Bu mövzuda söhbət Əmirulmöminin Əli (ə)-n bəşər əqlini mat etmiş bir kəlamı ilə başlamaq daha münasibdir. "İbadətin əvvəli Allaha mə`rifətdən başlanır. Allaha mə`rifətin əsli tovhiddir. Tovhidin əsli bütün sifətləri Allahdan dəf etməkdir. Çünki əql şəhadət verir ki, hər sifət və movsuf məxluqdur. Hər məxluq sübut edir ki, onun aləmdə xaliqi var. O xaliq nə sifətdir və nə də movsuf." (Biharul-ənvar, 54/43) Alimlər Allah-təalanın sifətləri haqqında bəhs edərkən həmin sifətləri müxtəlif surətlərə təqsim etmişlər. 1.Cəmal və Cəlal sifətləri. 2. Zati və fe`li sifətlər. 3. Xəbəri və qeyri xəbəri sifətlər. Müsəlmanlar arasında Allahın xəbər sifətlərini dərk edib və bu elmi mətləbi həzm etməkdə zəlalətə düşmüş bir dəstənin halını və təfəkkür səviyyəsini nəzərə alaraq məqaləmizi yalnız bu yönümdə tədvin etməyi məqsədə uyğun bildik. Xəbər sifətləri dedikdə Qurani-kərimdə və Rəsulullahın (s) hədislərində “üz” (vəch), “əl” (yəd), “göz” (eyn), və məxsusən əhli sünnət raviləri tərəfindən nəql olunmuş “Qiyamətdə Allahı görmək”, “Allahın Cəhənnəmə ayaq qoyması”, “Allahın gecənin sonunda Ərşdən birinci göyə enməsi” kimi məsələlərdir. Adi insan əqli bu sifətləri dərk etməkdə aciz oluğu üçün onların izahını İlahi eilmdən bəhrələnmiş insanların öhdəsinə qoymaq lazımdır. Amma bəziləri bu məqamda öz naqis dərklərinə uyğun izahatlar verməyə çalışıblar ki, nəticədə şirkə qatılıblar. Həticədə bu sifətlərin təfsirində bir neçə dəstəyə bölünüblər. 1. Hədis əhlindən bir dəstə bu əqidəyə qaildirlər ki, hədislərin mənasına nüfuz etmədən onları zahiri və luğəti mənaya həml etmək lazımdır. Yəni hədisdə deyildiyi kimi Allahın əli, ayağı, üzü və gözü var. Allah da sair maddi varlıqlar kimi hərəkət edir. Əslində bu dəstəni haqq olaraq “Mucəssimə” (Allahın cism olmasına qail olanlar) adlandırmaq daha düzgün olardı. Bu dəstəni müsəlmanların zümrəsindən ayırmaq lazımdır. Baxmayaraq onların sayı əhli hədis arasında az deyil. Onlar əslində ya bilərəkdən və ya bilməyərəkdən yəhudi əhbar və nəsara rahiblərinin etiqadlarını musəlmanlar arasında rəvac verməyə çalışıblar. 2. Hədis əhlindən olan ikinci dəstə iddia edirlər ki, bu sifətləri zahiri mənalarına həml etmək lazımdır və onları izah etmək olmaz. Bu dəstə “təcsim” və “təşbih” damğasından canlarını qurtarmaq üçün deyirlər: “Allahın əli var, amma bu sifətin keyfiyyəti bizə məlum deyil”. Onlar “Ta Ha” surəsinin beşinci ayəsi haqqında deyirlər: Doğrudan da Allah Ərşin üstündə durub və ya oturub. Amma Allahın Ərşin üstündə durmağının və oturmağının keyfiyyəti bizə məlum deyil. Əslində bu əqidənin bünövrəsini Əhməd ibn Hənbəl qoydu. O, əbbasilər xəlifəsindən olan Mutəvəkkilin xilafəti zamanı onun himayədarlığı altında etiqadi məsələlərdə düşündüklərini tam şəkildə qəbul etdirə bildi. Digər tərəfdən əhli sünnət alimlərinin maddi dolanışığı hökümət tərəfində idarə olunduğu üçün onların əksəriyyəti etiqadlarından əl çəkməli oldular. Nəticədə əhli hədisin əksər firqələri tədricən əriyib tarixin səhifələri arasında itdi. Bu əqidələrə misal olaraq "murəcciə","nasibi","qədəriyə","cəhmiyə" və s...... göstərmək olar. Əhməd ibn Hənbəl etiqadi məsələlərdə yarım əsr əhli sünnətə rəhbərlik etdiyindən sünnət və bidət məsələlərində onun dedikləri meyar oldu. Əhmədin əhli sünnət üçün tədvin etdiyi usuli etiqadda təcsim və təşbihə meyil özünü bariz şəkildə göstərirdi. O, birinci olaraq müsəlmanlar arasında Quranın məxluq olmadığı haqda əqidənı sübut etməyə çalışdı. Hənbəli məzhənbinin banisi Əhməd ibn Hənbəl yazdığı risaləsində əhli sünnətin əqidəsini bəyan edərkən iddia edir ki; “Rəhman Allahın ərşi suyun üstündə qurulub və Allah da ərşin üstündə oturub və oradan aşağıdakıları müşahidə edib idarə edir” (əl-Sunnə, əl-Sunnə, səh 54) Heç şübhə yoxdur ki, Quran və əql ilə muxalif olan bu etiqadlar sabit qalmayacaqdı. Çünki təcsim və təşbih əhbar (yəhudi ruhanilərin) və nəsara rahiblərinə məxsus idi. Elə bu səbəbdən mutəfəkkirlər arasında islami əqidələri yəhudilərdən əxz olunmuş etiqadlardan təmizləmək hərəkatı başlandı. Cənab Əhməd onunla həm fikir olmayanları hətta kafir adlandırmaqdan belə çəkinmədi. Çünki əhli sünnətin bir qolu olan cəhmiyyə bu əqidəni qəbul etmədikləri üçün Əhməd ibn Hənbəlin onlar haqqında verdiyi fətvaya baxın: 10 حدثني أحمد بن سعيد أبو جعفر الدارمي قال سمعت أبي قول سمعت خارجة يقول الجهمية كفار بلغوا نساءهم انهن طوالق وانهن لا يحللن لازواجهن لاتعودوا مرضاهم ولا تشهدوا جنائزهم ثم تلا طه ما أنزلنا عليك القرآن لتشقى ( الى قوله عزوجل ) الرحمن على العرش استوى وهل يكون الاستواء الا بجلوس “Cəhmiyyə firqəsi kafirdir, onların arvadlarına deyin ki, onlar təlaq verilmiş qadınlar kimi azaddırlar. (yəni başqalarına ərə getməkdə ixtiyar sahibidirlər) Onlar ərlərinə halal deyillər. Onların xəstələrinə baş çəkməyin, cənazə namazlarında iştirak etməyin.....Ərşin üstündə qərar tutmaq yalnız onun üstündə oturmaqla vucuda gəlir” Bu kəşməkeşlər əsnasında Əbul Həsən Əş`əri hicrətin 305-ci ilində Bəsrədə minbərə çıxıb özünün "mötəzilə" əqidəsindən tövbə edib "hənbəliyyə" əqidəsinə döndüyünü elan etdi. Yəqinən 40 il elmdə məntiq, əql və burhan ilə qabağa gedən insan Əhmədin etiqadlarını heç vaxt tam şəkildə qəbul edə bilməzdi. O Əhmədlə həm əqidə olduğunu bildirəndə ilk kitabını ("əl-İbanə fil-usul") yazdı. Amma onun sonrakı kitablarında əhli hədisin əqidələrini isbat etməkdə əqli dəlillərdən istifadə etdiyini görəndə məlum olur ki O, "əl-İbanə fil-usul" kitabını əhli hədis arasında etimad qazanmaq üçün yazıb. Bununla o əhli hədisi "təcsim, təşbih və Allahın cəhətdə olması" haqqında olan əqidələrində mötədillik yaratmaqla əqli dəlillərə əsaslanan mutəfəkkirləri də onlardan razı salsın. Əbul Həsənin sə`yi sağlığında o qədər də fayda vermədi. Amma hicrətin 5-ci əsrində kəlam elmində tanınmış böyük şəxsiyətlər onun etiqadlarına meyl edib məktəbini diriltdilər. Əbu Bəkr Baqlani (403 vəfat), İbn Furək (406 vəfat) və Əbu Bəkr Beyhəqi (457 vəfat) insanları Əhmədin yaratdığı etiqaddan döndərib Əbul Həsənin məktəbinə qaytarmaqda böyük rol oynadılar. Beləliklə də Əhmədin imamət ulduzu qürub edib Əbul Həsənin ulduzu parıldadı. (Xutətu Muqrizi, 2/58) Əşəri hədis əhlinin əqidəsinə meyl edəndən sonra əqidəsini bəyan edən bir risalə yazdı. O, risaləsində Allahın xəbər sifərləri haqqında belə yazır: 28 وأن له سبحانه وجها بلا كيف كما قال ) ويبقى وجه ربك ذو الجلال والإكرام Allah sübhanənin üzü vardır, lakin onun keyfiyyəti məlum deyil necə ki, Allah-təala əl-Rəhman surəsinin 27-ci ayəsində buyurub: “Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin üzü baqidir”. 29 وأن له سبحانه يدين بلا كيف كما قال سبحانه ) خلقت بيدي Allah sübhanənin iki əli var, lakin o əllərin keyfiyyəti məlum deyil necə ki, Allah-təala “Sad” surəsində buyurub: “Ey İblis! İki əlimlə yaratdığıma səcdə etməkdə sənə nə mane oldu?.....” (Sad, 75) 30 وأن له سبحانه عينين بلا كيف كما قال سبحانه ) تجري بأعيننا Allah sübhanənin iki gözü var, lakin o gözlərin keyfiyyəti məlum deyil necə ki, Allah-təala “Qəmər surəsində buyurub: “Huhun gəmisi bizim gözlərimizin önündə üzürdü...” (Qəmər, 14) 33 ونثبت لله السمع والبصر ولا ننفى ذلك كما نفته المعتزلة والجهمية والخوارج Biz əhli sünnət Allah üçün qulaq, göz olduğunu isbat edirik. Biz mötəzilə, cəhmiyyə və xəvaric kimi bunları inkar etmirik (əl-İbanə, Əbul Həsən Əşəri 1/22) 126 قال الله تبارك وتعالى ) كل شيء هالك إلا وجهه ( من الآية 88 28 وقال تعالى ) ويبقى وجه ربك ذو الجلال والإكرام ( 27 55 فأخبر أن له سبحانه وجها لايفنى ولا يلحقه الهلاك فأخبر تعالى أن له وجها وعينا ولا تكيف ولا تحد Əbul Həsən Əşəri bu ayələr vasitəsilə Allahıın sifət xəbərlərini zahiri mənalarına həml etdikdən sonra deyir: Bütün bunlar sübut edir ki, Allah məxluqundan ayrıdır. Allah Ərşin üstündə qərar tutub, amma keyfiyyəti bizə məlum deyil. (əl-İbanə, səh 109) Əlbəttə Allahın xəbər sifətlərini bu cür izah etmək yalnız Əbul Həsən Əşəriyə məxsus deyil. Hətta Əbu Hənifə və Şafei kimi şəxsiyətlər də bu əqidəyə meyl ediblər. Onlar iddia ediblər ki, Qurani-kərimdə Allahın əli ayağı və ya surəti haqda xəbər verən ayələri həmin luğəti mənalarına həml etmək lazımdır, amma "keyfiyyəti məlum deyil" qeydi ilə. İbn Kəsir "sonra Ərşin üstündə qərar tutdu" ayəsini təfsir edərkən iddia edib; Malik, Ovzai, Suri, Leys ibn Sə`d, Əhməd və İshaq ibn Rahəvəyh bu əqüidədə olublar. İndiyə qədər Allahın sifət xəbərləri haqqında iki nəzəriyyəni (cismiyyət və təşbih) nəzərdən keçirdik. Digər nəzəriyyələr haqqında söz açmazdan öncə Əbul Həsən Əşərinin nəziyyəsini təhlil edək: Əbul Həsən Əşəri hər iki dəstəni (Quran ayələrinin zahiri mənalarına istinad edənləri və Allahı təşbih və təcsimdən uzaq olduğunu qəbul edənləri) özündən razı salmaq üçün bu əqidəni ortaya atıb: "Allah-təala Quranda göstərdiyi xəbər sifətlərinə eyni luğəti mənada malikdir. Amma bu sifətlərin heç bir keyfiyyəti yoxdur" Əşərinin bu nəzəriyyəsini oxuyan onun nə demək istədiyini başa düşməyəcək. Muəllif: Güman etmək olar ki, Əbul Həsən özü də istəməyib kimsə onun dediyindən bir şey başa düşsün. İslami əqidə haqqında bəhs edərkən gərək icmali şəkildə danışmaqdan pəhriz olunsun. Çünki icmal və mubhəm danışan ya özü öz dediyini dərk etmədiyindən o cür danışmağa məcbur olub yaxud istəmir ki, qarşı tərəf onun əqidəsindən xəbərdar olsun. Deməli Əşəri əslində ya təşbih və təsimə qail olub yaxud icmali danışmaqla əqidəsini dərk etməyib. Hər iki surət İslami əqidəyə ziddir. İzahat: Əl, ayaq, göz, surət və s... kimi kəlimələr luğəti mənalarında hər bir dili icad edən tərəfindən həmin keyfiyyəti nəzərə almaqla kəliməni o mənaya və həmin keyfiyyətə ad edib. Daha aydın desək dili icad edən insanda və heyvanda muəyyən bir orqanın muxtəlif xususuyyətlərini ilə nəzərə alandan sonra "əl" kəliməsini ona ad edib. Bu keyfiyyət həmin luğəti mənanın zuhurudur. Bundan sonra həmin kəlimə istemal olunduğu zaman həmin məna nəzərdə tutulsa "istemal həqiqi" adlanar. Əgər kəlimə həmin mənada istemal olunmasa "istemal məcazi" adlanar. Bu izahatdan sonra Əşəri və onunla həm məslək olanlardan soruşuruq: Bu kəlimələr (Əl, ayaq, göz, surət və s... kimi kəlimələr) Allah haqqında istemal olunanda "Allahın əli, Allah gözü, Allahın üzü ..." siz eyni ilə "Zeydin əli", "Zeydin üzü" kimi mənaları başa düşürsünüz? Əgər desəniz bəli onda bu təcsim və təşbih olacaq və nəticəsi şirkdir. Çünki kəlimə luğəti mənasına həml olunduğu zaman keyfiyyəti nəzərdə tutmaqla səhih olur. Çünki "əl" yalnız həmin keyfiyyəti nəzərdə tutmaqla luğəti mənada istemal oluna bilər. Əgər ikinci mənaya qail olsanız (yəni "Allah-təala Quranda göstərdiyi xəbər sifətlərinə eyni luğəti mənada malikdir. Amma bu sifətlərin heç bir keyfiyyəti yoxdur") onda bu kəlimələr mənasız söz toplusuna çevrilər. Nəticədə İlahi məarif muəmma və mubhəm söz yığımından başqa bir şey olmayacaq. Allah-təala Qurani-kərimdə insanları elmi əsaslara təkyə edən möhkəm əqldən istifadə edib təfəkkür etməyə çağırır: Onlar Quran haqqında təfəkkür etmirlər? Əgər Quran Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilafın olduğunu görərdilər. (Nisa, ayə 82) Quran bərəkətli bir kitabdır ki, Sənə nazil etdik Onun ayələrində düşünüb təfəkkür etsinlər və ağıl sahibləri ibrət alsınlar! (Sad, ayə 29) Quranda "istəva ələl-ərş" yeddi dəfə təkrar olub. Hədis əhli və əşairə iddia edirlər ki, "istiva" bir növ oturuşa deyilir. Amma bu oturuşun keyfiyyəti bizə məlum deyil. Həmin camaata üz tutub deyirik indiyə qədər biz oturmağın muxtəlif surətlərini görmüşük. Əgər siz iddia edirsiniz ki, Allahın ərşin üstündəki oturuşu bunların heç biri deyil deməli əslində siz oturuşu inkar edirsiniz. Çünki heç bir surət və keyfiyyət olmadan oturmaq məfhumunu fərz etmək puç düşüncələrə dalmaqdır ki, nəticəsi isə ömrü bada verməklə başa vurmaqdır. Ey əhli sünnət əgər "istiva" kəliməsini Ərşə hakim olma mənasında fərz etsəniz bütün müşküllərdən canınızı qurtaracaqsınız. Nəticədə təşbih və təcsim əqidəsindən xilas olarsınız. Çünki təşbih və təcsim şirkdir. Əhli sünnətin şirk əüqidələrinin təzahürünü görmək üçün kitablarında nəql etdikləri ibarətlərə diqqət edin: 1) Darəmi yazır: "Allah daim ərşinin üstündə oturub və məxluqundan ayrıdır. Ondan heç bir şey pünhan deyil. Allahı elmi hər şeyi əhatə edib. Allahın gözü məxluqun daxilinə nufuz edib. Onun kimi bir şey yoxdur....(əl-Rədd əla cəhmiyyə, səh 42) 2) Muqəddəsi yazır: Heç bir hədisdə nəql olunmayıb ki, Rəsulullah (s) camaatı Quranın zahiri mənasına etiqad etməkdən çəkindirsin; Quranın zahiri mənasından belə məlum olur ki, Allah kainatın üstündə qərar tutub, Onun iki əli və.... var. Bu ayələrin zahiri mənalarından başqa bir məna nəql olunmayıb. Peyğəmbərin yanına alim və cahil, bədəvi ərəb və şəhər əhli gəlirdi. Bu ayələri eşidirdilər və Rəsulullah (s) onları ayənin zahirindən ayıracaq başqa bir mənaya yönəltmirdi. Bir dəfə Rəsulullah (s) kənizdən soruşdu, Allah haradadır? Kəniz dedi: Asimanda. Həzrət ona heç nə demədi əksinə buyurdu ki, möninə xanımdır onu azad edin. (Əqavilussiqat, səh 85) 3) Qirtəbi yazır: "Bizdən qabaqkı alimlər Allahın cəhət və səmtdə olmasını inkar etməyiblər əksinə Onun muəyyən cəhət və səmtdə olduğunu isbat ediblər. Həmçinin Allahın kitabı və peyğəmbərlər bu haqda xəbər veriblər. Heç vaxt görünməyib ki, sələfdən bir kəs Allahın ərşin ütündə həqiqi mənada oturmasını inkar etsin. Amma yeganə müşkül budur ki, həmin oturuşun keyfiyyəti onlar üçün məchul olub. Çünki həmin oturuşun həqiqətini heç kim bilmir...." (Təfsir Qirtəbi 7/195) Əbul Həsən Əşəri də həmin əqidəni yenidən həyata qaytaranlardan olub ki, nəticədə təcsim əqidəsində ilişib qalıb. Çünki ayələrin zahiri mənasını yalnız keyfiyyətə qail olmaqla hifz etmək olar. Keyfiyyət inkar edilsə deməli danışan alim qeyri müəyyən bir şey haqqında danışmağa çalışır ki, özü də nə danışdığını başa düşməyib. Nəql etdiyimiz bu 3 misal əhli hədisin tanınmış alimlərinin kitablarından nümünə idi və güman edirəm ki, təhqiqatçı üçün bu qədər kifayət etsin. Əhli hədisin üçüncü bir dəstəsinin əqidəsi budur ki, bu ayələri oxuyub, amma mənalarını Allahın ixtiyarına buraxmaq lazımdır. Çünki biz bu ayələrin həqiqətini dərk etməyə qadir deyilik. Hədis elminin istilahında bu dəstə “təfviz əhli” adı ilə məşhurdur. Indiyə qədər nəql etdiyimiz bu üç nəzəriyyə əhli hədisin əqidəsinin əsasını təşkil edir. Amma imamiyyə şiələrinin və əhli sünnətin bir qolu olan mötəzilənin Allahın xəbər sifətləri haqqında əqidələri onların tam əksinədir. Onlar əslən Allahın xəbər sifətləri haqqında tə`tili qəbul etmirlər və eyni zamanda Əşairə və hənbəli məzhəbinin təcsim (cismiyyət) əqidələrini də qətiyyətlə rədd edirlər.