)
3. YAĞIŞIN YAĞMASI ÜÇÜN MUNACAT
“İlahi! Biz dördayaqlı heyvanların nalələrini, qarnı ac və susuz tifillərin ürək dağlayan iniltilərini eşidəndən sonra evlərimizdən çıxıb sənə tərəf üz tutmuşuq. İlahi Sənin rəhmətinə və nemətlərinə ümid bəsləmişik. Sənin əzabından və intiqamından qorxuruq. İlahi rəhmət yağışını bizə yağdır, və bizi naümid etmə! İlahi bizi quraqlığa düçar etmə, ağılsızlarımızın və axmaqlarımızın əməllərinə görə bizi cəzalandırma. 
İlahi! sənə tərəf gəlmişik Səndən gizli olmayan seylərdən Sənə şikayət edirik. Çətinliklər bizi əldən salıb. Quraqlıq və qıtlıq bizi bura çəkib,....və bəlalar dalbadal bizə nazil olub. Səndən istəyirik bizi məhrum və naümid etməyəsən, günahlarımızı üzümüzə çəkməyəsən! İlahi bərəkətini və rəhmət yağışını bizə yağdır! Bizə öz ruzilərindən əta et!....” (Nəhcul-bəlağə. xütbə143)
5 MÖHTAC VƏ FƏQIRLIKDƏN AMANDA QALMAQ ÜÇÜN DUA
 “İlahi! Məni imkanlı etməklə abrımı hifz et, məni möhtac və fəqir etməklə nəzərlərdən salma! Elə olmasın ki, sənin bəndələrindən ruzi istəyim, pis niyətli bəndələrindən atifə və məhəbbət diləyim! Elə bir adama möhtac olmayım ki, mənə ruzi verdiyi üçün onu tərifləyim, vermədiyinə görə onu lənətləyim!” (Nəhcul-bəlağə. xütbə 225)
6. IKIÜZLÜLÜKDƏN VƏ RIYAKARLIQDAN UZAQ OLMAQ ÜÇÜN DUA
 “İlahi! camaatın gözündə zahirimin gözəl görünüb, amma daxildə Sənin xəbərdar olduğun pisliklərimi gizlətməkdən sənə pənah aparıram! İlahi! zahirimi camaata görə riyakarlıqla hifz edib bəzəməkdən sənə pənah aparıram! Sənin bəndələrinə yaxınlaşmaq üçün Sənə qarşı ləyaqətsiz hərəkət edib razılğından uzaqlaşmaqdan pənah aparıram!” (Nəhcul-bəlağə. xütbə 276) 
 İmam Əlinin bu kəlamına diqqət edəndə həyatda bəzi yaltaq və riyakarların iyrənc simaları gözünün önündə canlanır. Bəzilərinin vəzifəsinə, bəzilərinin başqasından aldığı yağlı tikənin əlindən çıxmamasına, bəzilərinin də onu tərifləməyə xatir Allahın bəndələrinin qabağında göstərdikləri riyanı və yaltaqlığını görəndə İmamın kəlamının əzəmətini dərk edirsən. Unutmaq olmaz ki, riya və yaltaqlıqla əldə olunan çörək uşaqlara yedirdiləndə həmin uşaqlar xalqımıza, millətimizə qeyrətli övlad ola bilməyəcəklər. 



   Hacı Elman İbadov                                        email:kerrar@mail.ru    

  [Məqalələr] | Oxunub: 1603 | Müəllif: Pünhan |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyun 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz